Şuşadan erməni müstəntiq tərəfindən tutulub gətirilən müəllim saxta ittihamlarla güllələndi...
Ekskluziv
2142
14 Oct 2024 | 17:27

Şuşadan erməni müstəntiq tərəfindən tutulub gətirilən müəllim saxta ittihamlarla güllələndi...

Bütün ən ağır, ağla gələn və gəlməyən işgəncələrə rəğmən o heç bir ittihamı boynuna götürməyib...
 
"Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir... 
 
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
 
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...
Moderator.az aktuallığını və qarşıdan BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyinin gəlməsini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli  epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır:
 
(Əvvəli burada:)
 
“Müəllim: Əşrəf Quliyev 
BDU-nun Tarix fakültəsinin repressiyaya məruz qalan müəllimlərindən biri də Quliyev Əşrəf Qulu oğlu olmuşdur.
 
XDİK DTİ-nin IV şöbəsi 25 iyul 1937-ci ildə Quliyev Əşrəfin həbs olunmasına icazə verilməsi ilə bağlı Respublika Prokurorluğuna Arayış göndərib. Orada qeyd edilib ki, guya istintaqla Bakıda gizli şəraitdə fəaliyyət göstərən əks-inqilabçı trotskiçi təşkilatın olduğu aşkar edimişdir. 
“...İstintaqla müəyyən edilmişdir ki, Ə.Quliyev bu əks-inqilabçı trotskiçi təşkilatda prof. Nilolayevin qrupuna daxil olub, burada fəaliyyət göstərib”. 
Müstəntiq sübut üçün prof.B.Tixomirovun 15-16 yanvar 1937-ci il, prof. Nikolayevin 4 aprel 1937-ci ildə Əşrəf müəllimin bu təşkilatın üzvü olması haqqında istintaqa verdiyi ifadələri əsas götürdüyünü qeyd edib. Bu ifadələrdə Ə. Quliyevin əks-inqilabçı trotskiçi təşkilata Nikolayev tərəfindən cəlb edildiyi bildirilir. İşgəncə yolu ilə alınan bu ifadələri əsas götürüb qərar qəbul edən müstəntiq XDİK DTİ-nin IV şöbəsinin I bölməsinin rəisi, DT leytenantı Klemençiç, təsdiq edən isə IV şöbənin rəisi Sinman olmuşdur.
25 iyul 1937-ci ildə Azərbaycan SSR-in Prokuror əvəzi Pinkisin qərarı ilə Ə. Quliyevin həbsinə qərar verilib. O , Azərbaycan SSR XDİK DTİ-nin IV şöbəsinin ilkin istintaq materiallarına baxaraq müəyyən edib ki, Ə.Quliyev əks-inqilabçı trotskiçi təşkilatın üzvüdür. Ona görə göstəriş verir ki, Əşrəf müəllimə qarşı Azərb. SSR cm 72,73-cü maddələri ilə cinayət işi başlansın, həbs qəti imkan tədbiri seçilsin.
 
“Azərbaycan SSR XDİK DTİ-nin IV şöbəsinin ilkin istintaq materiallarına baxaraq müəyyən etdim: Quliyev Əşrəf Qulu oğlu əks-inqilabçı trotskiçi təşkilatın üzvüdür. Ona görə qərara alıram: Quliyev Əşrəf Qulu oğlu, 1908-ci il təvəllüdlü, azərbaycanlı, Azərb. SSR vətəndaşı, Azərbaycan komsomolunun üzvü, Azərb. SSR CM 72, 73-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilsin. Həbs qəti imkan tədbiri seçilsin. 
 
Azərb. SSR Prokurorunun köməkçisi, istintaq işləri üzrə şöbə rəisinin müavini Yarovoy.
Quliyev Əşrəf Qulu oğlunun həbsinə icazə verirəm.
Azərb. SSR-in Prokuror əvəzi Pinkis, 25 iyul 1937-ci il ”.
Elə həmin gün onun həbsi haqqında order verilib.
 
Yeri gəlmişkən, orderdəki loqoda Azərbaycan dilində olan sözlər diqqəti cəlb edir. Zənnimcə, sözlər Azərbaycan dilinin inkişaf mərhələlərini müəyyənləşdirmək baxımından maraqlıdır. “Azərbaycan Sovet Sosialist Respubliqası Xəlq Daxili İşlər Qomissarlığı”. 
 
Beləliklə, 25 aprel 1937-ci ildə daha bir günahsız alim, müəllim üçün əzablı günlər başlayıb.
 
Həmin yay Əşrəf müəllim Şuşada istirahət etdiyindən onu Bakıda tapmaq mümkün olmayıb. Axtarış nəticəsində onun yeri müəyyənləşdirərək həbs edilib. XDİK-ın Şuşa rayon şöbəsinin rəisi Fərəcov XDİK DTİ-nin Dağlıq Qarabağ Muxtar Vilayəti(İstintaq materiallarında belə yazıldığına görə bu termini saxladıq-B.Əziz) şöbəsinin rəisi, kiçik leytenant Saadyana məlumat verib ki, “Quliyev Əşrəf həbs olunaraq  Sizin sərəncamınıza göndərilir”. 
Bundan sonra ənənəvi olaraq onun evində axtarış aparılaraq bu barədə protokol tərtib edilib. Protokoldan aydın olur ki, evdə köhnə paltarlar, kitablar, qəzet və jurnallar, müxtəlif yazılardan başqa, heç nə tapılmayıb. Maraqlıdır ki, evdən tapılan əşyaların qiymətləndirilməsi aparılmayıb. Tapılan yazıların, qəzet və jurnalların istintaq üçün maraq kəsb edib-etməməsi qeyd edilməyib. Bu da axtarış protokolunun müəyyən dərəcədə formal aparılmasını göstərir. 
 
Ənənəvi olaraq istintaqdan əvvəl təqsirləndirilənin anket məlumatları yazılıb. 1937-ci il avqustun 4-də Ə.Quliyevin doldurduğu məlumata görə, o, 1908-ci ildə Şuşa şəhərində anadan olmuş, Proletariat küçəsi 88-də yaşamışdır. Həbs olunarkən iş yeri APİ göstərilmişdir. Çox gənc olsa da, KP üzvü olmuşdur. Həyat yoldaşı Validənin 22, oğlu Raufun 2 yaşı olmuşdu. Qızının adı yazılmasa da, ancaq 7 aylıq olduğu göstərilmişdir.
 
İstintaq materiallarında həbs olunarkən Ə.Quliyevin üstündə 70 manat olduğu göstərilmişdir.
 
Həbs olunsa da, hələ istintaq başlamadığı halda ilk komsomol təşkilatı “ayıqlıq” göstərib dərhal Ə.Quliyevi əks-inqilabi fəaliyyətlə məşğul olduğu üçün öz sıralarından xaric edib. 
 
“...Müəllimlər İnstitutunun tarix fakültəsinin keçmiş dekanı Quliyev Əşrəf Qulu oğlu əks-inqilabçı fəaliyyətlə məşğul olduğuna görə komsomol sıralarından xaric edilsin. Təsdiq edir: APİ-nin ilk komsomol təşkilatı”
Maraqlıdır ki, o, həm də KP-nin üzvü olmuşdur. Nədənsə, bu ziddiyyətə aydınlıq gətirilməyib.
 
İlk istintaq 9 avqust  1937-ci ildə olub. Orada Ə.Quliyevin həm Azərbaycan Dövlət Universitetində, həm də APİ-də çalışdığı göstərilib. 
 
İstintaq materiallarının təhlilindən aydın olur ki, həbsindən keçən on dörd gün ərzində Əşrəf müəllimə istintaqa hansı cavablar verməyin lazım olduğu “ yaxşı başa salınıb”. Elə bunun nəticəsi idi ki, birinci istintaqda müstəntiqin “Sənə əks-inqilabçılardan kimlər məlumdur?” sualına Ə.Quliyev dərhal etirafedici ifadə verib bildirir. “...1.Nikolayev, 2.Bukşpan, 3. Həsənbəyov, 4.Çiçikalov, 5. Qubaydullin.”. 
 
Göründüyü kimi, əvvəla adları çəkilənlərin hamısı ADU-nun müəllimi olub. İkincisi, dövrün qəzetlərində “zəhmətkeşlər” və “ayıq ziyalılar” (Belələrinə əslində “ziyanlı” demək daha doğru olar) onların həbs olunub “xalq düşmənləri” kimi “ifşa” edilməsi kompaniyasiyasında bu şəxslərin adlarını çox hallandırmışdılar. Şübhəsiz ki, Ə.Quliyevin də bunlardan xəbəri var idi. Bunu onun istintaqa verdiyi sonrakı cavablarından da görürük. 
 
Müstəntiqin “Bu şəxslərin əks-inqilabçı trotskiçi təşkilatın üzvləri olması Sənə haradan məlumdur” sualına təqsirləndirilən “ Mətbuatdan ” deyə cavab verib. 
 
Bundan sonra müstəntiq Ə.Quliyevin əks-inqilabçı trotskiçi təşkilatda qrup rəhbəri hesab etdiyi Nikolayevlə necə və harada tanış olması, onun haqqında nə bildiklərini soruşulub. 
 
“Mən Nikolayevlə ilk dəfə 1930-cu ildə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunda oxuyarkən tanış oldum. ..O, böyük dövlətçilik mövqeyində dayanır. Azərbaycan tarixini inkar edir. Bildirirdi ki, guya elmi işlə yalnız Moskvada məşğul olurlar. Azərbaycanlılardan ibarət milli kadrların yetişdirilməsinə və onun keyfiyyətinə inanmırdı. Öz ətrafına da əsasən bu düşüncədə olan adamları cəlb edirdi”. 
Lakin belə cavab müstəntiqi tam qane etməyib. Ona görə o, Əşrəf müəllimdən Nikolayevin onunla əks-inqilabçı söhbətlərindən, təşkilata necə daxil olmasından geniş danışmağı məsləhət görsə də  o bunları rədd edib. 
Müstəntiq bir neçə dəfə eyni sualı versə də, hər dəfə Ə.Quliyevdən “Bunu inkar edirəm” cavabını alıb.
 
Belə vəziyyətdə müstəntiq Əşrəf müəllimə ənənəvi olaraq psixoloji təzyiq göstərib. 
 
“ Doğru danışmırsan. İstintaq müqavimət göstərməməyi, səmimi olmağı, həqiqəti söyləməyi təklif edir”. Cavab: Mən yalnız həqiqəti danışıram. Nikolayev mənimlə heç bir əks-inqilabçı trotskiçi söhbət aparmayıb”. 
Vəziyyətin belə olduğunu görən müstəntiq sualın istiqamətini dəyişib guya Ə.Quliyevin əks-inqilabçı trotskiçi təşkilatın Nikolayev qrupuna daxil olduğunun istintaqla müəyyən edildiyini bildirib ondan bunu təsdiq edib etmədiyini soruşur. Yenə təqsirləndiriləndən “Xeyr, inkar edirəm” cavabını alır. 
 
Müstəntiq yenə onu yalan danışmaqda, istintaqı aldatmağa cəhd etməkdə suçlayıb təklif edir ki, doğru danışsın və 
Nikolayevin əksinqilabçı trotskiçi fəaliyyəti haqqında bütün bildiklərini söyləsin. “Mən yalnız həqiqəti danışıram. Onun əks-inqilabçı fəaliyyətinin şahidi olmamışam” cavabını alır.
 
Bundan altı gün sonra, 15 avqust 1937-ci ildə ikinci istintaq keçirilib. Müstəntiq yenə əvvəlki kimi Əşrəf müəllimə istintaqa müqavimət göstərməməyi təklif edib əksinqilabçı trotskiçi fəaliyyəti haqqında doğru danışmağı  tələb edir. Cavab əvvəlkilərdən fərqlənməyib. 
“Mən istintaqa bəyan edirəm ki, heç vaxt əks-inqilabçı trotskiçi fəaliyyətlə məşğul olmamışam”.
Müstəntiq bir neçə dəfə eyni sualı təkrar edib. Cavab da, demək olar ki, eyni olub. 
“Mən heç vaxt, heç bir yerdə Nikolayev və onun əksinqilabi qrupu ilə əlaqə saxlamamışam. Müstəntiq:  Bunu necə 
Müstəntiqin bu istiqamətdə bir neçə cəhdi yenə baş tutmayıb. Belə bir vəziyyətdə o, Nikolayevin 4 aprel 1937-ci ildə istintaqa ifadəsindən Ə.Quliyev haqqında olan hissəsini oxuyur. 
“...Bu məqsədlə əsasən, elm cəbhəsində işləyən aşağıdakı şəxslərlə əksinqilabçı trotskiçi söhbətlər aparırdım. ...5. Quliyev Əşrəf, KP üzvü, ADU və APİ-nin ümumi tarix müəllimi. Bu barədə nə deyə bilərsiniz?. Cavab: Mən bunu rədd edirəm, Bu, böhtandır”.
Müstəntiq yenə onu istintaqa müqavimət göstərməkdə suçlayıb Nikolayevlə əks-inqilabçı trotskiçi söhbətlərdə onun  görüşlərini tam bölüşdüyünü bildirib. Halbuki Ə.Quliyev ilk istintaqda Nikolayevin fikirlərinin doğru olmadığını bildirmişdi. Ə.Quliyev bütün çətinliklərə, təzyiqlərə dözüb həqiqəti danışır. 
 
“Nikolayev mənimlə əks-inqilabçı trotskiçi söhbət aparmayıb və aparmadığı üçün olmayan söhbəti mən nə bölüşə və nə də razılaşa bilərdim”. 
 
Bu cavabdan sonra müstəntiq Nikolayevin 4 aprel 1937-ci ildəki istintaqa ifadəsindən başqa bir hissəsinə oxuyub. 
“... Mənimlə olan adamların hamısı, o cümlədən Ə.Quliyev əks-inqilabçı trotskiçi görüşlərimlə razılaşdılar. Bu haqda nə deyə bilərsən? Cavab: Inkar edirəm, doğru deyil.”
 
Müstəntiq yenidən ilk istintaqın ilk sualına qayıdıb ondan Nikolayevin əks-inqilabçı trotskiçi fəaliyyəti barədə geniş danışmağı təklif edib. 
“Nikolayevin əks-inqilabçı trotskiçi fəaliyyəti barədə onun XDİK tərəfindən həbs edildikdən sonra məlumatım olub. Onun elm cəbhəsində  əksinqilabçı trotskiçi fəaliyyəti barədə onu deyə bilərəm ki, o, Azərbaycan tarixini inkar edirdi. Azərbaycan gənclərinin müstəqil elmi iş apara biləcəyinə şübhə edir və bunun mümkünlüyünü inkar edirdi”. 
 
Bu cavablardan sonra müstəntiq ondan daha geniş danışmağı tələb etsə də, o bundan artıq heç nə bilmədiyini söyləyib.
Əşrəf müəllim müstəntiqin bütün təkidlərinə baxmayaraq Nikolayevin əks-inqilabçı qrupunda olmadığını bildirir. Müstəntiq onu yenə istintaqa müqavimət göstərməkdə, yalan danışmaqda ittiham edib Tixomirovun istintaqa 15-16 yanvar 1937-ci ildə verdiyi ifadəsini oxuyur. 
“...Mənə Nikolayevin əks-inqilabçı trotskiçi qrupuna daxil olanlardan aşağıdakılar məlumdur: ...7.Quliyev Əşrəf, KP üzvü, qərb ölkələri tarixi müəllimi.Bunu qəbul edirsnmi? Cavab: Xeyr,  inkar edirəm “...
 
Müstəntiq bu dəfə ona Tixomirovun 3 avqust 1937-ci ildə istintaqa verdiyini ifadəsini oxuyub…
(…)
Bununla da ikinci istintaq başa çatıb. Bu istintaqdan 22 gün sonra üçüncü istintaq olub. 
Müstəntiq bu istintaqın əvvəlində yenidən Nikolayev və Tixomirovun ifadələrində Ə.Quliyevin əksinqilabçı trotskiçi təşkilata, Nikolayev qrupuna daxil olması haqqında məsələyə toxunub bildirir ki, “...Sənə məsləhət görürəm ki, müqaviməti dayandırıb ADU və APİ-də əksinqilabçı trotskiçi fəaliyyətin barədə geniş bəhs edəsən”. 
Cavab əvvəlkilərdən fərqlənmir: “Mən müqavimət göstərmirəm. Əksinqilabçı trotskiçi fəaliyyətlə heç vaxt məşğul olmamışam, heç bir əks-inqilabçı trotskiçi qrupa daxil olmamışam”.
 
Müstəntiq dəfələrlə sualı başqa formalarda təkrar edib ona psixoloji təzyiq göstərsə də, lakin Əşrəf müəllim olmayan bir şeyi boynuna almır. Müstəntiq bu dəfə Tixomirovun, Nikolayevin və digərlərinin Ə.Quliyevin APİ və ADU-da praktik işlər aparmaq tapşırığı barədə ifadələrini oxuyub. Əşrəf müəllim cavabında praktik əksinqilabçı trotskiçi tapşırıq almadığını, tələbə və müəllimlər arasında belə bir iş aparmadığını bildirib…
(...)
 
Əşrəf Quliyevin dördüncü istintaqı 21 sentyabr 1937-ci ildə olur. Istintaq materialları göstərir ki, müstəntiq yenə əvvəlki kimi hədə-qorxular gəlməyə başlayır, ona müqavimət göstərməməyi və s.-ni təklif etsə də, lakin cavab eyni olur. O, müstəntiqin onun 1936-cı ildə Nikolayev tərəfindən əks-inqilabçı trotskiçi təşkilata cəlb edilməsi, verilən praktik tapşırıqlar barədəki sualına da rədd cavabı verir. 
 
Terrorçuluq fəaliyyəti, Sovet hakimiyyətini devirmək, Azərbaycanı SSRİ-dən ayırmaq, sosializm quruluşunun əvəzinə kapitalizm quruluşu yaratmaq, M.C.Bağırova qarşı terror həyata keçirməyi planlaşdırmaq və s. suallara da Əşrəf müəllim “bilmirəm, rədd edirəm, yalandır, inkar edirəm” kimi cavablar verib. Bu istintaqdakı sual-cavablar səkkiz səhifədən ibarətdir. Burada əsas suallar əks-inqilabçı trotskiçi terrorçu təşkilatın, qrupun nə vaxt yaradılması, onun nə zaman və necə buraya cəlb edilməsi, hansı praktik əksinqilabi tapşırıqlar alması, bunun ADU və APİ-də necə yerinə yetirilməsi, yerinə yetirilərkən kimləri cəlb etməsi və s. olmuşdur. Bundan başqa, müstəntiq ona yenidən Tixomirov və Nikolayevin müxtəlif zamanlarda verdiyi Ə.Quliyevlə bağlı ifadələrini oxuyur. Nikolayev ifadələrindən birində qeyd edir ki, onun qrupunun mərkəzində on bir nəfər olmuşdur. O, beşinci yerdə Ə.Quliyevin adını çəkmişdir. Ancaq buna baxmayaraq Əşrəf müəllim sonadək bütün deyilənləri inkar edir.
 
2 oktyabr 1937-ci ildə beşinci istintaq aparılıb. Demək olar ki, bu istintaqda da əvvəlki suallar verilir və ona cavab da eyni olur. Dəyişən yalnız Tixomirovla Nikolayevin istintaqa Ə.Quliyev haqqında verdiyi təxminən eyni məzmunlu ifadələr olmuşdur.  Bu cəhətdən Nikolayevin 19-20 sentyabr 1937-ci il tarixdə istintaqa verdiyi səkkiz səhifəlik ifadəsi maraq doğurur… 
 
O, ifadələrində Ə.Quliyevlə necə tanış olması, onu əks-inqilabçı trotskiçi təşkilatda necə və hansı şəraitdə cəlb etməsi, ona verilən əks-inqilabçı trotskiçi terrorçu praktik tapşırıqlar, bunun yerinə yetirilməsi, bu barədə ona məlumat verilməsi, terrorla bağlı söhbətlər, təşkilatın məqsədləri barədə nə dərəcədə məlumatlı olub olmaması, ADU və APİ-də gördüyü əksinqilabçı trotskiçi terrorçu işlər barədə şəxsən ona məlumat verməsi, M.C.Bağırova qarşı terror hazırlanması və onun razı olmasına, Bakıda silahlı üsyana hazırlıq və bunda güddükləri məqsədlərə toxunmuşdur.
 
Müstəntiq eyni zamanda 9, 10, 11 avqust 1937-ci ildə Abbas Yusifovun istintaqa ifadəsindən çıxarışı oxuyub .
O da göstərib ki, Nikolayevin qrupunda Əşrəf müəllimlə birgə olmuş, verilən tapşırıqları yerinə yetirmişdilər.O,bu iddianın da doğru olmadığını bildirib.  Əslində A.Yusifovun adından deyilən sözlər saxtakarlıqdır. Çünki Abbas müəllimin istintaq materiallarında belə ifadəyə rast gəlmədik.
27 sentyabr 1937-ci ildə Nikolayevlə Ə.Quliyevin üzləşdirilməsi keçirilib.
 
Müstəntiq onlardan bir-birini tanıyıb tanımamasını, şəxsi düşmənçiliklərinin olub-olmamasını soruşub. Sonra Nikolayevdən əksinqilabçı trotskiçi terrorçu qrupun üzvlərini, onlara verilən tapşırıqları söyləməsini istəyib. O, Ə.Quliyevin bu qrupa daxil olması, onların məqsədlərini yaxşı bilməsi və razılaşması barədə danışı. Ancaq Ə.Quliyev bunların hamısını rədd edib. Müstəntiq Nikolayevdən Ə.Quliyevi bu təşkilata kimin, necə, hansı şəraitdə cəlb etməsini, terror, Bakıda silahlı üsyana hazırlıq, Sovet hakimiyyətini devirmək istəmələri, bunu bilib-bilməməsi barədə geniş danışmağı təklif edib. O, müstəntiqin istədiyi formada bu məsələlər barədə geniş, ətraflı məlumat verib. Əşrəf müəllim bunların hamısını rədd edib. On dörd səhifədən ibarət olan bu üzləşmə protokolunun təhlili göstərir ki, müstəntiqin cəhdləri boşa çıxmışdı. O, Əşrəf müəllimə heç nəyi sübuta yetirə, boynuna qoya bilməmişdi.
 
Çox az rast gəlinən hallardan biridir ki, istintaqın bütün növ, ağlagələn və gəlməyən işgəncələrinə baxmayaraq müstəntiq təqsirləndiriləndən heç bir etirafedici ifadə ala bilməyib.
 
Bununla da istintaq başa çatıb. Bu barədə müstəntiq 2 oktyabr 1937-ci ildə protokol tərtib edib. 
 
Müstəntiq Ə.Quliyevə heç nəyi sübut edə bilmədiyi, təqsirləndirilənin özünü günahkar hesab etmədiyi halda, onu Azərbaycan SSR cm-nin 69, 70, 72-ci maddələri ilə günahkar bilərək  ittiham aktı tərtib edib.
5 oktyabr 1937-ci ildə bu ittiham aktını Azərb. SSR XDİ Komissarı, 3-cü dərəcəli DT komissarı Sumbatov-Topudze qırmızı rəngli karandaşla təsdiq etmişdir…
(…)
 
İttiham aktı 3 oktyabr 1937-ci ildə tərtib edilib. Onu tərtib edən XDİK DTİ-nin IV şöbəsinin rəisi, DT-yi kapitanı Sinman olmuşdur.
 
Göründüyü kimi, Əşrəf müəllimə qarşı irəli sürülən ittihamların heç birini sübut edəcək konkret fakt, özünün bunu təsdiq edəcək ifadəsi, sözü belə yoxdur. 
 
İttiham aktı sonadək yalnız başqalarının hansı yolla alındığı məlum olan ifadələri əsasında tərtib edilib. Ancaq istintaqda ona elan edilən iftiraları sona qədər rədd etməsi, boynuna heç nəyi almaması, günahsız olduğunu söyləməsi, heç bir etirafedici ifadə verməməsi belə onu haqsız ölüm cəzasından xilas edə bilməmişdi.
 
11 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası İ.O.Matuloviçin sədrliyi ilə hazırlıq iclası keçirib .
Hazırlıq iclasında məhkəmənin 1 dekabr 1934-cü il qanununa əsasən qapalı, vəkilsiz, şahidsiz keçirilməsi qərara alınıb.
İşdə Ə.Quliyevin ittiham aktı ilə tanış olması haqqında qəbz mövcuddur.
 
13 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının növbəti iclası keçirilib.
 
Matuleviçin sədr olduğu Məhkəmənin üzvləri Zaryanov, Jiqur, katib Kostyuşko, iştirak edən prokuror Rozovski olmuşdur. 1650də başlanan, cəmisi 15 dəqiqə çəkən iclas 1705-də qurtarıb.  Ə.Quliyev burada da özünü günahkar hesab etmədiyini söyləyib. Ancaq buna baxmayaraq o, Azərb. SSR cm-nin 69 70, 73-cü maddələri ilə ittiham edilərək ən ağır cəzaya - əmlakı müsadirə olunmaqla güllələnməyə məhkum edilib.
 
Cinayət işində onun elə həmin gün güllələnməsi haqqında müvafiq sənədlər var…”
 
(Davamı var)
 
 
Link kopyalandı!
Son xəbərlər