“İstintaq materialları ilə sübuta yetirilib ki, Bağırovun bir sıra sənədlərdə partizan dəstəsi adlandırdığı “uçağan” dəstənin inqilabi fəaliyyətə heç bir dəxli yox idi, əsl quldur dəstəsi idi. Bu bandit qrupuna Bağırov başçılıq edirdi. O, Qubada sovet hakimiyyəti qurulan vaxt, sonralar öz şəxsi sənədlərində yazdığı kimi, nəinki heç bir inqilabi fəaliyyət göstərməyib, əksinə, bandit qrupuna başçılıq edib...”
“Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...
İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-öl
Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...
Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.
Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.
Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:
“Müttəhim Bağırovun cinayətkar keçmişi barədə
İstintaq müəyyənləşdirib ki, Bağırovun cinayətkar əks-inqilabi fəaliyyəti hələ 1917-ci il fevral inqilabından dərhal sonra Qubada yaşadığı illərdə başlayıb.
Bağırov bu cinayətkar fəaliyyətini ciddi-cəhdlə ört-basdır eləməyə çalışaraq özünü 1917-ci ilin martından partiyanın üzvü, Qubada Sovet hakimiyyəti qurulmasında fəal iştirakçı, 1917-1921-ci illərdə əks-inqilaba qarşı fəal mübariz kimi qələmə vermişdir.
Lakin müəyyən edilmişdir ki, Bağırov 1917-ci ildə partiyanın üzvü olmamışdır.
Bağırovun anket, tərcümeyi-hal və digər sənədlərində partiya sıralarına daxil olmaq üçün ona zəmanət verənlər kimi göstərilən N.A.Abramova, A.A.İnozemtsva, V.S.Narçemaşvili bildirdilər ki, Bağırov 1917-ci ildən partiyanın üzvü olmamışdır, onlar da ona zəmanət verməmişlər. 6 №-li xüsusi şöbənin kommunist özəyinin və 1-ci atıcı diviziyanın inqilabi tribunalının ümumu yığıncağının 1921-ci il 16 noyabr tarixli protokolunda Bağırovun dilindən yazılıb ki, o, partiyaya Bakı şəhərində, 1918-ci ilin iyununda daxil olub. Bütün digər sənədlərdə isə partiyaya daxil olma tarixini 1917-ci ilin martı, yeri isə Quba şəhəri göstərilir.
Bu məsələ ilə bağlı sorğuya müttəhim Bağırov bir-birilə düz gəlməyən dolaşıq bir ifadə verib bildirdi ki, heç özüm də bilmirəm, neçə olub ki, mən sənədlərdə 1917-ci ildən partiyanın üzvü kimi qeyd olunmuşam.
Bağırov bir sıra şəxsi sənədlərdə qeyd edirdi ki, 1917-ci ilin payızından ta 1918-ci ilə qədər o, Qubada olub, guya orada Qubanın komissarı, görkəmli müsavatçı, car hakimiyyəti zamanı keçmiş polis rəisi, iri mülkədar, kapitan Zizikski və digər qubalı irticaçılarıa qarşı fəal mübarizə aparıb.
Müəyyən olunub ki, Bağırovun verdiyi bu məlumatların hamısı yalandır. O nəinki Zizikskiyə və digər irticaçılara qarşı mübarizə aparmayıb, əksinə, Zizikskinin tam himayədarlığı altında işləyərək onun köməkçisi olub. Sonralar o özü Zizikskiyə hərtərəfli havadarlıq və yardım göstərərək, onun üzə çıxamsına, bərфət almasına kömək etmişdir. Bağırovun evində axtarış zamanı onun Zizikski ilə birgə xidməti barədə arxiv sənədlərin surəti aşkara çıxarıldı...
Sənədlərlə sübut edilmişdir ki, Bağırov 1917-ci ildən Qubada müəllim işləyərkən, fevral inqilabından sonra yəhudi qəsəbəsinin milis rəisi vəzifəsinə təyinat alır, sonrф isə qəza komissarı Əlibəy Zizikskinin köməkçisi vəzifəsinə təyin və təsdiq olunur, 1917-ciil noyabr ayının sonunadək bu vəzifədə işləyir. Zizikskinin digər köməkçisi, Bağırovun göstərdiyi kimi, mülkədar, irticaçı, müsəlman ruhaniləri ilə sıx bağlı olan Qazi Əhməd bəy Məmmədbəyov idi. Sənədlərlə müəyyən olunmuşdur ki, Zizikski Bağırovu hərtərəfli müdafiə edirdi. Bakının müvəqqəti qubernatoruna ünvanlanmış 1 iyun 1917-ci il tarixli 878 №-li məktubda Zizikski yazırdı: “Quba şəhərinin 2-ci hissəsinin müvəqqəti komissarı Mir Cəfər Bağırov İcraiyyə komitəsinin bu ilin 10 may tarixli qərarı ilə Quba qəza komissarının köməkçisi vəzifəsinin icrasına başlamışdır. Bağırov bu təyinata tamamilə uyğun gəldiyi üçün İcraiyyə komitəsi onun qəza komissarının köməkçisi vəzifəsinə təsdiq olunmasını xahiş edir”.
Vaxtilə Bağırovun katibi işləmiş şahid Şahverdiyev Hacıağa İbrahim oğlu bildirirdi: “1917-ci il inqilabından sonra Qubada Əlibəy Zizikskinin rəhbərlik etdiyi qəza komissarlığı yaradıldı. Zizikskinin müavini Bağırov idi. Zizikski varlı Quba mülkədarı və köhnə ordunun zabiti idi. Zizikski və Bağırovun başçılıq etdiyi Quba qəza komissarlğı yerli mülkədarlar və varlılar tərəfindən yaradılmışdı və əks-inqilabi xarakter daşayırdı. Bu, seçkili orqan deyildi, belə ki, orada işləyənlərin hamısı yerli mülkədar və qolçomaqlar tərəfindən təyin olunurdu. Qubada qəza komitəsinin ömrü uzun olmadı. Ondan sonra Qubada hakimiyyətsizlik, başsızlıq hökm sürürdü, bu da müxtəlif bandaların, soyğunçuluq və qarətlərin meydana çıxmasına səbəb oldu”.
Beləliklə, Bağırov nəinki Zizikskiyə qarşı mübarizə aparmayıb, cinayətkar əməllərinə görə (milli ədavət törətmək, 1917-ci ildə milli qırğın cəhdləri, rus kəndlərinin dağıdılması və s.) Zizikski ilə birlikdə məsuliyyət daşıyır. Bağırov öz tərcümeyi-halında yazırdı ki, Quba qəzasında əks-inqilabçı ünsürlərlə mübarizə apararkən o, guya ki, “uçağan” adlanan dəstə yaradıb. Daha sonra Bağırov göstərirdi ki, əks-inqilabçılarla mübarizəsini o, keçmiş polis idarəsinin silah cəbbəxanasının dağıdılmasından başlayıb, sonra isə “uçağan” dəstənin digər üzvləri ilə birgə bəyləri və onların tərəfdaşlarını məhv etməyə başlayıb. İstintaq zamanı Bağırov bu ifadələrdən imtina etdi və göstərdi ki, o heç bir bəy və onun əlaltılarını “uçağan” dəstənin digər üzvləri ilə birgə öldürməyib, əks-inqilabçılar üzərinə silahlı basqın etməyib, cəbbəxananın, təchizat bazasını da dağıtmayıb.
İstintaq materialları ilə sübuta yetirilib ki, Bağırovun bir sıra sənədlərdə partizan dəstəsi adlandırdığı “uçağan” dəstənin inqilabi fəaliyyətə heç bir dəxli yox idi, əsl quldur dəstəsi idi. Bu bandit qrupuna Bağırov başçılıq edirdi. O, Qubada sovet hakimiyyəti qurulan vaxt, sonralar öz şəxsi sənədlərində yazdığı kimi, nəinki heç bir inqilabi fəaliyyət göstərməyib, əksinə, bandit qrupuna başçılıq edib.
“UÇAĞAN” dəstəni, eləcə də Bağırovun Quba qəzasındakı cinayətkar fəaliyyətini şahid Qasımov Əziz Məcid oğlu belə xarakterizə edirdi: “Mən bilirəm ki, Bağırov Xaçmaz rayonunda müəllim idi. 1917-ci ilin fevral inqilabından sonra Bağırov birdən-birə qəza komissarı Ə.Zizikskinin müavini oldu. Ə.Zizikski Bağırovla birgə bütün qəzanı və Quba şəhərini idarə edirdi. Bağırov Zizikski ilə birgə cəbhədən geri dönən əsgərlərin silahılarını əllərindən alırdı, bu da qan tökülməsinə səbəb olurdu. Məsələn, 1917-ci ilin payızında Xaçmazda olduğu kimi. Əsgərlərdən alınmış silahla onlar qolçomaq ünsürləri və müxtəlif cinayətkar elementləri mülkədar hakimiyyətini saxlamaq üçün silahlandırdılar. Zizikski ilə Bağırov nə istəyirdilərsə, onu eləyirdilər, onların hər biri öz ətrafına öz adamlarını yığmışdı. Bağırov cinayətkarları və bəyləri öz ətrafına almışdı”…”
(Davamı var)
Təqdim etdi:
Sultan Laçın