“Heç bir dövlət Ukraynaya ordu göndərməyəcək, çünki heç kimdə Şimali Koreyanın atdığı bu addımı təkrarlamaq cəsarəti yoxdur. Bu, həmçinin, heç bir dövlətin marağına uyğun deyil”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Ekspert qeyd edib ki, Qərbin Ukraynaya ordu göndərəcəyi ilə bağlı deyilənlər cəfəngiyaytdır və heç vaxt reallaşmayacaq:
“Qərb Ukraynaya hərbi yardım göstərir. Onu silah-sursatla, raket sistemləri ilə təmin edir. Doğrudur, bəzən göstərilən yardımın həcmi Ukraynanı qane etmir. Lakin bu da bir həqiqətdir ki, Qərbin yardımları olmasaydı, Ukrayna Rusiya qarşısında davam gətirə bilməzdi. Ancaq söhbət Ukraynaya hansısa dövlətin canlı qüvvəsinin göndərilməsindən gedirsə, bu, heç vaxt baş verməyəcək. Çünki bu, heç bir dövlətə lazım deyil.
Bugünə qədər olduğu kimi, bundan sonra da Ukrayna xalqı mübarizəni təkbaşına davam etdirəcək. Düzdür, Şimali Koreyanın proseslərə müdaxiləsindən sonra bu, ikiqat çətin olacaq. Ancaq Ukrayna xalqının başqa yolu yoxdur”.
Seymur ƏLİYEV