““Böyük İsrail” proyekti ilə bağlı işlərə “utopiya” demək, sadəcə, özünü aldatmaq olar...”
2526
11 Oct 2024 | 20:55

““Böyük İsrail” proyekti ilə bağlı işlərə “utopiya” demək, sadəcə, özünü aldatmaq olar...”

“Azərbaycan olaraq bizim özümüz “Böyük Ermənistan” xülyasıyla yaşayan bir ovuc erməni millətçisinin hədəfinə gəldik. Əlbəttə, çoxları düşünürdü ki, hansı “Böyük Ermənistan”dan söhbət gedə bilər – bu, xülyadır. Amma nəticədə hələ XX əsrin əvvəlindəkiləri demirik, əsrin sonunda başlanan və böyük itkilərlə müşayiət olunan, 30 ildən çox çəkən bir müharibə baş verdi...”
 
“Ən başlıcası da İsrailin hərbi və siyasi ekspertləri birbaşa Türkiyəni dağıtmaqdan danışırlar və bunun üçün kürd amilindən istifadə etməyi təklif edirlər. İsrailə, yəhudilərə loyal olacaq böyük bir Kürdüstan dövləti yaratmaq... Belə planlar var və onlar həyata keçirilir...”
 
Yaxın Şərqdə durumun artıq Qəzza ilə yanaşı, Livanda da nəinki hərbi əməliyyatlar, soyqırım və qətliamlar səviyyəsində ifrat dərəcədə gərginləşməsindən sonra media və bəzi şərhçilərin dilində “Böyük İsrail” layihəsi daha açıq formada gündəmə gəlib. Bu dəfə artıq həmin proyekt hansısa konspiroloji məlumat kimi yox, real siyasi gerçəklik kimi qələmə verilir. Guya “Böyük İsrail”in qurulması üçün 4 dövlət məhv edilməlidir: İran, Suriya, İraq və Türkiyə... Ərdoğan deyir ki, əslində İsrailin  əsas hədəfi elə Türkiyədir... Guya “HƏMAS”la, “Hizbullah”la, İranla qarşıdurma da, “Böyük Kürdüstan” planı da və s. sözügedən layihənin tərkib hissələridir... 
 
Bəs görəsən, doğrudanmı “Böyük İsrail” layihəsi mövcuddur, yoxsa bu sadəcə hansısa bir qrup radikal yəhudi qruplaşmasının xəyalıdır? Onun arxasında hansı real güclər durur?.. 
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bunları söyləyib.
 
“ “Böyük İsrail” layihəsi siyasi reallıq baxımından, əlbəttə ki, siyasi utopiya və uydurmadır. Amma biz görmüşük ki, artıq tarixdə dəfələrlə böyük bir dövlət, böyük bir imperiya qurmaq xülyası sonda kimlərinsə böyük müharibələrə səbəb olan avantürasıyla nəticələnib. Və on minlərlə, yüz minlərlə, milyonlarla insan belə xülyaların, əgər onlara xülya demək mümkünsə, qurbanına çevrilib. Savaşlar, böyük müharibələr olub. Demək olar ki, Azərbaycan olaraq bizim özümüz “Böyük Ermənistan” xülyasıyla yaşayan bir ovuc erməni millətçisinin hədəfinə gəldik. Əlbəttə, çoxları düşünürdü ki, hansı “Böyük Ermənistan”dan söhbət gedə bilər – bu, xülyadır. Amma nəticədə hələ XX əsrin əvvəlindəkiləri demirik, əsrin sonunda başlanan və böyük itkilərlə müşayiət olunan, 30 ildən çox çəkən bir müharibə baş verdi. Odur ki, “Böyük İsrail” xülyasına da yalnız xülya kimi yanaşmaq lazım deyil. Və deməliyəm ki, İsraildə fəaliyyət göstərən, dövlətə bağlı, vaxtilə dövlətdə fəaliyyət göstərən hərbi, siyasi ekspertlər bu gün bir çox məsələlər haqqında artıq açıq danışırlar. Məsələn, Türkiyə ilə müharibə haqqında, Türkiyənin necə sıradan çıxarılmasının mümkünlüyü haqqında, İran haqqında, İranın necə dağıdılması haqqında və s. Bunlar haqqında danışılırsa,  əlbəttə ki, bu, kimlərinsə planıdır, artıq xülya deyil. Mahiyyət etibarilə xülya ola bilər. Amma dediyim kimi, xülya kimlərinsə əlində alətə çevrildikdə bu artıq böyük müharibə, böyük faciə olur.  Ona görə də istisna etmirəm ki, bu layihənin arxasında hansısa bir radikal yəhudi sektant qrupu olsun, dindar qrupu, sionist qrupu dayanır. Fərqi yoxdur, - əgər hakimiyyət onların əlindədirsə və onlar bu addımları atırlarsa...  Və o addımların əlamətləri faktiki olaraq görünür. Qəzzanı yerlə-yeksan edib soyqırım aparıb, demək olar ki, boşaldırlar. Eyni proses bu gün Livanda baş verir və bunu heç gilzlətmirlər də ki məhz Qəzzadakına oxşar bir əməliyyatı da orada həyata keçirəcəklər. Artıq İranla bağlı planlar gündəmə gəlir. Və ən başlıcası da İsrailin hərbi və siyasi ekspertləri birbaşa Türkiyəni dağıtmaqdan danışırlar və bunun üçün kürd amilindən istifadə etməyi təklif edirlər. İsrailə, yəhudilərə loyal olacaq böyük bir Kürdüstan dövləti yaratmaq... Belə planlar var və onlar həyata keçirilir. Mən buna zərrə qədər şübhə etmirəm. Yenə deyirəm, bir var bunu üçüncü tərəfdən, hansısa bir kənar qüvvələrin dilindən eşidəsən, amma bu, İsrail mənsublarının özlərinin danışdıqlarından bəlli olur.  Məsələn, Sergey Auslander və Qriqori Tamar ad-soyadlı İsrail ordusunda yüksək rütbələrdə xidmət etmiş iki hərbi-siyasi ekspert bu gün bu mövzularda, o cümlədən, dediyim kimi, Türkiyənin sıradan çıxarılması haqda açıq danışırlar. Və artıq bu işlərə “utopiya” demək, sadəcə, özünü aldatmaq olar...” 
 
Sultan Laçın
 
 
 
Link kopyalandı!
Son xəbərlər