Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
4182
07 Oct 2024 | 12:57

Müəllim Günündə müəllim intiharı xəbəri...- Onun yerinə bir yarıçılpaq müğənni olsaydı...

“Müəllimlərin böyük əksəriyyəti gündə nəinki norma olan 8 saatdan çox, 15 saatdan çox işləyirlər. Bir çoxları dərsdən sonra repetitorluqla məşğul olur, bəziləri taksi sürür, bəziləri alver edir, digərləri də mərhum məşhur deputatın nəsihət etdiyi kimi, bənnalıqla, dülgərliklə məşğul olurlar... Bir sözlə, müəllimlər orta səviyyədə dolanmaq üçün dəridən-qabıqdan çıxmalı, həddindən artıq çox enerji sərf etməli və sağlamlıqlarına böyük zərbələr vurmuş olurlar... Məhz bu səbəbdən son illər dərs keçdiyi yerdə 30-40 yaşlı cavan müəllimlərin belə ürək tutmasından həyatını dəyişməsi halları da çoxalır...”
 
“Əgər bu gün Azərbaycan Prezidenti deyirsə ki, jurnalistlər mənim köməkçilərimdir. Mən də bu məsuliyyəti boynuma götürərək yazılarım, xəbərlərim vasitəsilə ona yalan məlumat çatdıra və ya üzbəüz görüşdə ona gerçək olmayan, düşünmədiyim sözləri deyə bilmərəm...Bu halda dövlət başçısıyla bərabər, bütövlükdə dövlətimizə də, xalqımıza da, Vətənimizə də və öncə Allaha da xəyanət etmiş olaram...”
 
-FİKİR SAVAŞI...-
 
“Azərbaycanda 67 yaşlı müəllim intihar etdi...
 
Masallı rayonu Dəmirçi kənd sakini Asif Abbaszadə intihar edib. Asif Abbaszadə uzun müddət Masallı rayonu Dəmirçi kənd ümumi orta məktəbində ibtidai sinif müəllimi işləyib. İki ildir yaşı ilə əlaqədar təqaüddə olan Asif müəllimin hansı səbəbdən intihar etməsi məlum deyil...”
 
Vəssalam... İnsan intihar etdi... Azərbaycan müəllimi intihar etdi... Və cəmi dördcə cümlə ilə yad edildi... Amma təsəvvür edin ki, hansısa bir komandanın adi futbolçusu, yaxud açıq-saçıq geyinib iiki dəfə telekanallara çıxmış bir müğənni(Allah heç kəsə göstərməsin) özünü öldürsə idi, indi bütün kanallar, saytlar vurhavur yazırdı, danışırdı, göstərirdi: "Niyə? Hansı səbəbdən? Kim, yaxud nə onu belə addım atmağa vadar etdi?..”
 
Oktyabrın 5-i – Beynəlxalq Müəllimlər Günündə səhər tezdən oxudum bu məlumatı... Sadəcə, müəllimlərin bayramı hesab edildiyi üçün həmin gün belə məzmunlu yazı vermək istəmədim... 
 
İlk müəllim intiharıdırmı Azərbaycanda? Xeyr?.. Elə bu yaxınlarda  - avqustun 31-də İmişlinin Xoşçobanlı kənd sakini, 56 yaşlı idman müəllimi Aslanov Rüstəm Əziz oğlu özünü internet xəttinin dirəyindən asaraq intihar edib... Özü də başbilənlər ölkədə interneti heç bir tutarlı əsas olmadan hədsiz bahalaşdırandan az sonra... Bu da bir ibrət dərsi... Qananlar üçün...
 
Bu dəfəki müəllim intiharı isə məhz Müəllim Günü ərəfəsində oktyabrın 4-də baş verdi... Və çoxları bu xəbəri məhz ayın 5-də oxudu... Müəllim Günündə müəllim intiharı xəbəri... Heç nə təsadüf deyil... Bəlkə də Allah bununla bizlərə xatırlatmaq istədi ki, artıq bıçaq sümüyə dirənib bu sahədə... Artıq cəmiyyətdə bezginlik də, həm özünün, həm başqalarının həyatına laqeydlik, biganəlik də həddini aşıb... 44 günlük Vətən müharibəsindən bəri 100-ə yaxın əlil intihar etdi- cəmiyyət olaraq susduq... Araşdırmadıq, tələb etmədik... Ondan əvvəl də, son vaxtlar da cürbəcür peşə sahibləri; həkimlər, məmurlar, polislər, hərbçilər, hakimlər də intihar etdi... Hətta illərlə insanları bu haram əməldən çəkindirən bir məşhur psixoloq da həyatına son qoydu... Yenə laqeydlik etdik, yenə bu problemlə ciddi məşğul olan olmadı... Halbuki ölkədə artıq ayrıca bir Psixologiya, yaxud İntiharların Profilaktikası Nazirliyi yaranmalıdır... Fəqət, elə dünyanın çox yerində olduğu kimi, intiharlar sadəcə bir statistikaya çevrilib... 
   
Elə Asif müəllimin intiharından sonra da, dediyim kimi, 4 cümlə məlumat yazıldı- vəssalam... Heç “Allah rəhmət eləsin!” də yazan olmadı... Hər il olduğu kimi, Müəllim(!) Günündə yenə valideynlər başladı müəllimləri tərifləməyə( hətta “hədiyyə” adıyla rüşvət verməyə), müəllimlər direktorları, direktorlar təhsil müdirlərini, müdirlər də daha yuxarıları... Nöqsanlar, xətalar, cinayətlər həmişəki kimi malalandı... Asif müəllim isə hansı səbəbdən olduğu bilinmədən doğmalarından, əzizlərindən ayrıldı... Nədən həyatını qəsd etdiyi bilinmədən... Bəlkə elə işsiz qalması səbəb oldu buna... Yaşı 65-i ötsə də, bəlkə də sağlamlığı, ağlı, zəkası yerində idi; hələ işləyə, yenə neçə-neçə Azərbaycan övladına təlim-tərbiyə verə bilərdi... Bəlkə də düşündü ki, niyə 70-80-i ötəndə başçı, nazir olmaq olar, deputat olmaq olar, amma müəllim işləmək olmaz... Xəbəri yazanların, oxuyanların əksəriyyəti isə öz-özünə dedi ki, “əşşi, adi bir ibtidai sinif müəllimidir də, Allah bilir, nəyə görə özünü öldürüb...”
 
Amma yəqin ki, həmin o adi ibtidai sinif müəllimi on illər boyu yüzlərlə, bəlkə minlərlə şagirdə “ata-ana” sözünü oxumaqdan, qələm tutmaqdan başlayaraq ibtidai biliklər öyrədib, onlara insan kimi yetişmək öyrədib... Və uzaqbaşı, işlədiyi son illərdə ayda 500-600 manat maaş alıb... Fəqət aygün kazımovalar, röyalar, brilyantlar, ...iklər, nə bilim, nələr yarıçılpaq geyimləri, pozğun həyat tərzləri, davranışları ilə uşaqları, gəncləri milli əxlaqdan(!), ənənələrdən(!) uzaqlaşdırdıqları halda onların ən yüksək səviyyədə yaşayışları təmin olunur, onlara evlər, mənzillər verilir,  “Xalq artisti” adlarına, müxtəlif mükafatlara layiq görülürlər... Bax, belələrindən biri intihar etsə, Azərbaycan cəmiyyəti, mediası üçün sensasiya olardı...
 
Bəlkə də işi-gücü məddahlıq, yarınmaq olan bəziləri, hətta müəllim olanlar belə, bütün bu yazılanları oxuyub haray çəkəcəklər ki,  əşşi, bu yalan danışır, “ölkəmizin inkişafını götürmür, qələbəmizə kölgə salır”... Cənablar, xanımlar, əfəndilər, ölkəmizin inkişafını ləngidənlərin, qələbəmizə kölgə salanların kimlər olduqlarını yaxşı bilirsiniz... Onu da bilin ki, mən nə vaxtsa qismət olsa, nazirlə, yaxud lap dövlət başçısıyla üzbəüz görüşsəm, çəkinmədən deyərəm ki, ümumiyyətlə, Azərbaycan insanı kimi, Azərbaycan müəlliminin də vəziyyəti, dolanışığı normal deyil. Müəllimlərin böyük əksəriyyəti gündə nəinki norma olan 8 saatdan çox, 15 saatdan çox işləyirlər. Bir çoxları dərsdən sonra repetitorluqla məşğul olur, bəziləri taksi sürür, bəziləri alver edir, digərləri də mərhum məşhur deputatın nəsihət etdiyi kimi, bənnalıqla, dülgərliklə məşğul olurlar... Bir sözlə, müəllimlər orta səviyyədə dolanmaq üçün dəridən-qabıqdan çıxmalı, yuxusuz qalmalı, həddindən artıq çox enerji sərf etməli və sağlamlıqlarına böyük zərbələr vurmuş olurlar... Məhz bu səbəbdən son illər dərs keçdiyi yerdə 30-40 yaşlı cavan müəllimlərin belə, ürək tutmasından həyatını dəyişməsi halları da çoxalır... Yaxud başqa iş-güclə məşğul olmağa imkan tapa bilməyənlər, maddi çətinliklərə dözməyərək şagirdlərdən, tələbələrdən nəsə ummağa başlayır və sonda olur rüşvətxor... Yuxarıların yanında gözükölgəli... Və belə olanda müəllimin şəxsiyyəti də alçalır və belələri hansısa saxtakar işlərdə, hansısa deputatın seçkisində kimlərinsə əlində alətə də çevrilirlər... 
 
Müəllimlərin dövlətdən aldıqları orta maaş bir neçə ildir ki, 1000 manata yaxınlaşıb... 1000 manat da 15 il əvvəlki 100 manat dəyərində deyil, onda ətin kilosu 5-6 manat idi, indi 20-25 manatdı, onda rayonlarda toylara 5-6 manat yazılırdılar. İndi 50 manat yazdırmağa da utanırlar... Bu cür durumda 250-300 manata belə, müəllim işləməyə məcbur olanlar var... Gözümün qarşısında 60 ildən çox müəllim, 50 ildən çox məktəb direktoru işləmiş atam yalnız ötən ildən 555 manat pensiya almağa başlayıb. Amma bir idmançı gedib xaricdə uzağı 2-3 saat atlanıb-düşür – ona yüz minlərlə pul veririk, ev bağışlayırıq... Məgər bu ədalətlidirmi? Axı hər hansı cəmiyyətdə həmin idmançını da, müğənnini də, hərbçini də, polisi də, təhlükəsizlik əməkdaşını da, məmuru da, başçını da, rəisi də, prokurori da, naziri də, prezidenti də və s. valideynlərindən sonra yetişdirən müəllimdir... Öncə də Asif müəllim kimi ibtidai sinif müəllimləri... 
 
Bilirsiz, 33 ildən çoxdur jurnalist fəaliyyəti ilə məşğulam və iqtidarda kimin olmasından asılı olmayaraq, daim gerçəyi deməyə çalışmışam. Və əgər bu gün Azərbaycan Prezidenti deyirsə ki, jurnalistlər mənim köməkçilərimdir. Mən də bu məsuliyyəti boynuma götürərək yazılarım, xəbərlərim vasitəsilə ona yalan məlumat çatdıra və ya üzbəüz görüşdə ona gerçək olmayan, düşünmədiyim sözləri deyə bilmərəm... Bu halda dövlət başçısıyla bərabər, bütövlükdə dövlətimizə də, xalqımıza da, Vətənimizə də və öncə Allaha da xəyanət etmiş olaram... Odur ki, hər hansı təhlükə qarşısında belə,  hansısa hadisə, proses, o cümlədən müəllimlərin gerçək dolanışığı haqda yalan danışmaram, yazmaram... Eyni zamanda mənim və digər həmkarlarımın ölkədə baş verənlər haqda gerçəkləri yazmağına, dövlət başçısına çatdırmağımıza mane olacaq, onların yazılarını sildirməyə çalışan məmurlar, oliqarxlar da Prezidentə də, dövlətə də, xalqa da Vətənə də xəyanət etmiş olurlar... 
 
Xülasə, daha bir müəllim – 67 yaşlı ibtidai sinif müəllimi də öz həyatına qıyaraq haqq dünyasına qovuşdu... Allah günahlarını bağışlasın, rəhmət eləsin!.. Allah bu nahaq dünyada qalan bizlərə insaf, vicdan, qeyrət versin!..
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər