“Bəli, o vaxtlar Azərbaycan XKS-nın sədri vəzifəsində işləyən Bağırovu Azərbaycan KP-nın katibi vəzifəsinə mən namizəd göstərmişəm”...
“Hələ 1918-ci ildə, ağlı başında, kamil bir şəxskən, Bağırov burjuaziyaya xidmət edib. O, Quba şəhərində erməni əhalisinə divan tutulmasında məşhur olan Əlibəy Zizikskinin birinci müavini olub. Onlar əhalini qarət edirdilər... Bağırovun erməni qırğınında iştirakı Qubada hamıya məlumdur”.
“Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...
İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...
Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...
Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.
Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.
Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:
İstintaq materiallarından...
“Müttəhim Bağırovun Beriya ilə cinayətkar əlaqələri...
“Müəyyənləşdirilmişdir ki, Bağırov Beriyanın Müsavat əks-kəşfiyyatında xidmətindən xəbəri olan və ona siyasi inamsızlıqla yanaşan bir çox köhnə kommunistlərə divan tutmuşdur. “1932-ci ildə Ulyanov, Pleşçakov və mən Bakıdakı klublardan birində olarkən eşitdik ki, Beriya Zaqafqaziya vilayət partiya komitəsinin katibi təyin olunub. Beriyanı şəxsən tanıdığımız üçün narazılığımızı bildirdik və belə hesab etdik ki, keçmiş müsavat polisində xidmət etdiyi üçün Beriya bu cür məsul vəzifəni tuta bilməz. Bizimlə bir yerdə olan Terequlov söhbətlərimizi Bağırova çatdırmışdı...
Məlumdur ki, 1935-ci ildə Beriyanın müəllifi olduğu “Zaqafqaziyada bolşevik təşkilatının tarixindən” adlı kitab çıxmışdı. Şəxsən mənə neft mədənlərində keçirilən iki partiya yığıncağında həmin kitabın öyrədilməsini təşkil etmək tapşırılmışdı. Mən müxtəlif bəhanələrlə bu işdən imtina etdim. Bağırov məni yanına çağırıb üstümə çığırdı, dedi ki, siz köhnə partiyaçılar başınızdan böyük işlər görürsünüz, Beriya və mənim barəmdə çox çərənləyirsiniz, dilinizi dinc qoymasanız, başınıza bəla olacaq. Bir qədər sonra həmin adamlar həbs edildi və güllələndi”.
Azərbaycan Xalq Komissarları Soveti yanında baş arbitr vəzifəsində işləyən Dövlətov İsay İmanoviç 1937-ci il iyunun 12-də Sumbatov tərəfindən Bağırova qarşı terrorçuluq aktının nəzəriyyəsini hazırlayan “fəal trotskiçi-terrorçu” kimi həbs olundu. Dövlətovun həbs olunmasının əsas səbəbi isə onun Beriyanın Müsavat əks-kəşfiyyatının agent-tərxibatçısı kimi tanıması olmuşdur. Bu barədə M.Manuçarovun şahid ifadəsindən:
“Qrupumuzun üzvü Novikov Müsavat polisi tərəfindən yaxalanmış, bir qədər sonra isə dar ağacından asılmışdı, biz isə gizlənə bilmişdik. Bu hadisədən bir qədər əvvəl Müsavat axtarış polisi tərəfindən gizli təşkilatın bir üzvü, guya “erməni taciri” olması barədə sənədi olan Aleksandr Baqdasarov həbs olunmuşdu. Gizli təşkilat üzvlərindən biri olan Novikov “rus taciri” kimi axtarış polisi əməkdaşlarından biri ilə dil tapa bilmiş, onun vasitəsilə də Baqdasarovla görüşə bilmişdi. Baqdasarovla görüşdən sonra Novinkov bizə danışdı ki, Saşa bizi ehtiyatlı olmağa çağırır və xəbərdarlıq edir ki, axtarış polisində xidmət edən bir gürcü bizi məhv edə bilər.
Baqdasarovun əlində “erməni taciri”nə məxsus sənəd olduğundan rüşvət verib onu məhbəsdən qurtardıq, həbsdən çıxandan sonra Baqdasarov bizə danışırdı ki, polisdəki gürcü onun yanına gəlib o vaxtlar Vilayət partiya komitəsinin katibi olan Dövlətov İsayın rabitəçisi olduğunu söyləyirmiş. Baqdasarov həmin gürcününü təxribatına uymayıb və Dövlətovla tanışlığını danıb. Sonralar Bakıda sovet hakimiyyəti qurulandan sonra həmin gürcü əvvəl inqilab komitəsində, sonra isə FK-da işləməyə başladı. Onun adı Lavrenti Pavloviç Beriya idi. Bax, Beriyanın Müsavat polisində xidməti ona görə bizə məlumdur”.
İstintaq zamanı Bağırovun göstərişi ilə Dövlətov möhkəm əzişdirildi, bunu keçmiş “NKVD” əməkdaşları da təsdiq edirlər. Məsələn, şahid Klimençiçinin dediklərindən:
“Bağırov müstəntiq Qabrielyana əmr etdi ki, Dövlətovu döysün. Qabrielyan da Bağırovun yanında Dövlətovu döyməyə başladı. İşgəncələrə dözə bilməyən Dövlətov nəticədə özünə və yoldaşlarına böhtan atılan istintaq protokollarını imzaladı. Məhkəmə zamanı isə verdiyi ifadələrdən imtina etdi. 1938-ci il aprelin 21-də saxtalaşdırılmış istintaq materiallarına əsasən Dövlətov güllələndi”.
Bağırov Beriyanın müsavatçı keçmişindən xəbərdar olaraq cinayətlərini ört-basdır etmək üçün arxiv sənədlərini oğurlayıb, Beriyaya göndərməkdən, namuslu adamların həyatına qəsd etməkdən belə çəkinmirdisə, Beriya da öz növbəsində borçlu qalmırdı, Bağırovun əməllərini ört-basdır edirdi. Beriyanın şəxsi arxivində axtarış zamanı 19 may 1937-ci il tarixdə Bakıdan SSRİ XDİK-na göndərilmiş anonim məktub aşkara çıxarılmışdır. Həmin məktubda Bağırovun bir sıra cinayətləri, xüsusilə Azərbaycanın sovetləşməsi həyata keçirilən dövrlərdəki cinayətkar fəaliyyəti öz əksini tapıb. Məktubda göstərilirdi:
“Hələ 1918-ci ildə, ağlı başında, kamil bir şəxskən, Bağırov burjuaziyaya xidmət edib. O, Quba şəhərində erməni əhalisinə divan tutulmasında məşhur olan Əlibəy Zizikskinin birinci müavini olub. Onlar əhalini qarət edirdilər... Bağırovun erməni qırğınında iştirakı Qubada hamıya məlumdur”.
SSRİ XDİK-na ünvanlanmış bu məktubu Beriya xidməti sənədlər arasından götürmüş və öz şəxsi arxivinə qoymuşdur.
Artıq göstərildiyi kimi, 1921-ci ildən etibarən Bağırovun və Beriyanın bütün cinayətkar fəaliyyəti qarşılıqlı yardım və himayədarlıq şəraitində keçirdi. Xatırlatdığımız kimi, 1921-ci ildə partiyanın kənar ünsurlərdən təmizlənməsi zamanı Bağırov Beriyanı Beriya isə Bağırovu müdafiə məqsədilə çıxışlar etmişdi.
1922-ci ildə Beriya Azərbaycan FK-dan çıxarıldıqda, ümumiyyətlə, FK orqanlarında işdən uzaqlaşdırıldıqdan və ona cəza verildikdə Bağırov ona yaxşı bir xasiyyətnamə verib, Beriyanın Gürcüstanın Baş Siyasi İdarəsində işlənməsini tövsiyə etdi. 1927-ci ildə Bağırov cinayətlərinə görə Azərbaycan FK-dan qovulandan sonra, Beriya 1929-cu ilin 15 iyununda, Azərbaycan KP MK-nın keçmiş katibinə məktub yazıb, Bağırova əla xasiyyətnamə verir və onun Azərbaycan BSİ-nin sədri vəzifəsinə göndərilməsi məsələsinin həllini tezləşdirməyi xahiş edirdi...
Beriya Bağırova Azərbaycan KP MK-nın katibi Qarayevə və Azərbaycan K (b) P MK-nın digər üzvlərinə qarşı intriqaçı mübarizəsində hərtərəfli yardım edirdi. Bağırova himayədarlıq edən Beriya 1928-ci ilin mayında Serqo Orconikidzenin adına xüsusi məktub yollayır, həmin məktubda Zaqafqaziya vilayət komitəsinin katibi Mamiya Oraxelaşvilinin və prezidiumun digər üzvlərini Bağırova qarşı təxribatçı münasibətini sübut etməyə çalışırdı. Qeyd etməliyik ki, Beriyanın məktubunda adları çəkilən Zaqafqaziya vilayət komitəsinin bütün üzvləri- Oraxelaşvili Qarayev, Mirzoyan, Rubenov və b. Beriya və Bağırov tərəfindən həbs edilmiş, sonra isə güllələnmişlər. Beriyanın təşəbbüsü ilə 1933-cü ildə Rubenov Azərbaycan K (b)P MK-nın katibi vəzifəsindən azad edildi və onun yerinə Bağırov təyin edildi. Bu barədə soruşduqda Bağırov belə cavab verdi:
Rubenov Azərbaycan K (b) MK-nın katibi vəzifəsindən azad edilərkən məndə belə bir təəssürat yarandı ki, Beriyanın bu işdə böyük rolu var və bu işin əsas təşəbbüçüsü, heç şübhəsiz, o özüdür...
Xatırımdadır ki, Rubenovun işdən azad edilməsi, onun yerinə mənim təyin olunmağım barədə məsələ müzakirə olunarkən, Serqo Orconikidze Rubenovun azad olunması, bu işə mənim təyin olunmağıma etiraz etdi ”.
Beriya özü Bağırovun Azərbaycan K (b)P MK-nın katibi vəzifəsinə təyin olunması təfərrüfatını belə dəqiqləşdirdi: “Bəli, o vaxtlar Azərbaycan XKS-nın sədri vəzifəsində işləyən Bağırovu Azərbaycan KP-nın katibi vəzifəsinə mən namizəd göstərmişəm”...
(Davamı var)
Qeyd:
Göründüyü kimi, məhkəmə materiallarının bu epizodunda da Mir Cəfər Bağırov haqda ziddiyyətli məqamlar üzə çıxır. Ötən bölümdə daşnak erməni terrorçu Amazaspın dəstəsində Qubada müsəlmanların qırğınında iştirak etməsi qeyd edildiyi halda bu dəfə onun Əli bəy Zizikski ilə birgə ermənilərə divan tutulmasında iştirakı göstərilir. Tarixçi və araşdırmaçılarımızın bu haqdakı fakt və sənədlərə əsaslanan şərh və rəylərini də tədim etməyə hazırıq...
Təqdim etdi: Sultan Laçın