Bizi sosial şəbəkələrdən izləyin:
"İsrail və "Hizbullah" arasında diplomatik sövdələşmə Yaxın Şərqdə müharibə eskalasiyasını xeyli azalda bilər..."
Livanda müharibəyə son qoyacaq və İsrailin şimal sakinlərinin öz evlərinə dönməsinə imkan verəcək sazişin əldə edilməsinə dəstək verilməsi üçün ABŞ prezidenti Co Baydenin iki baş müşaviri Amos Xoxşteyn və Brett Makqerk İsrailə yollanır.
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın "Axios" portalı məlumat verib. Məlumatı "Yeni Şafak" qəzeti yayıb.
Amerika və İsrailin rəsmi şəxsləri məlumat verib ki, İsrail ilə "Hizbullah" arasında müharibəyə son qoyacaq saziş bir neçə həftə ərzində əldə edilə bilər. Mümkün razılaşmalar atəşkəsin elan edilməsi və bunun ardınca 60 günlük keçid dövrünü nəzərdə tutur.
Məlumatda deyilir ki, iki aylıq müddət BMT Təhlükəsizlik Şurasının 2006-cı ildə Livanın cənubuna dövlət nəzarətindən kənarda silahın düşməməsi məqsədilə qəbul etdiyi, amma icra edilmədiyi 1701 saylı qətnaməsinin tam və ya xeyli dərəcədə gerçəkləşməsi üçün istifadə ediləcək.
Məlumatda deyilir ki, əgər baş müşavirlər İsrail ilə "Hizbullah" arasında diplomatik sövdələşməyə nail olsalar, bu, Yaxın Şərqdə regional müharibə eskalasiyasını xeyli azaldacaq.
Xoxşteyn və Makqrek İsrailin belə sövdələşmənin əldə edilməsinə hazır olduğunu bəyan etdikdən sonra Yaxın Şərqə səfərə yollanıb.
Ötən həftə Xoxşteyn Beyrutu ziyarət edib və Livanın rəsmi şəxslərindən Qəzzada müharibədən asılı olmayaraq atəşkəsin mümkünlüyünə müsbət cavab alıb.
İki həftə öncə İsrail Livanda müharibəyə son qoyulması ilə bağlı problemin diplomatik həlli üçün öz şərtləri əks etdirən sənədi ABŞ-a təqdim edib.
Gözlənilir ki, Xoxşteyn onlara hər iki tərəfin mövqeyini dinlədikdən sonra atəşkəslə bağlı rəsmi təklifi təqdim edəcək.