Onlara qarşı saxta ittiham və içgəncələrə görə bir nazir, 3 şöbə rəisi həbs edildi...-İBRƏTAMİZ
Ekskluziv
1895
05 Oct 2024 | 12:06

Onlara qarşı saxta ittiham və içgəncələrə görə bir nazir, 3 şöbə rəisi həbs edildi...-İBRƏTAMİZ

“Dekan müavini B.Əsgərovun da işində ibrətamiz, dərs götürüləsi xeyli məqamlar var. Bunlardan biri verilən tapşırıqları heç bir qayda qanun gözləmədən yerinə yetirən, insanlara ağlagəlməz işgəncələr verən, həyatlarını puç edən müstəntiqlərin taleyidir. Sonradan bu müstəntiqlərin özləri də təəssüf ki, hamısı deyil, bir qismi həmin prosesin qurbanı olmuşdur...”
 
“Belə bir “qayda” var idi ki, həbs olunan günahı bonuna alıb almamasından asılı olmayaraq onsuz da döyülməli idi. Bunu nəzərə alaraq döyülməkdən, güc tətbiq edilməsindən qorxub nə istəyirdilərsə, onu yazdım və qol çəkdim ki, heç olmasa ölənə qədər fiziki ağrılardan azad olum...”
 
Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir... 
 
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
 
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...
Moderator.az aktuallığını və qarşıdan BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyinin gəlməsini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli  epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır:
 
"Dekan müavini: Baba Əsgərov 
 
(Müəllifdən: Qeyd edək ki, Baba müəllim haqqında materiallar ilk dəfə elmi
dövriyyəyə bizim tərəfimizdən daxil edilmişdir)
 
(Əvvəli  burada: )
 
“...Beləliklə, o, ən ağır cəzaya güllələnməyə məhkum edilmiş, əmlakı müsadirə edilmişdir. Hökm12 oktyabr 1937-ci ildə Bakı şəhərində yerinə yetirilmiş və bu barədə müvafiq sənəddə qeyd aparılmışdır... 
 
Ancaq  dekan müavini Baba Əsgərovun faciəsi bununla da yekunlaşmayıb... Xeyli müddət istintaqa dirəniş göstərərək saxta ittihamla razılaşmayan B.Əsgərovun həyat yoldaşı da günahsız olaraq repressiyaya məruz qalıb. Belə ki, onun həyat yoldaşı 26 yaşlı Xələfzadə Sürəyya Süleyman qızı 9 dekabr 1937-ci ildə heç bir günahı olmadan Vətən xaininin ailə üzvü kimi səkkiz il azadlıqdan məhkum edilmişdir. Ən dəhşətlisi o idi ki, onların üç ay yarımlıq olan qızı Gültəkin taleyin ümidinə buraxılmışdır. Bu, əslində sözün bitdiyi yerdi...
 
Məlumdur ki, 1953-cü ilin martında “ellər atası” Stalinin vəfatından sonra SSRİ-nin daxilində ictimai-siyasi həyatda ciddi dəyişikliklər baş verdi. Şübhəsiz ki, onlardan biri günahsız yerə həbs olunanlara bəraət verilməsi prosesi idi. Stalinin vəfatından az keçmiş “Şəxsiyyətə pərəstiş və onun zərərli nəticələrinin aradan qaldırılması” haqqında məlum qərardan xeyli əvvəl B.Əsgərovun həyat yoldaşı yeganə övladından ayrı salınan, günahsız yerə həbs olunan və sürgün həyatı yaşayan Sürəyya Xələfzadə 28 may 1954-cü ildə, SSRİ Ali Sovetinin Rəyasət heyətinin sədri Malenkova yazdığı məktubda səkkiz illik həbsdən sonra da ona qarşı edilən haqsızlıqdan, evi müsadirə edildiyi üçün yaşayış yerinin olmamasından, doğmalarının yanında belə, yaşamağa icazə verilməməsindən, bir sözlə, öz acınacaqlı həyatı barədə məlumat verib.
 
Ürəkləri sızladan bu məktub totalitar sovet rejiminin günahsız insanlara, qoca, qadın və uşaqlara qarşı necə sərt, amansız, qeyri-insani davranmasına bir nümunədir. “Cəzamı çəkib qurtardıqdan sonra da doqquz ay pulsuz işləməyə məcbur edildim. 1945-ci ildə azad olundum. Bundan sonra Azərbaycan SSR-nin Şuşa şəhərinə gəldim (Dövlət orqanları həbsdən çıxdıqdan sonra onu Bakıda və digər şəhərlərdə deyil, heç bir qohum-əqrəbasının yaşamadığı Şuşa şəhərində yaşamağa icazə verdiyi üçün o məcburən buraya gəlməli olmuşdu- B.Əziz). 1947-ci ildən indiyə qədər mən Həmkarlar təşkilatının istirahət evində işləyir və yaşayış yerim olmadığı üçün orada da qalıram. Bildirirəm ki, mən bəxtiqara azərbaycanlıyam. Faktiki olaraq mənimlə yaşamayan, həmişə məni təhqir edən və başqa qadınla yaşayan keçmiş ərimə görə günahsız yerə cəzalanmışam…
Həbsdə olduğum dövrdə ağlasığmaz ağır işlərdə işləmişəm və indi faktiki olaraq bu səbəbdən iş qabiliyyətimi itirmişəm. İndi əlliyə yaxın yaşı olan mən işləmək və özünü saxlamaq, qida əldə etmək imkanında deyiləm. Bu səbəbdən əlilliyə görə işdən çıxmağa və Bakı şəhərində yaşayan, süpürgəçi işləyənyeganə bacımın himayəsində yaşamağa məcburam. Xahiş edirəm, bunu nəzərə alaraq mənim məhkumluğumu ləğv edəsiniz və ömrümün sonunu Bakıda bacımın yanında yaşamağa icazə verəsiniz”( Açıq görünür ki, hələ “Vətən xaininin” ailəsi xofu ürəyində qalıb. Ancaq bir qədər sonra o, həyat yoldaşının günahsız olması səbəbindən ona bəraət verilməsi barədə Sovet dövlət orqanlarına müraciət etmiş və bu müraciətdə o ərinin namuslu, vicdanlı, dövləti və xalqı sevən biri olduğunu göstərmişdi...- B.Əziz).
 
22 iyun 1954-cü ildə ünvanına yetişən bu məktubu Malenkov 9 iyul 1954-cü ildə Stalinin vəfatından və Beriyanın həbsindən sonra yenidən təşkil edilmiş və səlahiyyətləri xeyli azaldılmış SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinə göndərir (Bundan sonra qısaca olaraq DTK).  Bu orqandan S.Xələfzadənin həbsi, səbəbləri və s. haqqında lazımı cavab aldıqdan sonra müvafiq dövlət orqanları, nəhayət, ona müsbət cavab vermişdi. Lakin Sürəyya xanım bu cavabla kifayətlənməyib. O, Sovet dövlət orqanlarına ərinin də günahsız olması və bu səbəbdən ona da bəraət verilməsi barədə məktublar yazıb. Bu məktublardan sonra Baba Əsgərova bəraət verilməsi üçün müvafiq proses başlayıb.
 
Repressiyaya məruz qalmış digər şəxslərə bəraət verilməsi zamanı olduğu kimi, B.Əsgərovun da işində ibrətamiz, dərs götürüləsi xeyli məqamlar var. Bunlardan biri 30-cü illərdə verilən tapşırıqları heç bir qayda qanun gözləmədən yerinə yetirən, insanlara ağlagəlməz işgəncələr verən, həyatlarını puç edən müstəntiqlərin taleyidir. Sonradan bu müstəntiqlərin özləri də təəssüf ki, hamısı deyil, bir qismi həmin prosesin qurbanı olmuşdur. Bunu biz müstəntiq Şer Mark Lvoviçin istintaq işi haqqında materiallarda, müstəntiqlər Krotkov İvan Mixayloviçin, Məmmədov Səfər Hacı oğlunun, Xaldıbanov Xristofor Paniotoviçi izahatlarında görürük. XDİK DTİ-də qəddarlığı, amansızlığı ilə ad çıxarmış Mark Lvoviç Şerin 612494 No-li arxiv-istintaq işindəki ifadələri çox ibrətamizdir. O özü də 1938-ci ildə həbs olunaraq güllələnməyə məruz qalmışdı.  Eyni cəza maşınının təkərləri altında əzilən, işgəncəyə məruz qalan və buna dözmədikdə müstəntiqə lazım olan yalan ifadəni verən, ancaq bu ağrılar azca azalan kimi yenidən əvvəlki ifadələrini inkar edən, bu ifadələri işgəncə altında verdiyini bildirən minlərlə insana işgəncə vermiş keçmiş müstəntiq M.L.Şer yuxarı orqanlara yazdığı məktubda göstərib:
 
“... Həm ərizə, həm də istintaq protokolları həqiqəti əks etdirmir. Bunlar hamısı mənim tərəfimdən yazılmışdır. Əvvəllər yazılan ərizə və bir protokol tamamilə yalandır. Mən yalan ifadəni ona görə vermişəm ki, döyülmək və incidilməyə dözə bilmədim. Bu səbəbdən növbəti işgəncələrdən canımı qurtarmaq üçün özümə və digərlərinə böhtan atdım. Onu da deyim ki, yalan ifadəni həm də ona görə verdim ki, Azərbaycan SSR XDİK Dövlət Təhlükəsizliyi idarəsinin IV şöbəsində belə bir “qayda” var idi ki, həbs olunan günahı bonuna alıb almamasından asılı olmayaraq onsuz da döyülməli idi. Bunu nəzərə alaraq döyülməkdən, güc tətbiq edilməsindən qorxub nə istəyirdilərsə, onu yazdım və qol çəkdim ki, heç olmasa ölənə qədər fiziki ağrılardan azad olum”.
 
Ancaq bir qədər sonra məşhur cəza ustası olan keçmiş müstəntiq bu ifadədən məlum səbəblərdən imtina edib.
O, 27 dekabr 1937-ci ildə yeni bir ərizə yazıraraq əvvəlki 21 dekabr 1937-ci ildəki ərizəsində yazılanlardan imtina edib. O, yeni məktubunda göstərib ki, “... istintaq dövründə verdiyim ifadələri təsdiq edir və bildirirəm ki, o həqiqəti əks etdirir. Onlar tam doğrudur. Ona görə xahiş edirəm ki, 21 dekabr 1937-ci ildə yazdıqlarımı nəzərə almayasınız”.
 
M.L.Şerin işində müstəntiqlər DT mayoru Petrovski və DT leytenantı Tefelman tərəfindən 18 dekabr 1937-ci ildə aparılan ilk dindirmənin protokolu var. Bu dindirmədə o özünü günahkar hesab edib və istintaq apardığı dövrdə müttəhimlərə necə amansız, dözülməz işgəncələr verdiyini, ümumiyyətlə, bu cür proseslər barədə geniş izahat verib.
 
“... Birinci gündən həbs edilənlərin istintaqı zamanı müstəntiqlər tərəfindən kütləvi şəkildə döyülməsi və incidilməsi ilə qarşılaşmışam. Yeri gəlmişkən, hər bir müstəntiq əgər iş aparırdısa belə cinayətkar metodu hər gün tətbiq edirdi. Bu onun demək olar ki, gündəlik işinin ayrılmaz bir hissəsi idi. Bir qayda olaraq həbs edilənləri ondan istintaqa lazım olan etirafedici ifadəni almaq üçün döyürdülər. Nə zaman ki, o belə bir ifadəni verdi və özünün əks-inqilabçı düşmən fəaliyyətində olduğu bildirirdi, sonra da onu döyürdülər ki, əks-inqilabçı təşkilatın digər üzvlərinin adini çəksin, necə və kimlər tərərfindən cəlb edildiyini, özünün kimləri cəlb etdiyini bildirsin. İkinci dəfə döyəndə özlərinə belə haqq qazandırırdılar ki, o, özü düşmən olduğunu etiraf edir. Düşmənlə də məhz belə davranmaq lazımdır. Mənim təhkim edildiyim şöbə, elmi idarələrə - Şaumyan adına Marsizim-Leninizm İnstitutu, Az.K(b)P MK-nın işçiləri (siyasi aparat), Xalq Maarif Komissarlığına baxırdı. Ona görə istintaq zamanı mən daha çox bu idarələrin işçiləri ilə görüşürdüm. İstintaq dövründə diqqətimi o çəkirdi ki, müstəntiq bir dəfə də olsun agentura məlumatlarından istifadə etmirdi(Bu idarənin kifayət qədər agenti olmasına baxmayaraq belə bir iş- ziyankarlıq fəaliyyəti, terrorçuluq olmadığı üçün bu istiqamətdə məlumat verilməmişdi. Ona görə müstəntiq olmayan işdən, agentura məlumatından istifadə etməyib- B.Əziz)Həbs olunanlar yalnız başqasının ifadəsi əsasında tutulturdu. Bunun üçün hətta bir, yaxud iki adamın ifadəsi kifayət idi. Vaxt keçdiyinə görə mən həbs edilib repressiyaya məruzqalanların hamısının familiyalarını xatırlamıram. Ancaq onların bəzilərinin familiyalarını unutmamışam. Məsələn, bunlardan Şaumyan adına Marksizim-Leninizm İnstitutunun direktoru Rəhim Həsənovu deyə bilərəm. Onu 2-3 ay ayaq üstə, gündə 1-2 saat fasilə verməklə dindirir, ayaq üstə saxlayır, döyür, incidirdilər. Belə olanda o, ayaq üstə dura bilmirdi, ayaqları sözünə baxmırdı. Belə vəziyyətdə o, Bakı şəhərində onlarla partiya, sovet işçisi, elm cəbhəsindəki adamlar haqqında ifadə verməyə məcbur olurdu. Eyni hal Həsən Səfərova da tətbiq edilmişdi. Onların hər ikisi Azərbaycan K(b)P MK-da məsul işdə çalışırdılar. Vəhşicəsinə döyülənlərdən biri də keçmiş xalq Maarif komissarı, həbs olunan vaxt Nuxa1 rayon partiya komitəsinin birinci katibi olan Məmməd Cuvarlinski olmuşdur. Repressiya tətbiq olunan digər həsb edilənlərdən Dövlət Plan Komitəsinin sədri Əsgər Eyvazovu, Şaumyan adına Marksizim-Leninizm İnstitutu professoru Qorskini deyə bilərəm. Yeri gəlmişkən, Qorskini Tixomirov, Çiçikalov, Xalq Maarif Komissarı Şahbazovla birlikdə M.C.Bağırova qarşı terror aktı hazırladığına görə ittiham etmişdilər. Hər dəfə Qorski lazım olan ifadəni vermədikdə onu vəhşicəsinə, xüsusi metodla döyür, incidir, əzab verirdilər. Bəzən müstəntiq həbs olunanların ayaqları altına bıçaq döşəyir və onları bunun üzərində dayanmağa məcbur edirdilər. Bu əzabvermə etiraf edənə qədər davam edirdi.
Həbs olunan Eyvazova qarşı belə üsullar bir neçə dəfə tətbiq olunsa da, o sona qədər özünün günahsız olduğunu bildirdi”.
Həmin dövrdə həbs olunanlara işgəncələr verilməsi ilə bağlı dindirilən şəxslərdən biri, vaxtı ilə Şerin rəhbərliyi altında işləmiş müstəntiqin cavabı isə əsil riyakarlıq nümunəsidir. O, yazıq görkəm alaraq həbs olunanların döyülməsində, vəhşicəsinə incidilməsində iştirak etmədiyini, onlara əzab vermədiyini, belə prosesdə iştirak etmədiyini söyləməklə kifayətlənməyərək hətta onun şahidi olmadığını da həyasızcasına inkar edib.
 
“Sual: Siz Şerin rəhbərlik etdiyi şöbənin VI bölməsinin rəis müavini ilə “Şamaxı işi”ində birgə işləmisiniz. Həbs olunan Həmid Sultanov, İsrafil İbrahimov və başqalarının istintaq dövründə döyülməsi, incidilməsi haqqında nə deyə bilərsiniz?
 
Cavab: H.Sultanov və Şamaxı rayon partiya komitəsinin keçmiş katibi Xəlifə Hüseynovun istintaqında iştirak etmişəm. Mən ancaq iştirakçı protokolunu yazmış, istintaq dindirilməsində, ifadə alınmasında iştirak etməmişəm. Müstəntiqin həbs olunanları döydüklərini görmədim... Mən müttəhimlərə heç bir sual verməmişəm. Həmid Sultanov həbs ediləndən sonra bir aya qədər heç bir ifadə vermədi. Ancaq onun döyülüb döyülmədiyini bilmirəm. Onun istintaqında şöbə rəisi Sinman, Şer iştirak edirdilər. Nəzaman ki, H.Sultanov etirafedici ifadələr verdi, artıq onu
döymədilər. Əksinə, qayğı göstərdilər, ona qarşı diqqətli oldular. Şer ona ərzaq, qida verir, milli yemək sifariş edirdi, hətta limonlu çay verirdi”.
 
B.Əsgərovun günahsız olması səbəbindən ona bəraət verilməsi barədə Sürəyya xanımın yazdığı məktuba müvafiq cavab vermək üçün yaranmış yeni şəraitə uyğun işlər görülməyə başlandı.
 
24 Oktyabr 1955-ci ildə ZHD HP-nun köməkçisi Karaev Xələfzadə Sürəyya Süleyman qızının şikayət məktubu əsasında Əsgərov Baba Əli oğlunun cinayət işinin istintaqının arxiv materiallarını geniş, hərtərəfli araşdırmış və altı maşinka səhifəsindən ibarət arayış yazmışdır. O, yaranmış yeni şəraitdə vaxtı ilə XDİK DT idarəsində işləmiş müstəntiqlər Vasiliyev, Prixodko, vaxtı ilə II şöbənin rəisi olmuş Persisi, həmçinin İ.V.Krotkovu (27,122), S.H.Məmmədovu, X.P.Xaldıbanovu və əlavə şahidləri- Q.S.Qabrielyanı, T.M.Dudaevi, Y.K.Zelensini, D.J.Zaykini, M.A.Danielyanı, Əbülfəz Axundovu dindirərək onların ifadələrini də nəzərə alaraq təklif etmişdir ki, B.Əsgərovun fəaliyyətində cinayət tərkibi olmadığı üçün cinayət işi dayandırılsın və ləğv edilsin. Arayışda həmçinin Baba Əsgərovun cinayət işində adı keçən müstəntiqlərin əksəriyyətinin işdə yol verdikləri ciddi nöqsanlara görə həbs edildiyi və ya işdən çıxarıldığı da əsas faktlardan biri kimi götürülmüşdür (27,230).
 
25 fevral 1956-cı ildə tərtib edilən arayışda adı keçən adamlar aşağıdakılardır: 
1. Keçmiş XDİ Komissarı(indiki daxili işlər naziri vəzifəsi- S.L.)  Yuverian Davidoviç Sumbatov-Topuridze – istintaq işlərini saxtalaşdırdığına, həbs olunanları döydürməsinə və günahsız adamları repressiya etdirdiyinə görə cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilib. 
 
2.Vladimir İvanoviç Gerasimov, XDİK keçmiş müavini, 16 iyun 1938-ci ildə xüsusi qaydada həbs edilərək güllələnib. 
 
3. Lev Abromoviç Sinman, XDİK IV şöbəsinin keçmiş rəisi, 16 fevral 1939-cu ildə Moskva XDİK hərbi Tribunalı tərəfindən 20 illiyə azadlıqdan məhrum edilib. 
 
4. Borşov Timofey Mixayloviç XDİK keçmiş müavini, 1955-ci ildə həbs olunub. Cinayət işlərini saxtalaşdırdığına, həbs edilənləri döydüyünə görə cinayət məsuliyyətinə cəlb edilib. 
 
5. Klemençiç İvan Petroviç, XDİK IV şöbəsinin I bölməsinin keçmiş rəisi. 1939-cu il may ayının 8-də işləri saxtalaşdırdığına və digər cinayət əməllərinə görə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən 15 illiyə azadlıqdan məhrum edilib. 
 
6. Şer Mark Lvoviç, XDİK Dövlət Təhlükəsizliyi idarəsinin IV şöbəsinin keçmiş rəisi 28 iyul 1938-ci ildə həbs olunub, xüsusi qaydada mühakimə edilərək güllələnmə cəzasına məhkum edilib. 
 
7. Korotov İvan Mixayloviç, XDİK DTİ-nin IV şöbəsinin keçmiş əməliyyat müvəkkili, orqanlardan xaric olunub və hazırda Bakı şəhəri, Azərbaycan Ticarət Bazasında Baş ayaqqabı birliyində ticarətçi vəzifəsində şöbə rəisidir”…
 
(Davamı var)
 
Təqdim etdi: 
 
Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər