Azərbaycan rəhbəri özünə qarşı terror hazırlanmasını inkar etdi: “Bunlar mənə yaltaqlanmaq və yarınmaq üçün quraşdırılıb…”
Ekskluziv
2387
12 Oct 2024 | 10:56

Azərbaycan rəhbəri özünə qarşı terror hazırlanmasını inkar etdi: “Bunlar mənə yaltaqlanmaq və yarınmaq üçün quraşdırılıb…”

Ancaq respublika başçısına qarşı guya terror aktı hazılamaqda ittiham olunan BDU müəllimi Abbasəli Yusifovun özü güllələndi, həyat yoldaşı işə 8 illiyə sürgün edildi…
 
"İttiham işlərini saxtalaşdırdığına, həbs olunanlara qarşı zorakılıq tətbiq etdiyinə, qanunla yol verilməyən formada zorla ifadə aldığına görə istintaqı aparan Klemençiç, Sinman və Gerasimov həbs olunub, Sumbatov cinayət məsuliyyətinə cəlb olunub..."
 
"Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir... 
 
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
 
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...
Moderator.az aktuallığını və qarşıdan BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyinin gəlməsini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli  epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır:
 
“Müəllim: Abbasəli Yusifov. 
 
(Qeyd: Abbasəli müəllim haqqında bu material ilk dəfə olaraq bizim tərəfimizdən elmi dövriyyəyə daxil edilir- Müəllif)
 
(Əvvəli burada:)
 
“…Repressiya A.Yusifovun həyat yoldaşından da yan keçməyib. Belə ki, Mira Mixaylovna Yusifova ərinin güllələnməsindən on iki gün əvvəl, 1 oktyabr 1937-ci ildə həbs olunaraq XDİK xüsusi şöbəsinin qərarı ilə Akmoilinskə, 8 illiyə sürgün edilmişdir.
 
20 iyul 1955-ci ildə M.Yusifova Azərbaycan SSR Prokurorluğuna həyat yoldaşının günahsız olması, həbs olunma səbəbi, sonrakı taleyindən xəbərsiz olması barədə məktub yazıb. Eyni zamanda özünün məruz qaldığı haqsızlıqlar, səkkiz il iş alması, Akmoilinskdə keçirdiyi ağır illər barədə məlumat verir. 
“...Ali məktəbdə müəllim işləmişəm. Ərimin həbs olunma səbəbi, sonrakı taleyi barədə bizə heç bir məlumat verilməyib”.
 
O, M.C.Bağırovun xalq düşməni kimi ifşa edilməsindən, günahsız yerə həbs edilərək güllələnmiş və ya sürgün edilmişlərlə bağlı görülən işlərdən, bunların müsbət həll edilməsindən bəhs edərək ərinin taleyi barədə ona məlumat verilməsini, müsadirə edilmiş evinin, anasına məxsus pianinonun, yumşaq mebellərin, şifonerin, kitabxananın, bütün yumşaq əşyalarının, xüsusilə xalça, kostyum, yataq dəstinin, qol saatının, qolbağın və s.nin qaytarılmasını xahiş edib. İstintaq materiallarındakı saxtakarlıqdan biri, A.Yusifovun evində axtarış aparılması haqqındakı protokolda bunların heç biri haqqında məlumatın  olmamasıdır.
 
M.Yusifova bu məzmunda bir məktubu da 29 noyabr 1955-ci ildə Zaqafqaziya Hərbi Dairəsi Hərbi Prokurorunun(ZHD HP) Baş köməkçisinə yazıb. O, əvvəlki məktubdan fərqli olaraq bu dəfə həbs olunma tarixini 01 deyil, 14 oktyabr kimi göstərib. Mira xanım üçlüyün qərarı ilə səkkiz illiyə Akmolinskə sürgünə göndərilməsindən, 12 noyabr 1942-ci ildə vaxtından əvvəl həbsdən azad olunmasından, doğma Bakıya deyil, Türküstan şəhərinə göndərilməsindən bəhs edib son durumu haqqında məlumat verir. 
“...Hazırda mən Stavropol diyarında olan Temazbek rayonunun 3-cü sovxozunda işləyirəm. Mən Azərbaycan SSR Prokurorluğuna məktub yazmışam. Oradan məktubun Sizə göndərildiyini bildirdilər. Lakin indiyə qədər Sizdən cavab almamışam”.
 
Cavabın gec gəlməsindən narahat olan M.Yusifova bu dəfə daha yuxarıya – SSRİ Baş Prokuroru Rudenkoya ərinin və özünün başına gələnlər barədə daha geniş, ətraflı məktub yazıb.
 
Çox keçmir ki, A.Yusifovun cinayət işinə baxılma prosesi başlayır. Əvvəlcə ZHD HP-nun xüsusi işlər üzrə köməkçisi, ədliyyə kapitanı Karayev cinayət işini hərtərəfli araşdıraraq iki səhifədən ibarət arayış yazıb. 
 
Arayışda istintaq işinin gedişi və ifadələrin qısa məzmunu verilib. Ən əsası orada istintaqı aparan müstəntiqlərin – DTİ-nin IV şöbəsinin I bölməsinin rəisi, leytenant Klemençiçin, IV şöbənin rəisi DT-nin leytenantı Şerin yol verdiyi nöqsanlar öz əksini tapıb.
 
Karayev işi yenidən araşdırarkən istintaq materialları ilə kifayətlənməmiş, həm A.Yusifovla birlikdə işləmiş, onu tanıyan adamları, həm də vaxtilə XDİK-nin DTİ-də işləmiş müstəntiqləri dindirilmişdir. Xüsusilə, vaxtilə insanlara işgəncə vermiş müstəntiqlərin etirafları, taleləri çox ibrətamizdir.
 
26 oktyabr 1955-ci ildə şahid qismində dindirilən müstəntiqlərdən biri Kemarski Vladimir Nikolayeviç olmuşdir.
(...)
 
Kemarski və Xaldibanovun ifadələrində adları çəkilən müstəntiqlərin demək olar ki, hamısı 1938-1940-cı illərdə həbs edilərək güllələnmiş, ya da işdən çıxarılmışdı. Onlar bir qayda olaraq repressiya dövründə işgəncə verilməsində fəal olub bəraət vermə prosesində nəinki işdə qalan, əksinə yüksək vəzifədə çalışan keçmiş müstəntiqlərin adlarını çəkməyib. 
 
Ümumiyyətlə, onların ifadələri saxtakarlığın, yalançı göz yaşlarının əsil nümunəsidir. Xaldibanov həbs edilənlərə verilən işgəncələrdən bəhs edərkən göstərib ki, “ ...onları uzun müddət ayaq üstə dayanmağa məcbur edirdilər... Uzun müddət fasiləsiz  ayaq üstə qalanların bir çoxu üzü üstə yerə yıxılırdı. Onları döyür, yenidən ayaq üstə durmağa məcbur edirdilər. Belə metod, təqsirləndirilənin istintaqa lazım olan ifadəni verməsinə qədər davam edirdi. ...Mən dəfələrlə belə istintaqa etiraz etmişəm. Bu cinayətkar istintaq metodu idi. Sovet adamlarına qarşı belə metod yolverilməz idi və belə yolla süni şəkildə əks-inqilabi təşkilat yaradıb sonra onu guya müvəffəqiyyətlə zərərsizləşdirirdilər”.
 
Maraqlı, özünü və həmçinin vaxtı ilə işlədiyi idarənin cinayətkar istintaq metodunu ifşa edən şahid ifadələrindən biri də 1905-ci ildə anadan olmuş, natamam ali təhsili, milliyyətcə erməni olan Q.S.Qabrielyanın 7 oktyabr 1955-cu ildə Zaqafqaziya Hərbi Dairəsi Hərbi Prokurorunun xüsusi işlər köməkçisi, kapitan Karayevə verdiyi ifadəsidir. Təqsirləndirilənlərə verilən dəhşətli işgəncələri, amansızcasına döyülmələri və s.-ni görən, ancaq guya özünün bu işlərdə iştirak etmədiyini, qəlbində belə metodlara etiraz etdiyini bildirən bu keçmiş müstəntiqin etirafları “timsahın göz yaşlarına” bənzəyir...
(...)
Şübhəsiz ki, ən maraqlı ifadələrdən biri 15 dekabr 1954-cü ildə Mir Cəfər Bağırovun (1933-1953-cü illərdə Azərbaycan SSR-in rəhbəri-S.L.) istintaqa verdiyi ifadədir.  Ona qarşı hazırlanan terror aktı barədə müstəntiqin sualına o belə cavab verib: “...Heç bir terror aktı həyata keçirməyə hazırlıq olmayıb. Onların hamısı XDİK-nın yaradıcılığıdır. Keçən istintaqda da bildirdim ki, 1936-1937-ci illərdə Az. SSR XDİK mənə qarşı guya terror aktı hazırlığı haqqında qurama işlər tərtib ediblər. Bunlar mənə yaltaqlanmaq və yarınmaq üçün edilib. Bu işdə Yemelyanov və Sumbatov günahkardır”...
(...)
 
1 mart 1956-cı ildə Moskva şəhərində SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Abbas Yusifovun işinə baxıb  (30,103). 
 
“Təqsirləndirilən A.Yusifovun arxiv-istintaq işini hərtərəfli yenidən araşdıraraq istintaqla müəyyən etdi: İttihamlar quramadır, hüquqları tam pozulub, ittiham faktiki surətdə sübuta yetirilməyib.
 
Sonradan ifadə verənlər bu şəxsi təmiz, vicdanlı, yaxşı mütəxəssis, Sovet dövlətinə və KP-na sədaqətli vətəndaş, yaxşı alim, pedaqoq kimi xarakterizə etmişlər.
İttiham işlərini saxtalaşdırdığına, həbs olunanlara qarşı zorakılıq tətbiq etdiyinə, qanunla yol verilməyən formada zorla ifadə aldığına görə istintaqı aparan Klemençiç, Sinman və Gerasimov həbs olunub, Sumbatov cinayət məsuliyyətinə cəlb olunub.
Bütün bunlara görə müəyyən etdik ki, A.Yusifov əsassız yerə həbs olunub və cəzalandırılıb. Ona görə bu iş əlavə aparılmış istintaq materialları ilə birlikdə SSRİ Ali Məhkəməsinə göndərilir və xahiş olunur ki, səyyar Məhkəmənin 11 oktyabr 1937-ci ildə çıxardığı qərarı yeni yaranmış şəraitə, üzə çıxarılmış faktlara əsasən işdə cinayət tərkibi olmadığına görə ləğv etsin”.
 
SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası 16 may 1956-cı ildə işə baxaraq, nəhayət, A.Yusifova bəraət verilməsi haqqında qərar qəbul edib..."
 
(Davamı var)
 
Təqdim etdi:
Sultan Laçın
 
 
 
 
 
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər