Ukrayna istehsalı olan "Sapsan" operativ-taktiki raket kompleksi ("Qrom-2") 500 km məsafəyə 500 kq çəkidə döyüş başlığı daşıya bilir..."
Yeni uzaqmənzilli ballistik raketlər Ukrayna cəbhəsində strateji balansı dəyişə biləcəkmi?..
Ukrayna Moskvaya zərbə endirmək və şəxsən Putin üçün təhlükə yaratmaq iqtidarında olan öz ballistik raketini əldə etməyə maksimal olaraq yaxınlaşıb.
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph"' nəşri yazıb.
Məlumatda deyilir ki, Ukrayna qüvvələri "Qrom-2" güclü ballistik raketini yerləşdirməyə hazırlaşır.
Ukraynanın NATO-da nümayəndə heyətinin rəhbəri Yeqor Çernov bu silahın, demək olar ki, tam hazır olduğunu təsdiq edib. "İnanın ki, tezliklə konkret nəticələr olacaq və bunu təkcə Ukrayna deyil, Rusiya da görəcək", - o, deyib.
Ukraynanın "Qrom-2" raketi haqqında bəlli olanlar
"Qrom-2" bərk yanacaqlı, birpilləli, 500 km məsafəyə 500 kq çəkidə döyüş başlığı daşıya bilən raketdir. Bu raket öz imkanlarına görə indiyədək Ukraynada olan 1970-ci illərdə istehsal edilmiş "Toçka" raketindən üstündür.
"Qrom-2" raketinin işlənib hazırlanması on ildən artıq davam edib, lakin 2022-ci ildə münaqişənin genişlənməsindən sonra layihə üstünlük qazanıb.
Rusiyanın Dneprdə sənaye obyektlərinə hücumları fonunda Ukrayna mütəxəssisləri "Qrom-2" raketinin ilk nüsxələrini hazırlayıb, avqust ayında isə onların uğurlu sınaqdan keçirldiyini elan edib.
Ukrayna ordusu yüksək dəqiqli döyüş sursatları tədarük edən, lakin onların Rusiya ərazisinə zərbələr üçün istifadə edilməsini qadağan edən ABŞ, Böyük Britaniya və Fransa kimi müttəfiqlərinin icazəsi olmadan Rusiyanın dərinliklərinə zərbələr endirmək imkanı əldə edəcək.
Bu qadağalar səbəbindən Ukrayna adətən Rusiyanın atəşlərinə əsasən dronlarla daha az sayda döyüş sursatları ilə cavab verir.
"Qrom-2" raketi sayəsində uzaq məsafələrə zərbələr endirmək üçün məhdudiyyətlər faktiki olaraq aradan qalxır. Yeganə maneə
yeni raketlərin istehsal sürəti qalır.
Gözlənilir ki, "Qrom-2" raketlərindən istifadə edilməsinə başlaması ilə Ukrayna qüvvələri Rusiya daxilindəki obyektlərə daha fəal şəkildə hücum etmək imkanı qazana bilər. Hərçənd, bu, çətin ki, cəbhədəki vəziyyətə dərhal təsir etsin, burada Ukrayna üçün əsas problem hazırlıqlı əsgərlərin yetərli olmamasıdır.
Uzaq məsafələrə zərbələr müharibədə balansı dəyişəcəkmi?
Rusiyanın böyük resurslara, o cümlədən çoxsaylı canlı qüvvəyə malik olduğunu nəzərə alaraq Kreml hər ay 30 minədək yeni əsgərlər səfərbər etməklə daima öz ordu sıralarını doldurmaqda davam edir.
Amma Ukrayna parlamenti yalnız bu yaxlnlarda səfərbərlik haqqında qanun qəbul edə bilib, lakin onun imkanları hələ də məhduddur, çünki Ukrayna daha az əhalisi olan demokratik ölkədir.
Sayca üstünlüyə malik olan Rusiya qoşunları tədricən cəbhə xətti boyunca irəliləyir. Vəziyyəti mürəkkəbləşdirən Şimali Koreyadan daxil olan köməkdir.
Eyni zamanda Rusiyanın daxilindəki hədəflərə endirilən zərbələr Rusiyanın iqtisadi imkanlarını sarsıtsa da, bunun müharibədə strateji balansı dəyişməsi az ehtimal edilir.
Ukraynanın raket istehsalı
Tammiqyaslı müharibə başlanandan Ukrayna Müdafiə Qüvvələri Ukrayna istehsalı olan "Neptun" P-360 raketindən uğurla istifadə edir.
Avqustun 26-da prezident Vladimir Zelenski yeni silahın- "Palyanitsa" dron-raketinin döyüşdə ilk dəfə uğurla tətbiq edilməsindən danışıb.
Ukraynanın ən yeni "Palyanitsa" raketinin sıfırdan işlənib hazırlanması və istehsalı 18 ay çəkib.
Avqustun 27-də mətbuat konfransında Zelenski bəyan edib ki, 2022-ci ildə tammiqyaslı müharibə başlanandan ilk dəfə olaraq Ukrayna ordusu öz ballistik raketini sınaqdan keçirib.
"Defence Express" nəşrinin fikrincə, söhbət, ehtimal ki, "Qrom-2" kimi tanınan "Sapsan" operativ-taktiki raket kompleksindən gedir.