BDU-nun 4 dildə 150-yə yaxın əsəri çap edilmiş tatar professoru da günahsız yerə güllələndi...
3350
24 Oct 2024 | 20:30

BDU-nun 4 dildə 150-yə yaxın əsəri çap edilmiş tatar professoru da günahsız yerə güllələndi...

“Azərbaycan SSR CM-nin 72, 73-cü maddələri ilə ittiham edilən Qubaydullin Bakı şəhərində əks-inqilabi iş aparan görkəmli əks-inqilabçı-millətçi xadim kimi həbs edilmişdir...” 
 
(Müəllifdən: B.Çobanzadə, Ə.Qubaydullin haqqında Vətənimizdə və onun sərhədlərindən kənarda kifayət qədər araşdırma aparıldığına, eləcə də arxivdə işləmək müddətimiz başa çatdığına görə qısa məlumatlarla kifayətləndik)
 
"Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir... 
 
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...
 
Moderator.az aktuallığını və qarşıdan BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyinin gəlməsini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli  epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır:
 
“İki dekanı repressiya olunmuş fakültə - Şərqşünaslıq.
 
(Əvvəli  burada:)
 
“Dekan: Əziz Qubaydullin
 
BDU-da çalışanlar içərisində repressiyaya məruz qalanlar humanitar fakültələrdə daha çox olmuşlar. Belə şəxslərdən biri də görkəmli tarixçi alim, bir zamanlar Şərqşünaslıq fakültəsinin dekanı olmuş Əziz (Qaziz) Salihoviç Qubaydullin olmuşdu.
 
O, Azərbaycan, tatar, özbək və rus dillərində 150-yə yaxın əsər yazıb çap etdirmişdir. Qubaydullin BDU-nun Türk xalqları tarixi kafedrasının əvvəlcə privat-dosenti, sonra dosenti, 1928-ci ildə isə Şərq tarixi kafedrasının professoru və Şərq fakültəsinin dekanı təyin olunmuşdu. 
Qubaydullin 1937-ci il mart ayının 17-də bir qədər əvvəl tutulmuş görkəmli Azərbaycan alimlərinin bir qrupundan işgəncələr verilməklə alınmış ifadələr əsasında məsuliyyətə cəlb olunmuşdu. Azərbaycan SSR CM-nin 72, 73-cü maddələri ilə ittiham edilən Qubaydullin Bakı şəhərində əks-inqilabi iş aparan görkəmli əks-inqilabçı-millətçi xadim kimi həbs edilmişdir. 
 
1937-ci il oktyabrın 12-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasında işə müdafiəçisiz, ittihamçısız və şahidlərsiz baxılmışdı. Cəmi 15 dəqiqə çəkən məhkəmədə Ə.Qubaydullin ən ağır cəzaya –güllələnməyə məhkum edilmiş və hökm elə səhərisi gün yerinə yetirilmişdi. 
 
SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 16 mart 1957-ci il qərarına görə Ə.Qubaydullinin işinə yenidən baxılmış və cinayət tərkibi olmadığı üçün xətm edilmişdir"
 
(Davamı var)
 
Təqdim etdi: Sultan Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər