Tarix fakültəsinin 28 dəfə istintaqda dindirilmiş dekanı hansı səbəbdən güllələndi?.. 
Ekskluziv
2081
27 Sep 2024 | 14:54

Tarix fakültəsinin 28 dəfə istintaqda dindirilmiş dekanı hansı səbəbdən güllələndi?.. 

“1937-ci il oktyabr ayının 13-də axşam saat 11-ə 20 dəqiqə işləmiş SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qapalı, müdafiəçisiz, ittihamçısız və şahidlərsiz, cəmi 15 dəqiqə çəkən iclasında B.N.Tixomirov ən ağır cəzaya məhkum edilmiş və hökm dərhal yerinə yetirilmişdir...”
 
“Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir... 
 
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
 
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...
 
Moderator.az aktuallığını və qarşıdan BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyinin gəlməsini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli  epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır. Materialın bu hissəsində kitabın “Repressiya olunmuş rektorlar və digər rəhbərlər” bölməsində  1935-1937-ci illərdə BDU-nun rektoru olmuş Balabəy Həsənbəyovun saxta ittihamlarla şərlənərək “əks-inqilabçı” kimi istintaqa cəlb edilməsi zamanı başına gətirilənlərdən və sonda güllələnməsi haqda istintaq materiallarının ən əsas və maraqlı hissələri ilə tanış ola biləcəksiniz.
(Əvvəli burada:)
 
“Repressiyaya məruz qalmış Tarix fakültəsi
 
 Dekan: Boris Tixomirov 
 
Repressiya dövründə BDU-nun günahsız yerə həbs olunaraq güllələnən elm adamlarından biri də tarix fakültəsinin dekanı, professor Boris Nikolayeviç Tixomirov olmuşdur.
 
B.Tixomirov haqqında ilk dəfə geniş məlumatı Z.Bünyadov 1993-cü ildə nəşr etdirdiyi kitabında verib. Biz arxiv materialları əsasında onun istintaqı ilə bağlı dəqiqləşdirmələr aparmış, yeni sənədləri, materialları elmi dövriyyəyə daxil etmişik. 1932-ci ildən BDU-nun açılması ilə bağlı Azərb. K(b)P MK ilə Azərb.SSR Xalq Komissarları Soveti və Xalq Maarif Komissarlığı arasında aparılan müzakirələr, yazışmalar, nəhayət, 1934-cü il may ayının 25-də ikincinin “Azərbaycan Dövlət Universitetinin açılması haqqında” qərar qəbul etməsi ilə başa çatmışdı. Yenidən fəaliyyətə başlayan Universitetdə dörd fakültə açıldı. Onlardan biri də Tarix fakültəsi idi. Qeyd edək ki, Moskva və Leninqrad Universitetlərindən sonra BDU, üçüncü təhsil müəssisəsi idi ki, tarix fakültəsinin açılmasına icazə verilmişdi. Əlbəttə, bunun müxtəlif səbəbləri var idi. Sovet işğal rejimi bu fakültəni açmaqla Tarix elmini və fakültəsini millətimizə, Vətənimizə tamamilə yad olan kommunist və sovet ideologiyasına tam uyğunlaşdırmaq istəyində idi. Doğrudur, hökumət Tarix fakültəsinin açılmasını keçmişin daha yaxşı öyrənilməsi təlabatı ilə əsaslandırmışdı. Həm də, etiraf edilirdi ki, bu iş başlı-başına buraxılb. Fakültəyə tapşırılırdı ki, tarix fənninin lazıminca qiymətləndirilməməsini aradan qaldırsın və respublika ali məktəblərini kadrlarla, tədqiqatçılarla təmin etsin. Onun qarşısında mülkü və partiya tarixi mövzularını elmi cəhətdən daha yaxşı, ətraflı araşdırmaq bir vəzifə kimi qoyulmuşdu .
 
Azərb.K(B)P MK çox böyük əhəmiyyət verdiyi bu vəzifəyə 1930-cu ildə Moskvada Qırmızı Professorlar İnstitutunu bitirmiş B.N.Tixomirovu təsdiq etmişdi. Qeyd edim ki, o, orta əsrlər tarixinin tanınmış araşdımaçısı M.N.Tixomirovun qardaşı idi. B.N.Tixomirov 1934-cü il martın 25-dən, həbs edilənə - 2 dekabr 1936-cı ilə qədər Bakı Dövlət Universitetində işləmişdi. (S.Hacıyev v R.Süleymanovun yazdığı ”Tarix fakült sinin tarixi”adlı əsərdə bu 25 mart 1935-ci il kimi verilib- B.Ə.).
 
Yeri gəlmişkən bildirək ki, Tixomirovdan sonra dekan vəzifəsi Azərb.K(b)P MK-nın razılığı ilə 1937-ci ilin yayında yenidən Bakıya dönən milliyətcə erməni V.K.Budaqyana həvalə edilmişdir. 1937-ci ilin oktyabrında Universitetə rektor təyin edilən Cəbrayıl Ələsgərov çox keçmədən, təxminən iki aydan sonra, 1938-ci il yanvar ayının əvvəlində MK-ya məktub yazaraq Tarix fakültəsinin dekanı vəzifəsinə N.Q.Çernışevski adına Moskva Tarix, fəlsəfə və ədəbiyyat institutunun məzunu Möhbalı Qasımovun namizədliyini irəli sürmüşdü.
“...Kommunist ideologiyasının formalaşması və yayılmasında, həmçinin Azərb.K(b) MK-si üçün partiya kadrlarının hazırlığında Tarix fakültəsinin böyük əhəmiyyətini nəzərə alaraq onun işi həmişə diqqət mərkəzində olmuşdur. Bütün Universitet üzrə leninizm kursu, fəlsəfə və siyasi iqtisad fənlərinin tədrisi üzrə mühazirələri Tarix fakültəsinin müəllimləri aparırdı. Azərb.K(b)P MK-si rektor C.Ələsgərovun Möhbalı Qasımovun Tarix fakültəsinin dekanı vəzifəsinə təqdimatını bəyəndi. 3 mart 1938-ci ildə keçirilmiş Azərb.K(b)K MK-nın bürosu və Bakı komitəsinin birgə iclası onu ADU-nun rəhbər heyətinin tərkibinə daxil etdi” .
 
Ancaq tezliklə M.Qasımov universitet partiya təşkilatının katibi, IV kurs tələbəsi M.T.Novixin və Budaqyan birləşərək rektora qarşı kompaniyaya başladı. Bu isə həm Tarix fakültəsinin, həm də Universitetin elmi, tədris həyatına ağır təsir göstərdi. Nəticədə “ADU işi” meydana gəldi. Tanınmış tarixçi E.Abbasov özünün dəyərli araşdırmasında ”ADU işi”ndən geniş bəhs etdiyindən onun üzərində dayanmırıq.
 
İstintaqın ilk dövrlərində Tixomirov böhtan dolu sualları rədd edib. Lakin bu elm adamı işgəncə və döyülmələrdən, 3 nömrəli işgəncə metodunun tətbiqi nəticəsində halsız bir vəziyyətə düşdükdən sonra müstəntiqə lazım olan ifadələr verməyə məcbur olmuşdu.
 
B.Tixomirov repressiya illərində həbs olunanlardan ən çox dindirilən az saylı adamlardan olmuşdur. Onun 4 cild 320 səhifədən ibarət olan istintaq işindən aydın olur ki, bu şəxs 28 dəfə dindirilmiş, 26-dan çox adamla üzləşdirilmişdir. Bütövlükdə istintaq dövründə onun ifadələrində 219 nəfərin adı keçmişdir.
 
İstintaq işindəki anket məlumatından aydın olur ki, Tixomirov 1898-ci il doğumlu, milliyyətcə rus, 1930-cu ildə Moskvadakı Qırmızı Professorlar İnstitutunu bitirmiş, Bakıdakı Şaumyan adına MLİ-nun keçmiş rektoru, AK(b)P MK-nın mədəni-maarif şöbəsinin müdirinin keçmiş müavini, həbs olunan zaman ADU-nun Tarix fakültəsinin dekanı olmuşdur. Həyat yoldaşı 34 yaşlı evdar qadın olan Mariya, oğlu 15 yaşlı Aleksandr, adı nədənsə qeyd olunmayan 12 yaşlı qızı olmuşdur.
 
1 dekabr 1936-cı ildə DT leytenantı Şer Azərb.SSR XDİK DTİ-nin istintaq şöbəsinin rəisi, DT mayoru Gerasimova Tixomirovun əit təşkilatın üzvü olması səbəbindən cinayət məsuliyyətinə cəlb edilməsinin zəruriliyini bildirən arayış təqdim etmişdir.
 
“Leninqrad şəhərində məsuliyyətə cəlb olunmuş əit-dən Qarber, Zeydel və başqalarının verdikləri ifadələrə görə XDİK tərəfindən müəyyən edilmişdir ki, B.N.Tixomirov trotsikiçi-zinovyevçi (Bundan sonra tz-B.Əziz) təşkilatın üzvüdür. DTİ-nin istintaq şöbəsi yuxarıda göstərilənləri əsas tutaraq B.N.Tixomirovun həbs olunmasını və Azərb. SSR cm-nin 72,73-cü maddələri üzrə məsuliyyətə cəlb edilməsini zəruri sayır.”
 
Belə bir hazırlıqdan sonra 1936-cı il dekabrın 2-də prof.B.N.Tixomirov həbs edilmişdi.
 
İstintaq işinin materiallarının əvvəllərində təqsirləndirilənin həbsindən yeddi ay sonra Az.K(b) Firqəsinin (Yəni Partiyasının; Blankın baş tərəfində belə də yazılıb-B.Əziz) Voroşilov Dairə komitəsi istintaqa gizli qrifi ilə Arayış göndərmişdir. Orada yazılıb: “1930-cu ildə Moskva Qırmızı Professorlar İnstitutunu bitirib. Həbs olunanda MLİ-nun direktoru və ADU-nun SSRİ Xalqları tarixi kafedrasının professoru. 1924-cü ildən Partiyanın üzvü, Bilet No 1429333.”
 
B.Tixomirovun ilk istintaqı 4 dekabr 1936-cı ildə keçirilmişdir. Müstəntiq ondan: “əitz-çi təşkilata mənsubluğunu etiraf edirsənmi,” - deyə soruşduqda, təqsirləndirilən “xeyr” cavabını versə də, ancaq bəzi məsələlərdə, xüsusilə əks-inqilabçılara qarşı qətiyyətli olmamaqda, zəiflik göstərməkdə özünü təqsirli hesab etdiyini söyləyib.
 
“...Mən özümü ancaq onda günahkar bilirəm ki, ayrı-ayrı əks-inqilabçı ikiüzlülərlə barışdırıcı mövqedə olmuşam. Belə adamları partiya-sovet orqanları qarşısında ifşa etməmişəm.
 
Məsələn, Nikolayevi, Milmanı,Tomsinskini. Boynuma alıram ki, mən partiyada əks-inqilabi ikiüzlü rol oynamışam. Bu, xüsusilə, Nikolayevə qarşı münasibətdə daha çox özünü göstərmişdir.”
 
(...)
29 avqust 1937-ci ildə keçirilən 27-ci istintaqda artıq yorulub əldən düşmüş, bezmiş Tixomirov ona verilən bütün ittihamları qəbul edərək özünü tam günahkar hesab edib...
 
“...Azərbaycan SSR cm 73, 21/64, 69, 21/ 70-maddələri üzrə mənə verilən ittihamlarla özümü günahkar hesab edirəm.”
 
Nəhayət, 1937-ci il avqustun 29-da Tixomirovun istintaqı başa çatmış və bununla bağlı protokol tərtib edilmişdir. 1937-ci il avqustun 31-də ittiham Aktı tərtib edilmişdir. Bu ittiham aktı Azərb. SSR Xalq Daxili İşlər komissarı Sumbatov-Topuridze tərəfindən 1937-ci il sentyabrın 5-də təsdiq edilib.
 
Elə həmin il oktyabr ayının 13 - də axşam saat on birə iyirmi dəqiqə işləmiş SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qapalı, müdafiəçisiz, ittihamçısız və şahidlərsiz, cəmi 15 dəqiqə çəkən iclasında B.N.Tixomirov ən ağır cəzaya məhkum edilmiş və hökm dərhal yerinə yetirilmişdi...
 
Bu tükürpədən, ürəkağrıdan məhkəmədən təxminən iyirmi il sonra, yəni 1956-cı il avqustun 11-də elə həmin SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarına görə 1937-ci il oktyabrın 13-də B.N.Tixomirovun işi ilə əlaqədar çıxarılan hökm ləğv edilmiş və ona bəraət verilmişdir...
 
(Davamı var)
 
Təqdim etdi:  Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər