Bakıda məhkəmə “türklərlə əlaqədə olduğunu”
Ekskluziv
2144
22 Oct 2024 | 11:14

Bakıda məhkəmə “türklərlə əlaqədə olduğunu” "etiraf etmiş" dünya şöhrətli alimimizi də güllələnməyə məhkum etdi...

“Müstəntiqin dünya şöhrətli alimi məntiq və faktlarla ittiham edə bilməsi üçün nə əlində konkret fakt, nə də özündə savad var idi. Belə bir vaxtda bolşevik istintaqının ənənəvi metodu işə düşürdü: işgəncə, böhtan, fiziki güc tətbiq etməklə başqasından alınan yalan ifadəni baş vermiş hadisə kimi qiymətləndirmək və s...”
 
(Müəllifdən: B.Çobanzadə, Ə.Qubaydullin haqqında Vətənimizdə və onun sərhədlərindən kənarda kifayət qədər araşdırma aparıldığına, eləcə də arxivdə işləmək müddətimiz başa çatdığına görə qısa məlumatlarla kifayətləndik)
 
"Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir... 
 
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...
 
Moderator.az aktuallığını və qarşıdan BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyinin gəlməsini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli  epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır:
 
(Əvvəli burada: )
 
“İki dekanı repressiya olunmuş fakültə - Şərqşünaslıq.
 
Dekan: Bəkir Çobanzadə
 
Yazdığı elmi əsərlərin dəyəri Azərbaycan SSR-nin sərhədlərindən kənarda da yüksək qiymətləndirilən Çobanzadə Bəkir Vahab oğlu cəmi 44 il yaşamaq imkanı tapmışdı. Bu dəyərli ziyalı da repressiya qurbanlarından biri olmuşdu.
Bəkir Çobanzadə Krım vilayətinin Tavriya quberniyasının Simferopol qəzasının Qarasubazar şəhərində doğulmuşdu. O, 1914-cü ildə İstanbul liseyinin ədəbiyyat şöbəsini və İstanbul Universiteti nəzdində ərəb və fransız dilləri üzrə ali kursları bitirmiş, 1914-1918-ci illərdə Budapeşt Universitetinin tarix-filologiya fakültəsində ali təhsil almışdır.
 
1920-ci ildə 27 yaşında doktorluq dissertasiyası müdafiə edən bu istedadlı, zəhmətkeş alim 150-dən çox elmi əsər yazmışdır. Bunlardan 100-ü Azərbaycan dili və ədəbiyyatı problemlərinə həsr edilmişdir.
 
Alman, fransız, macar, ərəb, fars, rus və demək olar ki, bütün türk dillərini mükəmməl bilən B.Çobanzadə 1922-ci ildə Tavriya Universitetinin professoru, 1924-cü ildə isə Krım Universitetinin rektoru seçilmişdi. Elə həmin il o, Yeni Türk Əlifbası Komitəsinin və BDU-nun dəvəti ilə Bakıya gəlmiş və bu ali təhsil ocağında Türk dili və ədəbiyyatı kafedrasının professoru, 1925-1927-ci illərdə BDU-nun Şərq fakültəsinin dekanı olmuşdur. 
1937-ci il yanvarın 26-da görkəmli alimin həbs olunması haqqında qərar çıxarılmışdı. B.Çobanzadə də digər ziyalılar kimi, istintaqın ilkin dövrlərində heç bir əks-inqilabi təşkilatın üzvü olmadığı və belə bir təşkilatda fəaliyyət göstərmədiyini bildirmişdi. Müstəntiqin dünya şöhrətli alimi məntiq və faktlarla ittiham edə bilməsi üçün nə əlində konkret fakt, nə də özündə savad var idi. Belə bir vaxtda bolşevik istintaqının ənənəvi metodu işə düşürdü: işgəncə, böhtan, fiziki güc tətbiq etməklə başqasından alınan yalan ifadəni baş vermiş hadisə kimi qiymətləndirmək və s. B.Çobanzadəyə də bu metod tətbiq edilmişdi. Məhz bunun nəticəsində o, 1937-ci il fevral-mart aylarında “türklərlə əlaqədə olduğunu etiraf etmişdir”.
 
1937-ci il oktyabrın 12-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının müdafiəçisiz, ittihamçısız və şahidlərsiz keçən qapalı məhkəmə iclasında Bəkir Çobanzadə güllələnməyə məhkum edildi...”
 
(Davamı var)
 
Təqdim etdi:
 
Sultan Laçın
 
 
Link kopyalandı!
Son xəbərlər