Netanyahu, Bayden və Harris arasındakı 50 dəqiqəlik söhbətdə nələrdən danışıldı?.. -RƏSMİ
Ekskluziv
1605
10 Oct 2024 | 08:55

Netanyahu, Bayden və Harris arasındakı 50 dəqiqəlik söhbətdə nələrdən danışıldı?.. -RƏSMİ

Ağ Evin mətbuat xidməti ABŞ prezidenti Co Baydenlə İsrailin baş naziri Benyamin Netanyahu arasında yerli vaxtla gecə (ABŞ vaxtı ilə səhər) baş tutan telefon danışığından sonra qısa press-reliz yayıb.
 
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, mətbuata verilən məlumata görə, söhbətdə vitse-prezident Kamala Harris də iştirak edib və prezident Bayden İsrailin baş naziri ilə mövcud vəziyyəti müzakirə edib. Maraqlıdır ki, sənəddə İran və ya İsrailin mümkün cavab tədbirləri barədə heç bir məlumat yoxdur.
 
ABŞ prezidenti İsrailin təhlükəsizliyinə sarsılmaz sadiqliyini bir daha təsdiqləyib və İranın oktyabrın 1-də İsrailə raket hücumunu kəskin şəkildə pisləyib. Livanla bağlı o həm İsrail, həm də Livan vətəndaşlarının "mavi xətt"in hər iki tərəfindəki evlərinə təhlükəsiz qayıtmasına imkan verən diplomatik qətnamənin vacibliyini vurğulayıb.
 
Bayden həmçinin İsrailin öz vətəndaşlarını son bir ildə İsrailə doğru minlərlə raket və mərmi atmış "Hizbullah"dan qorumaq hüququnu təsdiqləyərək, xüsusən Beyrutun sıx məskunlaşdığı ərazilərdə mülki insanlara dəyən zərərin minimuma endirilməsinin vacibliyini qeyd edib.
 
Qəzzaya gəldikdə, liderlər "HƏMAS" terrorçuları tərəfindən saxlanılan girovların azad edilməsi üçün diplomatik səylərin təcili təzələnməsinin zəruriliyini müzakirə ediblər. Bayden həmçinin Qəzzada humanitar vəziyyətə və İordaniyadan gələn dəhlizin dərhal bərpası da daxil olmaqla, şimal bölgəsinə çıxışın təmin edilməsinin vacibliyinə toxunub. Tərəflər yaxın günlərdə həm birbaşa, həm də milli təhlükəsizlik müşavirləri vasitəsilə təmasları davam etdirmək barədə razılığa gəliblər.
 
KİV-in məlumatına görə, söhbət təxminən 50 dəqiqə davam edib. Analitiklər hesab edirlər ki, əsas müzakirə mövzusu İsrailin İrana mümkün zərbələr planları və onların potensial nəticələri olub.
 
İsrailli siyasətçilərin sərt açıqlamalarına görə, bu cür zərbələrin planlaşdırıldığı ehtimal edilir və Bayden administrasiyası, çox güman ki, İsrailin bu addımdan geri çəkilməyəcəyini bilir. Beləliklə, məsələ praktik aspektlərə, xüsusən də mümkün nəticələrə cavab verməkdə Amerikanın iştirak səviyyəsinə bağlanır...
 
S.Laçın
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər