“Bu müharibə başlasa, İran etnik və ərazi baxımından parçalana bilər...”
Ekskluziv
2334
12 Oct 2024 | 13:21

“Bu müharibə başlasa, İran etnik və ərazi baxımından parçalana bilər...”

“Bir tərəfdən, İsrailin də ərazisi çox kiçikdir. Əgər İran bu ölkəyə genişmiqyaslı hücum etsə, istənilən halda insan tələfatları da ola bilər...”
 
“Əslinə qalsa, İsrail də sanki hücum etmək istəmir, gözləyirlər ki, əgər İran yenidən hücuma cəhd göstərsə, o halda hücum etsinlər. Bir sözlə, hər iki tərəf məsələnin ağırlığını yaxşı başa düşür. Bir tərəfdən, İsrailin ərazisi çox kiçikdir. Əgər İran bu ölkəyə genişmiqyaslı hücum etsə, istənilən halda insan tələfatları da ola bilər. Eyni zamanda İran da başa düşür ki, İsrail onun neft obyektlərinə, yataq və anbarlarına, həmçinin energetika obyektlərinə zərbə vursa, ölkə iqtisadiyyatına və bütövlükdə xalqın onsuz da gündən-günə ağırlaşan sosial durumuna böyük zərərlər dəyə bilər...”
 
Bu fikirləri Moderator.az-a açıqlamasında “Son günlər İsraillə genişmiqyaslı müharibə təhlükəsi həddinə çatmış bir durumda İran rəhbərliyinin siyasətini necə dəyərləndirirsiz?” sualını cavablandırarkən Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov söyləyib.
 
“İran Prezidenti Məsud Pezeşkian son çıxışlarından birində bildirdi ki, mən hakimiyyətə gələndə öz xalqıma onların çətinliklərini aradan qaldırmaq, ölkədə gözəl bir həyat qurmaq üçün əlimdən gələni edəcəyinə söz vermişdim. Ancaq gözlənilmədən  tale elə gətirdi ki, artıq hamımız bir yerdə əl-ələ verib bu çətinliklərin öhdəsindən gəlməli, Vətənimizi qorumalıyıq… Lakin İran prezidentinin həmin çıxışında İsrailə qarşı hansısa bir təhdid eşitmədim”, - diplomat belə deyib.
 
“Görünür ki, İran qarşıdurmanı o qədər də dərinləşdirmək istəmir. Əslinə qalsa, İsrail də sanki hücum etmək istəmir, gözləyirlər ki, əgər İran yenidən hücum etmək cəhdi göstərsə, o halda hücum etsinlər. Bir sözlə, hər iki tərəf məsələnin ağırlığını yaxşı başa düşür. Bir tərəfdən, İsrailin də ərazisi çox kiçikdir. Əgər İran bu ölkəyə genişmiqyaslı hücum etsə, istənilən halda insan tələfatları da ola bilər. Eyni zamanda İran da başa düşür ki, İsrail onun neft obyektlərinə, yataq və anbarlarına, həmçinin energetika obyektlərinə zərbə vursa, ölkə iqtisadiyyatına və bütövlükdə xalqın onsuz da gündən-günə ağırlaşan sosial durumuna böyük zərərlər dəyə bilər. Digər tərəfdən, cənab Pezeşkianın Amerikada İran diasporunun üzvləri ilə görüşdə də dediyi kimi, ölkə həm də etnik və ərazi baxımından parçalanma təhlükəsi qarşısında qala bilər. 52 milyonluq Azərbaycan əhalisi bir yana, Bəlucistan bir yana,  Xuzistan digər yana, Kürdüstan o biri yana ayrıla bilər. Yəni İsraillə genişmiqyaslı hərbi əməliyyatlardan sonra bu proses real şəkildə başlana bilər... Güman edirəm ki, bütün bunları dərk edən İran rəhbərliyi gündəlik çıxışlarda görünən kəskin ritorikaya rəğmən müxtəlif siyasi-diplomatik kanallarla müharibənin qarşısını almağa çalışır. Rusiya lideri Putinlə Aşqabaddakı son görüş də belə addımlardan biridir”,- deyə keçmiş səfir vurğulayıb.
 
Sultan Laçın 
 
Link kopyalandı!
Son xəbərlər