Ər-arvad münasibətlərinin hüquqi tənzimlənməsi Azərbaycan hüquq sisteminin qarşısında duran ən mürəkkəb məsələlərindən biridir. Bəzi hallarda boşanma prosesi zamanı əmlak bölgüsü ilə bağlı məsələlər haqqında məlumatsızlıq tərəflərdən birinin hüquqlarının pozulması ilə nəticələnir.
Moderator.az vəkil İlhamə Həsənovanın təqdimatında "Vəkil məsləhəti" rubrikasını təqdim edir:
Azərbaycanda boşanma iki formada həyata keçirilir: məhkəmə qaydasında və ya qeydiyyat orqanları vasitəsilə (əgər tərəflər razılığa gəlirsə və yetkinlik yaşına çatmamış uşaqları yoxdursa).
Məhkəmə Qaydasında Boşanma:
- Yetkinlik yaşına çatmamış uşaqların olması və ya tərəflərin razılığa gəlməməsi halında boşanma məhkəmədə həyata keçirilir.
- Boşanma ərizəsi bir tərəfdən verildikdə, məhkəmə, adətən, 3 aylıq barışıq müddəti təyin edir. Bu müddətdə tərəflərin barışması üçün imkan yaradılır.
- Məhkəmə uşaqların kimlə qalacağını, alimentin miqdarını və əmlakın bölgüsünü müzakirə edir.
Qeydiyyat Orqanları Vasitəsilə Boşanma:
- Əgər tərəflər arasında razılıq varsa və uşaq yoxdursa, boşanma qeydiyyat orqanlarında sadə və sürətli qaydada həyata keçirilə bilər.
Əmlakın Bölgüsü
Əmlakın bölgüsü əsasən nikah dövründə birgə vəsait hesabına əldə olunan əmlakın bölüşdürülməsi ilə bağlıdır.
Birgə əmlak:
- Nikah dövründə və tərəflərun birgə vəsaiti hesabına əldə olunan əmlak birgə əmlak sayılır və tərəflər arasında bölünür.
- Tərəflər arasında razılıq olmadıqda əmlak bölgüsü məsələsi məhkəmədə həll olunur və payların bərabər bölünməsi əsas götürülür.
Əmlak bölgüsündə ər-arvad arasında əmlakın bərabər bölünməməsi üçün müəyyən halların mövcudluğu vacibdir.
Ailə Məcəlləsi bu halları tənzimləyir və məhkəmə qərarına təsir edən əsas şərtlər bunlardır:
1. Uşaqların mənafeyi
Əgər boşanma zamanı azyaşlı uşaqlar varsa və onlar bir tərəfin himayəsində qalırsa, məhkəmə uşaqların mənafeyini nəzərə alaraq əmlakın daha çox hissəsini uşaqların yaşadığı tərəfə verilə bilər.
2. Ər-arvaddan birinin əmlakın dəyərinə xüsusi töhfəsi
Əgər tərəflərdən biri əmlakın əldə edilməsində və ya onun dəyərinin artırılmasında xüsusi bir töhfə veribsə, bu da bölgünün ədalətli olması üçün nəzərə alına bilər. Məsələn, əmlakın yenidənqurulması və ya təmiri bir tərəfin səyi ilə həyata keçirilibsə, bu, həmin tərəfin payının artırılmasına səbəb ola bilər.
3. Bir tərəfin əmlakın dağıdılması və ya məsrəf edilməsində məsuliyyəti
Əgər tərəflərdən biri evliliyin gedişatında əmlakı israf edib, dəyərini azaldıb və ya qəsdən məhv edibsə,məhkəmə bu tərəfə daha kiçik pay verə bilər. Məsələn, bir tərəfin əmlakı sataraq şəxsi xərcləri üçün istifadə etməsi.
