Mədəniyyət Nazirliyinin yaddan çıxartdığı görkəmli sənətkarın məzarı: “Gönü qalın adamları bizləmək lazımdır”-UNUDULMUŞ MƏZARDAN REPORTAJ...
2102
10 Oct 2024 | 11:02

Mədəniyyət Nazirliyinin yaddan çıxartdığı görkəmli sənətkarın məzarı: “Gönü qalın adamları bizləmək lazımdır”-UNUDULMUŞ MƏZARDAN REPORTAJ...

Adını Azərbaycan muğam tarixinə qızıl hərflərlə yazdıran xanəndə, görkəmli sənətkar Cabbar Qaryağdıoğlunun məzarı baxımsız vəziyyətdədir. Bu haqda məlumatı əməkdar artist, xanəndə Ədilə Əflaki Moderator.az-a verib.
 
 
“Onun məzarı ilə bağlı problem hələ o illərdən var. Əslində o Yasamal qəbirstanlığında yox, 1-ci Fəxri Xiyabanda dəfn olunmalı idi. Amma Cabbar Qaryağdıoğlu kimi sənətkarı heç nə etdilər. O Üzeyir Hacıbəyli ilə bərabər bir sənətkar, insan idi. Cabbar Qaryağdıoğlunun Şəhla adında bir qızı var idi. Amma o demirdi ki, mən onun qızıyam. 54 yaşında ailə həyatı qurduğuna görə atasından utanırdı. Qızı deyirdi ki, mən onun nəvəsiyəm. Onun toyunda babam Ələkbər Nəzərli də iştirak edib. Düşünürəm ki, sənətkarın qohumlarının da imkanları yoxdur. Buna əslində Mədəniyyət Nazirliyi təşəbbüs göstərməlidir. Mədəniyyət Nazirliyi nəyə baxır ki, ona da baxsın?! Ən azından təşəbbüs göstərmək lazımdır. Əlibaba Məmmədovun məzarını necə götürdülər? Hətta ucuz edirdilər, qızı etirazını bildirdi. Mədəniyyət Nazirliyi heç bir iş görmür. Bir şey ki, məktubları oxumurlar. Mədəniyyət Nazirliyində mədəniyyəti kökündən bilən adamlar oturmalıdır. Gönü qalın adamları bizləmək lazımdır. Ümumiyyətlə son illərdə Mədəniyyət Nazirliyindən çox şikayətlər var” deyə müğənni bildirib.
 
O daha sonra Cabbar Qaryağdıoğlunun şəxsiyyətindən danışıb.
“Cabbar Qaryağdıoğlu əsl sənətkar olub. Üzeyir Hacıbəyli onu çağırıb ki, gəl mahnılarına görə qonorar al. O deyib ki, dilimizdə xalq mahnısı deyirik, mən onu xalq üçün yazmışam. Xalqa bəxşiş etdiyindən insan pul güdməz. Xalq mahnılarının qonorarından insan rəsmi imtina edib. Görün belə kişiyə necə “diqqət” var!” deyə sənətkar bildirib.
 
 
Qeyd edək ki, Cabbar Qaryağdıoğlunun məzarının Fəxri Xiyabana köçürülməsi ilə bağlı SSRİ Nazirlər Soveti tərəfindən qərar 1948-ci ildə verilib. 680 nömrəli sərəncama əsasən Cabbar Qaryağdıoğlu da daxil olmaq şərtilə həyatdan köçmüş mədəniyyət xadimlərinin məzarları fəxri xiyabana köçürülməli idi. Bu siyahıya görkəmli incəsənət xadimləri salınıb. Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Hüseynqulu Sarabski, Süleyman Sani Axundov, Əli Nəzmi, Cabbar Qaryağdıoğlu, Rüstəm Mustafayev, Əzim Əzimzadə Bakıda Fəxri Xiyabanda, Molla Vəli Vidadi Qazaxda, Seyid Əzim Şirvani və Sabirin də məzarı Şamaxıda qoyulub. Adlarını çəkdiyimiz şəxsiyyətlərdən təkcə Cabbar Qaryağdıoğlunun məzarı Fəxri Xiyabana köçürülməyib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər