Ekskluziv
2161
07 Oct 2024 | 17:40

"Bağırov və Beriya birlikdə Müsavat hakimiyyətinin əks-kəşfiyyatında çalışıblar..."

"Bütün bunlarla belə, Beriya və Bağırovun ötən əsrin 20-40-cı illərində SSRİ və ayrıca Azərbaycanda on minlərlə günahsız insanın reperssiyaya məruz qoymasıyla bağlı cinayətlərinə heç cür bəraət qazandırmaq mümkün deyil..."
 
Məlum olduğu kimi, Moderator.az oxucularını sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış  Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanmış  “Mir Cəfər Bağırovun məhkəməsi”  kitabın ən maraqlı epizodlarıyla tanış edirik(burada:). Materialın ötən epizodunun ardınca siyasi analitik Tahir Cəfərli və tarixçi Boran Əzizin aşağıdakı eyni iki sual ətrafında rəyləri ilə tanış ola bilərsiniz.
(Tahir Cəfərlinin cavabları burada:)
 
Boran Əzizin cavabları:
 
-Doğrudanmı məhkəmə sənədlərində deyildiyi kimi, Beriya və Mir Cəfər Bağırov ingilis casusu və Müsavat tərəfdarı idi, yoxsa vaxtilə on minlərlə insana qarşı saxta ittihamlar təşkil edilmiş bu şəxslər indi də özləri Sovet rəhbərliyinin  şəxsi və ya digər münasibət səbəblərindən saxta ittihamlarına məruz qalırdı?  
 
-SSRİ Baş Dövlət Təhlükəsizliyi Komissarı olmuş, Sovet İttifaqı marşalı Lavrenti Beriya və 1933-1953-cü illərdə Azərbaycan SSR-in rəhbəri olmuş Mir Cəfər Bağırovun ingilis casusu, Müsavat tərəfdarı olması haqda məlumatlar həqiqətə uyğun deyil. Bəli, Bağırov da, Beriya da sovet rəhbərliyinin onlara şəxsi münasibətləri səbəbindən ittihamla üzləşdilər. Rəhbərlik elə güman edirdi ki, Bağırov onun Müsavat hakimiyyəti dövründə əks-kəşfiyyatda işləməsi ilə bağlı Beiryanın üzünə dirənəcəkdir. Lakin Bağırov bunu etmədiyi üçün sovet rəhbərliyinin qəzəbinə tuş gəlmişdi...
 
 -Bəs casus deyildilərsə, Beriya ilə Bağırovu bir-birinə bağlayan nə idi?
 
-Beriya və Bağırov Azərbaycan Xalq Cümhuriyyəti sonradan  AXC parlamentinin üzvü olmuş Əli bəy Zizikskinin başçılığıyla Qubada əks-inqilabla mübarizə təşkilatında çalışıblar. Onların bağlılığı daburadan başlanıb. Və Beriyanın keçmişini, o cümlədən AXC dövründə əks-inqilabla mübarizə təşkilatında işləməsini Bağırovdan yaxşı bilən yox idi. O da Beriya ilə dost olduğuna görə Sovet rəhbərliyi onu da məhkəmə yoluyla həyatdan məhrum etmişdi...
 
Düzdür, Mir Cəfər Bağırov və Lavrenti Beriyanın Müsavat hökumətinin əks-kəşfiyyatına bolşeviklər tərəfindən yeridilməsi haqda da məlumatlar var. Ancaq bunu təsdiq edən sənədlər əlimizdə yoxdur. 
 
Bütün bunlarla belə, Beriya və Bağırovun ötən əsrin 20-40-cı illərində SSRİ və ayrıca Azərbaycanda on minlərlə günahsız insanın reperssiyaya məruz qoymasıyla bağlı cinayətlərinə heç cür bəraət qazandırmaq mümkün deyil.
 
Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər