“Bağırov Amazaspın daşnak dəstəsinin üzvü olub...”- Məhkəmə sənədlərindən
Ekskluziv
2254
17 Oct 2024 | 19:53

“Bağırov Amazaspın daşnak dəstəsinin üzvü olub...”- Məhkəmə sənədlərindən

“Bağırov bu məsələ barədə dindirildikdə boynuna aldı ki, o, dörd yoldaşı ilə birgə Amazaspin dəstəsində olub. Lakin Bağırov bu faktı belə izah etdi ki, o, bu dəstəyə köhnə kommunist Naneyşvili tərəfindən göndərilib və qırğının, qarət və soyğunçuluğun yalnız passiv şahidi olub. Guya o, Amazaspin dəstəsinə bir kommunist kimi, vəhşiliklərin nisbətən az törədilməsinə çalışmaq üçün göndərilib. Lakin...”
 
“Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə  Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...
 
İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-öl
 
Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış  “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...
 
Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış  Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.
Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət,   Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.
 
Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:
 
(Əvvəli burada:)
 
“Bağırovun və onunla bağlı şəxslərin, Bağırovun sözləri ilə desək, “partizan dəstəsi”nə daxil olan şəxslərin fəaliyyətinin xarakteri barədə isə şahid Qasımov deyirdi: 
 
“Bu qoçular” və onların başçısı Bağırov soyğunçuluqla məşğul olaraq əhalinin hesabına yaşayırdılar”. İstintaq zamanı dindirilən, əsli-kökü Qubadan olan və Qubada yaşayan şahid A.N.Orucov Bağırovun və əlaltılarının hərəkətləri ilə bağlı aşağıdakıları dedi: “Dəqiq deyə bilmərəm, hansı ildə, ya 1917, ya da 1918-ci illərdə Qubada Bağırovun ən yaxın adamları bunlar idi: Mustafa Qulu Bağırov- Bağırovun qohumu, qabaqlar dəmirçi işləyən qoçu Əbdürəhman Nəcəfov- Bağırovun ən yaxın adamı, Quba üzrə “şəxsi mühafizə”, Tahirov Mirzə Baba Hüseyn oğlu, Məşədi Musa Hacı İman oğlu və familiyalarını unutduğum bir sıra şəxslər. Bütün bu şəxslər dəstə, qrup yaratmışdılar, onlara Mir Cəfər Bağırov rəhbərlik edirdi. Bağırovun başçılıq etdiyi əhalidən silahı alıb, qarət, soyğunçuluq, qətillərlə məşğul olur, Quba əhalisinə qarşı terrorçuluq edirdilər, nəticədə bütün Quba əhalisi onlardan qorxurdu. Bu qrupa daxil olanlardan çoxsu qabaqlar müxtəlif cinayətkar əməllərə görə həbs olunmuş şəxslər idi. Ancaq onlardan hansının və neçə illiyə həbs cəzasına məhkum olduqlarını dəqiq xatırlamıram. Bu qrup faktiki olaraq heç vaxt bir siyasi məqsəd güdməyən adi cinayətkar bindit dəstəsi idi. Bir daha təkrar edirəm, rəhbəri, başçısı da Mir Cəfər Bağırov idi”. 
 
Bağırovun şəxsi sənədlərində “Uçağan partizan dəstəsi” adlandırdığı bandit qrupunun cinayətkar fəaliyyəti barədə buna bənzər ifadələri istintaq zamanı şahid sifətilə dirdirilən Ağaxanov Harun Şahbala oğlu, Şahverdiyev Hacı Ağa İbrahim oğlu, Musayeva Q.M., Ağayeva İ.D. və başqaları da təsdiq etdilər...
İstintaq, Bağırovun guya 1917-1918-ci illərdə inqilabi fəaliyyətlə məşğul olması barədə məlumatının da yalan olduğunu aşkara çıxartdı. İşlə bağlı sənədlərdən aydın olmuşdur ki, 1918-ci ilin martında Qubada Sovet hakimiyyəti qurulmasında Bağırovun heç bir iştirakı olmayıb. Şahidlərin ifadələrindən aydın olur ki, Qubada Sovet hakimiyyəti Xaçmaz stansiyasına Sturyanın başçılıq etdiyi dəstənin gəlişindən və onun Qubaya getməsindən sonra elan olunub. Bağırova gəldikdə isə, onun Qubada Sovet hakimiyyəti qurulması ilə heç bir əlaqəsi yoxdur. Eyni zamanda müəyyən olunmuşdur ki, Bağırov və onun “uçağan” dəstədən olan yaxın adamları cinayətkar əks-inqilabi “Daşnaksutun” təşkilatının rəhbərlərindən olan, Quba şəhəri əhalisinin kütləvi şəkildə qırılmasının və orada soyğunçuluq və qarətlərin törədilməsinin təşkilatçısı kimi tanınmış Amazaspin daşnak dəstəsinin üzvü olmuşlar. Bağırov bu məsələ barədə dindirildikdə boynuna aldı ki, o, dörd yoldaşı ilə birgə Amazaspin dəstəsində olub. Lakin Bağırov bu faktı belə izah etdi ki, o, bu dəstəyə köhnə kommunist Naneyşvili tərəfindən göndərilib və qırğının, qarət və soyğunçuluğun yalnız passiv şahidi olub. Guya o, Amazaspin dəstəsinə bir kommunist kimi, vəhşiliklərin nisbətən az törədilməsinə çalışmaq üçün göndərilib. Lakin müəyyən olunub ki, bu dövrdə Bağırov heç bir kommunist partiyasının üzvü olmayıb, Amazaspin dəstəsinə də partiya təşkilatının nümayəndəsi kimi göndərilə bilməzdi. Bununla bərabər, müəyyən olunmuşdur ki, Amazaspin dəstəsinin digər üzvləri ilə birgə qətl və qarətlərdə iştirak etdiklərinə görə Bağırov və onun dörd əlaltısı Azərbaycan KP-nın rəhbər işçilərindən biri olan Levon Qoqoberidze tərəfindən həbs olunub türməyə salınmışdır...
Bağırovun həbsdən hansı şəraitdə azad olunması istintaq tərəfindən aşkara çıxarılmayıb. Müttəhim Bağırov Levon Qoqoberidze tərəfindən həbs olunması faktını danmır, lakin bunu Qoqoberizde tərəfindən buraxılmış səhv hesab edir və göstərir ki, onu həbsxanadan 1918-ci ilin iyununda Bakıya gələn “ruslardan ibarət rota” azad edib. Öz şəxsi sənədlərində Bağırov təsdiq edirdi ki, guya Nuru Paşanın Qarabağda qaldırdığı üsyanın yatırılmasında iştirak edib. Guya bunun üçün üsyan edənlərin arxasında qiyam təşkil edib. İstintaq müəyyən edib ki, Bağırovun bu ifadəsi də tamamilə uydurmadı. Şahidlərdən Q.M.İbrahimovun və başqalarının verdiyi ifadələrdən aydın olur ki, 1920-ci ilin may-iyun aylarında Bağırov həqiqətən Qarabağda, Şuşada olub. Lakin türk emissarı Nuru Paşanın qaldırmağa cəhd göstərdiyi qiyamın yatırılmasında Bağırovun heç bir rolu olmayıb. Öz cinayətkar keçmişini gizlədən Bağırov qabaqca hərbi tribunal orqanlarına, sonra isə çekist orqanlarına yol tapıb. İstintaq materialları əsasında Qafqaz diyar komissiyasının partiyanın təmizlənməsi üzrə 1-5 yanvar 1922-ci il tarixli yığıncağının protokolundan arxiv çıxarışı vardır. Həmin yığıncaqda Bağırovun məsələsi müzakirə olunub. Qafqaz diyar komissiyasının da Bağırova Qubadan olan şübhəli elementlərlə əlaqəyə, məhbusları döyməyə və digər hərəkətlərinə görə şiddətli töhmət elan edilmişdir. MK-nın Serqo Orconikidzenin sədrliyi ilə keçən 1 oktyabr 1929-cu il tarixli yığıncağında Bağırovun nəzərinə çatdırılmışdır ki, Baş Siyasi İdarə orqanlarındakı yolverilməz cəza metodlarına (məhbusların öldürülməsi, onların guya günahkar olması barədə materialların saxtalaşdırılması) qarşı heç bir tədbir görməmişdir, bu hərəkətlər bir daha yol verilərsə, bütün məsuliyyəti özü daşımalı olacaqdır.
 
Sov. İKP MK-nın 1930-cu il qərarı ilə Bağırov Azərbaycan respublikası Baş siyasi idarəsinin sədr vəzifəsindən azad olundu. Sonra Beriyanın köməyi ilə Bağırov yenidən Azərbaycanda məsul vəzifəyə qayıtmağa nail oldu. Bu barədə növbəti məhkəmə sənədlərində ətraflı söhbət açılır...”
 
(Davamı var)
 
Təqdim etdi:
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər