Bütün ən ağır işgəncələrə rəğmən Abbasəli Yusifov M.C.Bağırova qarşı sui-qəsd hazırlamaq, terror təşkil etmək, Bakıda silahlı üsyana hazırlaşmaq kimi məsələlərdən xəbəri olmasını rədd edib...
"Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir...
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...
Moderator.az aktuallığını və qarşıdan BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyinin gəlməsini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır:
“Müəllim: Abbasəli Yusifov.
(Qeyd: Abbasəli müəllim haqqında bu material ilk dəfə olaraq bizim tərəfimizdən elmi dövriyyəyə daxil edilir- Müəllif)
" "Humanist” sovet rejimi tərəfindən həyatına vaxtsız soт qoyulan BDU müəllimlərindən biri də 1900-cü il təvəllüdlü, tarix elmləri namizədi, dosent Yusifov Abbasəli Əlizadə oğlu olmuşdur.
Lənkəran şəhərində anadan olmuş Abbasəli müəllim həbs olunarkən Bakı şəhəri, Kaqanoviç küç., 32-də yaşamışdır. Sosial mənşəyi fəhlə olan A.Yusifov BDU ilə yanaşı, Respublika təbliğatçılar məktəbində də işləmişdir.
Həbs olunarkən yazdığı anketdə onun təhsilinin ali, 1920-ci ildən kommunist partiyasının üzvü, sovet hakimiyyətinə qarşı üsyanlarda iştirak etmədiyi, heç bir əks-inqilabçı təşkilatın üzvü olmadığı yazılıb.
Həmin dövrdə Politexnik İnstitutunda alman dili müəllimi işləyən həyat yoldaşı Mira Mixaylovnanın qızı Zəkəriyyənin 12, anası Züleyxanın 55 yaşı olmuşdur. Nədənsə o, atası haqqında heç bir məlumat verməyib.
İstintaq sənədindində göstərilib ki, məsuliyyətə cəlb olunan zaman Abbasəli müəllim universitetdə müəllim olmaqla yanaşı, Pedaqoji Texnikumun da direktoru olmuşdur. Ancaq anket doldurarkən bu fakt orada öz əksini tapmayıb. Müstəntiq A.Yusifovun həbsini əsaslandırmaq üçün prof.B.M.Tixomirovdan işgəncə yolu ilə aldığı ifadəyə əsaslanmışdı. Orada göstərilib ki, guya Abbasəli müəllim gizli əks-inqilabçı trotskiçi Bakı təşkilatında prof. Nikolayevin rəhbər olduğu qrupun üzvü olmuşdur.
Məlum üsullarla 20-21 fevral 1937-ci ildə Həsənov Rəhimdən alınan ifadədə Abbasəli müəllimin adı əit təşkilatın üzvü kimi dördüncü yerdə göstərilib.
“...Əksinqilabçı trotskiçi qrupa Nikolayev, Qarber, Safranoviç, mən və Tixomirov daxil idik. Nikolayevin sözlərindən mənə məlum oldu ki, onun qrupuna aşağıdakılar daxildir: ... 4) Yusifov Abbas*, AK(b)P üzvü, ADU-nun ümumi tarix kafedrasının və Ali partiya İnstitutunun müəllimi
(Əsil adı Abbasəli olsa da, istintaq materiallarında müstəntiq onun adındakı Əli sözünü ixtisar etmişdir)...
Mən onunla əksinqilabi trotskiçi söhbət apardım. Söhbətimiz əsas etibarı ilə elm cəbhəsi sahəsindəki vəziyyətlə bağlı idi... Bu şəxslər mənim əks-inqilabçı trotskiçi baxışlarımla həmrəy oldular və fikirlərimi müdafiə etdilər.... O, əvvəllər Bakı Mərkəzi Pedaqoji Texnikumun direktoru olub. Mənim tərəfimdən 1937-ci ilin əvvəllərində bu təşkilata cəlb olunub”.
Beləliklə, artıq taleyi həll olunmuş A.Yusifovun işini aparan müstəntiq XDİK DTİ-nin IV şöbəsinin I bölməsinin rəisi, Dövlət Təhlükəsizliyi leytenantı Klemençiç onu Azərb. SSR cm-nin 72, 73-cü maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edib.
Müstəntiqin orderinə əsasən onun evində axtarış aparılıb. Axtarış protokolunda göstərilib ki, onun evindən həmkarlar təşkilatının üzvlüyünə aid bilet, kitablar, müxtəlif məktublar və s. tapılmışdır. Ən təəccüblüsü Abbasəli müəllimin evindən o dövrdə repressiyaya məruz qalan ziyalıların, alimlərin heç birinin evindən tapılmayan “silah-sursat” aşkarlanması idi. Tapılan da silahın özü deyil, “....revolver kaburu və 5 ədəd patron” idi.
Bakı şəhəri, Voroşilov rayon PK-nın katibi Okinçeviçin istintaqa verdiyi arayışdan aydın olur ki, A.Yusifov dərhal “xalq düşməni” kimi partiya sıralarından xaric olunub.
Bakı Dövlət Universitetinin ümumi tarix kafedrasında yeni tarix fənnindən dərs deyən A.Yusifovun cinayətə cəlb olunması haqqındakı qərarı XDİK DTİ-nin VIII şöbəsinin rəisi, DT leytenantı Koqan təsdiq etmişdi.
İlk istintaq 29 iyul 1937-ci ildə olmuşdur (30,15). Ənənəvi olaraq müstəntiqin ilk sualı olan “Əks-inqilabçı trotskiçilərdən kimi tanıyırsan?” sualına A.Yusifov “Heç kimi” deyə cavab verib. Ancaq müstəntiq ikinci dəfə eyni sualı təkrar etdikdə məlum “möcüzə” baş verir. O, etirafedici ifadə verməyə başlayıb...
(...)
Beləliklə, birinci istintaq başa çatıb. Bundan ay yarım sonra demək olar ki, üç gün fasiləsiz olaraq davam edən ikinci istintaq başlayıb.
İstintaq materiallarının təhlilindən aydın olur ki, bu dəfə Abbasəli müəllimə istintaqa necə ifadə vermək lazım olduğunu tam “başa salıblar”. Bunun nəticəsində o, hər şeyi etiraf edir, yadına birər-birər bütün məsələlər düşür. Belə ki, o, müstəntiqin “Müəyyən olunmuşdur ki, sən əks-inqilabçı trotskiçi təşkilatın üzvü olmusan. Bunu boynuna alırsanmı” sualına A.Yusifov “Bəli, etiraf edirəm ki, mən həqiqətən əks-inqilabçı trotskiçi təşkilatın üzvü olmuşam”, deyə cavab verib. O, təşkilata professor Nikolayev tərəfindən cəlb edildiyini, təşkilata cəlb edilərkən onunla əks-inqilabi trotskiçi söhbətlər aparıldığını bildirib. Söhbətlərin mərkəzində isə partiya və dövlətin yeritdiyi siyasətə böhtan atmaq dayanmışdı.
Müstəntiq Abbasəli müəllimin bu etirafları ilə kifayətlənmir, ona daha ağır ittiham sürmək üçün təzyiqi, şantajı artırır. Onu respublika rəhbərliyinə qarşı terror həyaya keçirməyə hazırlaşmaqda ittiham edir. A.Yusifov bu ittihamdan sonra onu nəyin gözlədiyini yaxşı başa düşdüyündən belə yalanı qəbuletmir.
“İstintaq müəyyən etmişdir ki, Siz təbliğat işlərindən başqa respublika rəhbərliyinə qarşı terror həyata keçirməyə də hazırlaşmısınız. Cavab: Bunu inkar edirəm. Sual: Sən istintaqı aldatmağa çalışırsan. Səmimi olun və doğru danışın. Cavab: Mən yalnız doğru olanı danışıram.
Sual: Sizin əks-inqilabçı trotskiçi təşkilat M.C.Bağırova qarşı terror aktını nə vaxt hazırlayıb və onu necə həyata keçirməli idi?
Cavab: Mən bunu inkar edirəm. Sual: Siz bunu necə inkar edirsiniz ki, Nikolayev özü bu barədə məlumat verib.
Cavab: Nikolayev M.C.Bağırova qarşı terror hazırladığı barədə mənə heç vaxt, heç nə söyləməyib. Sual: Xəbərdar edirəm ki, istintaqı aldatmayasınız, səmimi olasınız”.
Müstəntiq bir neçə dəfə bu sualı təkrar etsə də, Abbasəli müəllimdən ona sərf edən cavabı ala bilməyib. Bundan sonra Klemençiç sualın istiqamətini dəyişib. 25 sentyabr 1937-ci ildə istintaq yenidən davam edib.
Müstəntiq yenə ondan istintaqa müqavimət göstərməməyi, səmimi olmağı, doğru danışmağın vacibliyini xatırladıb düzgün ifadə verməyi təklif edir. A.Yusifov cavabında istintaqa müqavimət göstərmədiyini, ifadələrinin doğru olduğunu, sözlərinə tam cavabdehlik daşıdığını bildirir. Klemençiç xeyli cəhd etsə də, A.Yusifovun daxil olduğu qrupun M.C.Bağırova qarşı terror aktı törətmək istəyi ilə bağlı etirafedici ifadə ala bilmir. Bu zaman o Nikolayevin 19-20 sentyabr 1937-ci ildə işgəncə ilə alınmış ifadəsini oxuyub.
“Mən Yusifova sovet hakimiyyətinə və partiyaya qarşı mübarizə aparmaq məqsədi ilə yaradılan trotskiçi terrorçu qrup haqqında məlumat vermişəm. Rəhbərliyim altında yaradılan bu qrup M.C.Bağırova qarşı terror həyata keçirməli idi. Yusifov da bu qrupun üzvü idi və o, bütün planlardan xəbərdar idi. Bu barədə nə deyə bilərsən?”.
Maraqlıdır, əgər Nikolayevin belə bir qrupu olubsa və bu barədə Abbasəli müəllimə da məlumat veribsə, nədən bu barədə əvvəlki istintaqda ona heç nə deyilməyib. Görünür, belə ifadəni əvvəl Yusifovdan almaq istəyiblər. Lakin bu mümkün olmadıqda istintaqa lazım olan etirafedici ifadəni Nikolayevdənalıb onu fakt qarşısında qoymaq istəyiblər.
Bu istintaqda da terrorla bağlı sual müxtəlif formalarda bir neçə dəfə təkrar olsa da, mənəvi-psixoloji təzyiq əhəmiyyətli şəkildə artsa da, ancaq Yusifovu sındırmaqla yalanı onun boynuna qoymaq mümkün olmur:
“Nikolayev terrorçu qrup və onun məqsədləri barədə mənə heç nə söyləməyib... mən yalnız həqiqəti söyləyirəm və istintaqla əməkdaşlıqdan boyun qaçırmıram”.
Bununla da 25 sentyabr istintaqı yekunlaşıb.
3 oktyabr 1937-ci ildə istintaq yenidən davam etdirilib.
Müstəntiq A.Yusifova ittiham olunduğu cinayət maddələrini izah edib ondan bu maddələrlə özünü günahkar hesab edib-etmədiyini soruşub. Abbasəli müəllim ona izah edilən digər maddələri qəbul etsə də, ancaq terrorla bağlı olanı qəbul etməyib
(…)
Müstəntiq bundan sonra üzləşdirmə mərhələsinə keçib. İlk üzləşdirmə 27 sentyabr 1937-ci ildə Nikolayevlə aparılıb
Üzləşdirmədən aydın olur ki, Abbasəli müəllim əks-inqilabçı trotskiçi təşkilata Nikolayev tərəfindən cəlb edilməsini, əks-inqilabi təbliğat aparmasını, təşkilata yeni üzvlər cəlb etməyə çalışmasını boynuna alır, ancaq M.C.Bağırova qarşı sui-qəsd hazırlamaq, terror təşkil etmək, Bakıda silahlı üsyana hazırlaşmaq kimi məsələlərdən xəbəri olmasını rədd edir.
Bununla da müstəntiq istintaqı yekunlaşdırır. Bu barədə 3 oktyabr 1937-ci ildə müstəntiq Komarovski müvafiq protocol yazıb. Elə həmin gün, 3 oktyabr 1937-ci ildə Azərb. SSR XDİK-nin DT-nin üçüncü dərəcəli komissarı Sumbatov A.Yusifovun CM-nin 69, 70, 73-cü maddələri ilə ittiham olunduğu aktı təsdiq edib.
Maraqlıdır ki, ittiham aktının üstündəki bəzi maddələr, onun hissələri, məsələn, 69-21, 21, 72, 21-64-cü göy rəngli karandaşla pozulmuşdur. Görünür bu A.Yusifova terror və silahlı üsyanı sübut edə bilməmələri ilə bağlı olmuşdur. Təqsirləndirilən bütün çətinliklərə, işgəncələrə baxmayaraq bu ittihamı rədd edərək boynuna almamışdır. Digər tərəfdən ehtimal ki, həbs olunan digər çoxsaylı elm adamlarına bu maddələri yüklədiklərinə görə buna ehtiyac olmayıb.
A.Yusifova verilən ittiham aktında deyilir: “...1936-cı ilin sonunda Azərb. SSR XDİK DTİ mərkəzlə(Moskva-B.Ə) əlaqəsi olan Bakıdakı əks-inqilabçı trotskiçi terrorçu təşkilatın gizli fəaliyyətinin üstünü açmış və onu ləğv etmişdir. Təşkilat ÜİK(b)P-nın və Sovet hakimiyyətinin rəhbərlərinə qarşı terror tətbiq etmək, kəşfiyyat, casusluq, təxribat, ziyankarlıq işi aparmaq və silahlı üsyan hazırlamağı qarşısına məqsəd qoymuşdur.
İstintaq müəyyən etmişdir ki, 1936-cı ildə A.Ə.Yusifov prof.Nikolayev tərəfindən əks-inqilabçı trotskiçi terrorçu qrupa cəlb edilmişdir. Bunu Nikolayevin cəlbetmə barədəki 19-21 sentyabr 1937-ci ildəki və Yusifovun Nikolayev tərəfindən cəlb edilməsi ilə əlaqədar 9, 10, 11 sentyabr 1937-ci ildəki etirafedici ifadələri də sübut edir.
Nikolayevin əks-inqilabçı trotskiçi qrupunun üzvü kimi 1936-cı ildə ondan Ali Pedaqoji İnstitutda Azərb. K(b) P MK-nin katibi M.C.Bağırova qarşı terror həyata keçirmək üçün terrorçu dəstə yaratmaq barədə göstəriş almış və dərslərdə, müəllimlər arasındakı antisovet ziyankarlıq işi aparmışdı”.
Daha sonra ittiham aktında yazılıb: “1900-cu ildə Lənkəran şəhərində doğulmuş, ÜİK(b)P-nin keçmiş üzvü, 1937-ci ildə xalq düşməni kimi partiyadan xaric edilmiş, həbs edilən dövrdə ADU-nun tarix müəllimi Abbas Yusifov Əlizadə oğlu ...ittiham edilir:
1. O, 1 dekabr 1934-cü ildə Kirov yoldaşın vəhşicəsinə qətlə yetirilməsindən və sonrakı illərdə(1934-1937-ci illər nəzərdə tutulur) ÜİK(b)P-nin və Sovet dövlətinin rəhbərlərinə qarşı terror əməlləri həyata keçirməyə hazırlaşan əks-inqilabçı trotskiçi terrorçu təşkilatın üzvü olmaqda .
2. 1936-cı ildə Nikolayevin əks-inqilabçı trotskiçi terrorçu qrupuna cəlb olunmuşdur.
3. Ali Pedaqoji İnstitutda siyasi cəhətdən natamam, yetişməmiş kadrların yaranmasına səbəb olan ziyankarlıq işi aparmışdır.
4. Bakı şəhərində əks-inqilabçı trotskiçi terrorçu qrupun silahlı üsyan hazırlaması barədə məlumatlı olub.
Özünü Az.K(b)P MK-nın katibi M.C.Bağırova qarşı terror aktı istisna olmaqla digər ittihamlarda günahkar bilir. O, Nikolayevin, Tixomirovun, Melyuxun, Mikayıl Hüseynov və R.Həsənovun ifadələri və Nikolayevlə üzləşmədə ifşa olunmuşdur”.
Göründüyü kimi, istintaq dövründə və ittiham aktında çoxlu ziddiyyətlərə, açıq-aşkar saxtakarlığa yol verilmişdir. A.Yusifov M.C.Bağırova qarşı guya törədilməsi nəzərdə tutulan terrorla heç bir əlaqəsinin olmadığını bildirsə də, ona silahlı üsyanla bağlı heç nə deyilmədiyini söyləsə də, bu ittiham aktında öz əksini tapmayıb. Belə çıxır ki, o, Bakı şəhərində sovet hakimiyyətini devirmək üçün hazırlanan silahlı üsyandan xəbərdar olduğunu etiraf edib.
SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 10 oktyab 1937-ci ildə hazırlıq iclası keçirilib. Məhkəmə sədri İ.O.Matuleviç, üzvləri: İ.M.Zaryanov, Y.K.Jiqur, katib I dərəcəli hərbi hüquqşünas A.F.Kostyuşko olmuşdur. Bundan başqa orada SSRİ Prokurorunun baş köməkçisi N.S.Rozovski də iştirak etmişdi.
“Dinlənildi: Azərb. SSR XDİK tərəfindən irəli sürülən, SSRİ prokurorunun Baş köməkçisi Rozovski tərəfindən təsdiq edilən ittihamnamədə təqsirləndirilən Abbas Əlizadə oğlu Yusifovun Az. SSR cm 69, 70, 73-cü maddələri ilə ittiham edilməsi.
Qərara alındı: 1. İttiham aktı SSRİ Prokurorunun Baş köməkçisi tərəfindən təsdiq edilən, SSRİ Ali Məhkəməsi Hərbi kollegiyası tərəfindən 1 dekabr 1934-cü ildə qəbul edilən qanuna əsasən qəbul edilir.
2. Yusifov Abbas Əlizadə oğlu Az. SSR cm 69, 70, 73-cü
maddələri ilə məhkəməyə verilsin.
3. İş müdafiəçisiz, şahidlərin iştirakı olmadan, qapalı məhkəmədə baxılsın.
4. A. Ə. Yusifova qarşı həbs qəti imkan tədbiri əvvəlki qaydada saxlanılsın”.
İşdə 10 oktyabr 1937-ci ildə A.Yusifovun ittiham aktı ilə tanış olub qol çəkməsi haqqında qəbz var.
Ertəsi gün saat 18:45-də başlayan məhkəmə iclasında sədr elan edib ki, kollegiya A. Ə .Yusifovun Azərb. SSR cm-nin 69, 70, 73-cü maddələri ilə ittiham edilmiş işinə baxır.
Katib bildirir ki, təqsirləndirilən buradadır, iş üzrə şahidlər çağrılmamışdı. Sədr təqsirləndirilənin anket məlumatı barədə məlumat verir və ondan ittiham aktını alıb-almamasını soruşub.
Təqsirləndirilən ittiham aktını aldığını bildirir. Sədr məhkəmənin tərkibi barədə məlumat verdikdən sonra təqsirləndirilənə hüquqları barədə izahat verib soruşur ki, məhkəmənin bütövlükdə tərkibinə və ya ayrı-ayrı üzvləri barədə etirazı varmı?. A.Yusifov tərkibə etirazının olmadığını bildirir. (Əslində repressiya illərində təqsirləndirilənlə belə davranılması nadir hadisələrdəndir -B.Əziz).
Sədrin təklifi ilə katib ittiham aktını elan edib. Sədr təqsirləndirilənə ittiham aktının mahiyyətini izah edib soruşur ki, özünü günahkar hesab edirmi? İstintaq materiallarında yazılanlara görə, istintaqdan fərqli olaraq təqsirləndirilən özünü ona elan olunan bütün maddələrlə günahkar hesab edib. O, istintaq dövründə verdiyi ifadələri təsdiq edib məhkəmə istintaqına əlavəsinin olmadığını bildirir. Sədr məhkəmə istintaqını başa çatmış hesab edib, təqsirləndirilənə son söz verir.
O, məhkəmədən cavan olmasını və bu səbəbdən günahını yumaq üçün ona şans verilməsini xahiş edib. Bundan sonra məhkəmə iclasa gedir və beləliklə, 15 dəqiqədən sonra,19:00-da iclas qurtarır. İclasdan qayıdan məhkəmə hökmü elan edir.
“...Məhkəmə istintaqı müəyyən etdi: A.Yusifov 1936-cı ildə 01 dekabr 1934-cü ildə Kirovu vəhşicəsinə öldürmüş əks-inqilabçı trotskiçi terrorçu və casus təxribatçı, ziyankar qrupun üzvü olmuş, sonrakı illərdə ÜİK(b)P və sovet dövlət rəhbərlərinə qarşı terror hazırlamış, silahlı üsyan təşkil etmək üçün hazırlanmışdır. Bu məqsədlə ADU və Ali Pedaqoji İnstitutun müəllimləri içərisində ziyankarlıq işi aparmış, kadrlar cəlb etməyə çalışmışdır. Bütün bunları nəzərə alaraq Yusifov ən ağır cəzaya - əmlakı müsadirə edilməklə güllələnməyə məhkum edilsin. Hökm qətidir. Ondan şikayət etmək olmaz.
1 dekabr 1934-cü il SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarına əsasən hökm dərhal yerinə yetirilsin”.
İşdə olan arayışdan aydın olur ki, A.Yusifova elan edilən hökm 12 oktyabr 1937-ci ildə Bakı şəhərində yerinə yetirilmişdir…”
(Davamı var)
Təqdim etdi: Sultan Laçın