Bugünlərdə fransız kəşfiyyatçılarının üzərində Fransa bayrağı yer alan avtomobillərlə Ermənistanın Azərbaycanla sərhəd ərazilərinə gəlməyini əks etdirən videolar yayılmaqdadır.
Moderator.az açıqlamasında məlum fakta münasibət bildirən politoloq Azər Qasımov, bunu ölkəmizə qarşı növbəti təxribat kimi dəyərləndirib:
“Qeyd edilən fakt Ermənistan adlı dövlətin nə qədər oyuncaq dövlət olduğunun isbatıdır. Azərbaycan və Fransa arasında Ermənistan səbəbindən gərginliyin olduğunu bildiyi halda sülh müqaviləsi imzalanması üçün guya canfəşanlıq edən Ermənistanın bu hərəkəti edən Fransaya göz yumması onun niyyətinin yalan və vaxt qazanmaq olduğunu göstərir. Bu, eyni zamanda, Fransanın da Ermənistanın təhlükəsizliyini heçə saydığının bariz nümunəsidir.
Qarşı tərəflər yaxşı bilir ki, Azərbaycan belə təxribatları cavabsız qoymayacaq. Buna baxmayaraq belə təxribatlara əl atmaq sülhdən yayınmaq üçün təhrikedici şərait yaratmaq məqsədi daşıyır.
Fransanın sülh danışıqlarının müsbət nəticələnəcəyinə qorxuları görünən odur ki, artır. Məsələ ondadır ki, Fransa Azərbaycanın Ermənistanı məcbur da olsa sülhə cəlb edəcəyindən qorxur. Ermənistan da yaxşı bilir ki, Azərbaycanla oyun oynamağın sonu onun üçün yaxşı bitməyəcək. Ermənistan Fransa daxil onu dəstəkləyən bütün dövlət və lobbilərinə baxmayaraq, Azərbaycana heç nə edə bilməyəcəyini bilir. Onlarla Azərbaycan arasında qalıb məhv olmaqdan qorxur. Amma Fransa daxil onların sözündən çıxa da bilmir. Qeyd edilən fakt da onu göstərir ki, Fransa ilk növbədə Azərbaycana təzyiq etmək bahasına Ermənistandan istifadə edir.
Belə təxribatlar təbii ki, Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Bu, ancaq Ermənistanın zəifliyini göstərir. Azərbaycan isə güclü dövlət kimi zəif Ermənistanla yox, güclü Fransa ilə qarşı-qarşıya gəlməyi daha məqbul hesab edir. Əgər onlar belə istəyirlərsə, belə də olacaq. Azərbaycan üçün Fransa ilə Ermənistanın ərazisində güc mübarizəsinə girmək işinə gəlir. Əgər Ermənistan yenə də başının əzilməsini istəyirsə, onda Fransanın onun oyuncaq dövlətində istədiyini etməsinə icazə versin. Amma sonda beynəlxalq aləmdən yalvararaq kömək dilənəndə günahı özündə axtarsın”.
Seymur ƏLİYEV