4. Nikah dövründə borclar və kreditlər
Nikah dövründə əldə edilən borclar və kreditlər də əmlak bölgüsündə nəzərə alınır. Əgər bir tərəfin borcları varsa və bu borclar birgə əldə edilmiş əmlakla bağlıdırsa, borc həmin tərəfə daha çox pay düşməsinə təsir edə bilər.
5. Ərlik və arvadlıq vəzifələrinin icra edilməməsi
Əgər tərəflərdən biri ailədə öz vəzifələrini yerinə yetirməyibsə, məsələn, ev təsərrüfatının idarə edilməsində və uşaqların qayğısında iştirak etməyibsə, məhkəmə bu faktı da nəzərə ala bilər. Bu, o tərəfin payının azalmasına səbəb ola bilər.
6. Razılaşma ilə əmlakın bölünməsi
Əgər tərəflər arasında xüsusi razılaşma varsa, bu, məhkəmə prosesindən əvvəl də bağlanıbsa, məhkəmə həmin razılaşmanı əsas götürə bilər. Tərəflər nikah müqaviləsi əsasında əmlakın əvvəlcədən müəyyən şərtlər daxilində bölünməsini də razılaşa bilərlər.
Bu hallar məhkəmənin əmlakın bölünməsi zamanı ədalətli yanaşmasını təmin etmək məqsədi daşıyır. Məhkəmə hər bir halı ayrıca dəyərləndirir və konkret vəziyyətdən asılı olaraq qərar çıxarır.
Şəxsi Əmlak:
- Nikahdan əvvəl əldə edilən və ya tərəflərdən birinə miras qalan, hədiyyə edilən əmlak şəxsi əmlak hesab edilir və bölgüyə daxil edilmir.
İlkin Məcburi Mediasiyaya Müraciət
2021-ci ildən etibarən Azərbaycanda bəzi mülki və əmək mübahisələri üzrə məhkəməyə müraciət etməzdən əvvəl ilkin məcburi mediasiya mərhələsi tətbiq olunub. Boşanma və əmlak bölgüsü kimi ailə mübahisələri də bu kateqoriyaya daxildir.
Məcburi Mediasiya Mərhələsi:
- Tərəflər məhkəməyə müraciət etməzdən əvvəl mediator vasitəsilə mediasiyada mübahisəni həll etməyə çalışmalıdırlar.Bunun üçün bir tərəf digər tərəfə mübahisəni mediasiya qaydasında həll etməklə bağlı təklif göndərir.Digər tərəf təkliflə razılaşmadıqda,təklifə cavab vermədikdə təklifin çatdırıldığı gümdən 10 gün sonra,boşanma üçün müraciət edən tərəf məhkəmə aidiyyatı üzrə ərazidə yerləşən mediasiya təşkilatına müraciət edir.(Bakı şəhəri üzrə istənilən mediasiya təşkilatına)
- Mediasiya təşkilatına və ya mediatorun yanına müraciət – Hər iki tərəf mediatorla görüşərək mübahisəni həll etməyə çalışır.
- Müqavilə bağlamaq – Əgər tərəflər mediasiya zamanı razılığa gələrsə, barışıq sazişi bağlanır və bu saziş hüquqi qüvvəyə malik olur.
Mediasiyada Mübahisənin Həlli:
- Mediasiya prosesində tərəflər könüllü olaraq mübahisəni həll etməyə çalışır və mediator neytral vasitəçi kimi onlara kömək edir.
- Mediasiyada mübahisənin həlli məhkəmə prosesindən daha sürətli və səmərəli ola bilər.
Vəkil Məsləhəti:
- Mediasiyaya müraciət – Boşanma və əmlak bölgüsü ilə bağlı ilkin məcburi mediasiya mərhələsi əhəmiyyətlidir. Tərəflərin mediasiyada razılığa gəlməsi, vaxtı və məhkəmə xərclərini əhəmiyyətli dərəcədə azalda bilər.
- Hüquqi məsləhət – Hər iki tərəf hüquqi məsləhət almaqla mediasiya prosesinə daha hazırlıqlı daxil ola bilər.