“Azərbaycanı SSRİ-dən ayırmağa çalışan” BDU məzunu ömrünün 10 ilini Sibirdə yaşamalı oldu...
Ekskluziv
1626
19 Oct 2024 | 11:27

“Azərbaycanı SSRİ-dən ayırmağa çalışan” BDU məzunu ömrünün 10 ilini Sibirdə yaşamalı oldu...

“Muzey direktoru kimi orada çalışan qeyri-azərbaycanlıları işdən çıxarmışdır. Məsələn, Klyuçevskaya, Sərkisova və Leviatova. Əksinə, Sovet hakimiyyətinə düşmən münasibət bəsləyən adamlar işə qəbul edilib. Məsələn İsmayılov, Nəcəfov...”
 
"Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir... 
 
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...
 
Moderator.az aktuallığını və qarşıdan BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyinin gəlməsini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli  epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır:
 
(Əvvəli burada:)
 
“Tarix fakültəsinin məzunu: Möhsüm Salamov
 
Repressiyaya məruz qalmış şəxslərdən biri də Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmiş, sonralar Dövlət Muzeyinin direktoru vəzifəsinə qədər yüksəlmiş Salamov Möhsüm Əsgər oğlu olmuşdur.
24 aprel 1938-ci ildə həbsdə olduğu zaman yazılmış anketdə göstərilib ki, o, 1905-ci ildə Şəki şəhərində anadan olmuşdur. Həbs olunan vaxt Bakı Univermağının bədii rəhbəri olmuş Salamov Bakı şəh. Voroşilov küçəsi ev 3-də yaşamışdır.
 
İstintaq materiallarına görə, M.Salamov ÜİK(b)P-nın üzvlüyünə namizəd olmuş, 2 mart 1938-ci ildə partiya sıralarından xaric  edilmişdi. Həbs olunanda onun dörd qardaşı olmuşdur: 42 yaşlı Vahid, 40 yaşlı Saleh, 25 yaşlı Qurbanəli, 22 yaşlı Əmin . 
 
Atası, anası və özünün evli olub, olmaması barədə heç bir məlumat yazılmayıb. Anketin doldurulma tarixi 24 aprel 1938-ci il göstərilmişdir .
 
M.Salamovun istintaq işini Azərb. SSR XDİK DTİ-nin IV şöbəsinin rəisi, təhlükəsizlik kapitanı Rasskazçikov həyata keçirmişdir. Yekun istintaq qərarını Azərb.SSR XDİ Komissarı, təhlükəsizlik mayoru Borşov təsdiq etmişdir .   
 
23 fevral 1938-ci ildə XDİK Borşovun ”razıyam” dərkənarından sonra həbs edilən BDU-nun Tarix fakültəsinin keçmiş tələbəsi Salamov “əim təşkilatın üzvü kimi ifşa edilmişdir”.                                                
 
3 fevral 1938-ci ildə yazılmış 2778 saylı orderlə onun evində axtarış aparılmış, lakin istintaq üçün maraqlı heç nə aşkar edilməmişdir.    
 
Bir ildən çox çəkən istintaqdan sonra 22 aprel 1939-cu ildə SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının III dərəcəli Hərbi hüquqşünası Mamayevin sədrliyi, Vəkilov və Kresmovun üzvlüyü ilə vəkilsiz və şahidsiz iclası keçirilib.
 
Azərbaycan SSR cinayət məcəlləsinin 64,70 və 73-cü maddələri ilə ittiham olunan Salamovun işinə baxan məhkəmə müəyyən etmişdi: 
 
“... Salamov 1935-ci ildə Azərbaycanda fəaliyyət göstərən əks-inqilabçı millətçi təşkilata cəlb edilib. Bu təşkilat öz qarşısına silahlı üsyan yolu və partiya, sovet rəhbərliyinə qarşı terror etməklə Azərbaycanı SSRİ-dən ayırmağı məqsəd qoymuşdur...
 
Bu əks-inqilabçı millətçi təşkilata üzv olan Salamov təşkilatın rəhbərliyinin göstərişlərini yerinə yetirib. Həmçinin muzey direktoru kimi orada çalışan qeyri-azərbaycanlıları işdən çıxarmışdır. Məsələn, Klyuçevskaya, Sərkisova və Leviatova. Əksinə, Sovet hakimiyyətinə düşmən münasibət bəsləyən adamlar işə qəbul edilib. Məsələn İsmayılov, Nəcəfov.
 
Bundan başqa Salamov əks-inqilabi təşkilatın ideoloqlarından olan Qubaydullinlə sıx əlaqə saxlamış və ona kömək etmişdir.
 
Eyni zamanda Salamov XDİK işçilərindən öz keçmişini, əks-inqilabi millətçi təşkilata mənsubluğunu gizlətməklə ikiüzlülük etmişdi”.
Beləliklə, yuxarıdakıları nəzərə alaran Hərbi Tribunal Salamovu Azərbaycan SSR Cinayət Məcəlləsinin 64,70 və 73-cü maddələri ilə təqsirli bilib onu 10 (on) il azadlıqdan məhrum edib.
 
Məhkəmənin qərarı ilə həbsin başlanğıc tarixi 23 fevral 1938-ci il götürülmüşdür. Qərara əsasən cəzanın ilk beş ili qapalı həbsxanada keçməli idi.
 
Lakin M.Salamov bu hökmlə razılaşmır. Yuxarı orqanlara günahsızlığı barədə şikayət məktubu yazıb. Bu məktubdan sonra SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası  29  sentyabr 1939-cu ildə Salamovun kassasiya şikayətinə baxır.
 
SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası briqada hərbi hüquqşünası Kadibinin sədrliyi, briqada hərbi hüquqşünası Dmitrevin və II dərəcəli hərbi hüquqşünas Çeppevun üzvlüyü ilə iclası keçirilib. Baş hərbi prokurorun köməkçisi Geolenyan Dmitrievin məruzəsini dinləyərək Hərbi kollegiyanın 22 aprel 1939-cu il qərarını qüvvədə saxlayır, müəyyən edir ki, Salamovun şikayətində hökmü dəyişmək üçün əsas yoxdur. 
 
Beləliklə, Möhsün Salamov həyatının on ilini Sibirdə keçirməyə məcbur oldu.
 
O, Stalinin vəfatı və keçən yüzilin 50-ci illərinin ortalarında SSRİ-də yaranmış ictimai-siyasi vəziyyətdən sonra günahsız yerə repressiya olmuşlara verilən bəraət prosesindən yararlanmaq məcburiyyətində qalır.
M.Salamov SSRİ Ali Sovetinin Rəyasət heyətinə, SSRİ Baş prokurorluğuna günahsızlığı, 1939-cu ildə ona verilmiş cəzanın ədalətsiz olması, istintaqın saxtakarlıqla aparılması və s. ilə  bağlı şikayət məktubu yazıb.
 
Bu məktubdan sonra, nəhayət 28 noyabr 1956-cı ildə  SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası ədliyyə polkovniki Stuçekanın sədrliyi, ədliyyə polkovniki Qulyakov və ədliyyə polkovniki Çıplunskinin üzvlüyü ilə Salamovun işinə yenidən baxıb.
 
Məhkəmədə Salamovun vaxtı ilə həbs olunduğu maddələr sadalanıb, ittiham aktı, hökm və kassasiya şikayəti haqqında məlumat verilib. Baş Hərbi Prokurorun köməkçisi, ədliyyə polkovniki Komarovun işlə bağlı məruzəsini dinləyən Məhkəmə qərara alıb: ”...Salamov özünü günahkar hesab etmir. İstintaq zamanı ona qarşı zorakılıq tətbiq edilmişdir. İlkin istintaqda ifadələr qanunsuz metodlarla alınmışdır. Həbs əsaslandırılmayıb. İşdə adı keçən adamlardan H.Sultanov, M.Hüseynov və digərləri bəraət alıb,  digərlərinin-Çobanzadə, Zeynallı, Qubaydullin, Xuluflu və Həsənbəyovun işlərinə də bəraət verilməsi üçün baxılır.
 
Əlavə araşdırmada şahidlər Abbas Nəbiyev və Saleh Abdullazadə Salamovu müsbət xarakterizə ediblər. Yuxarıda deyilənləri nəzərə alaraq Salamov Möhsüm Əsgər oğluna bəraət verilsin”.  
 
Beləliklə,məhkəmə yaranmış yeni şəraiti, əlavə istintaqda üzə çıxmış faktları əsas götürərək Salamova bəraət vermişdir...”
 
(Davamı var)
 
Təqdim etdi: 
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər