Elman Məmmədov: “Hərbi sənayemizin uğurları Ermənistan və himayədarlarına mesajdır”
Son illər ölkəmizdə hərbi sənayenin sürətli inkişafı silah-sursat istehsalında da özünü aydın şəkildə göstərməkdədir. Bugünlərdə yeni istehsal olunan müxtəlif növ pulemyotların, PUA və digər döyüş vasitələrinin təqdimatı buna sübutdur.
Ermənistan və himayədarlarının Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışdığı bir zamanda milli hərbi sənaymizin sürətli inkişafı təhlükəsizliyimizin əsas qarantlarından biri hesab oluna bilərmi?
Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov hərbi sənayemizdəki bu inkişafın qürurverici olduğunu vurğulayıb:
“Hərbi sənayemizin inkişafı, əldə etdiyi uğurlar bizi sevindirməkdə, qürurlanmaqdadır. Çünki bu uğurlar dövlətimizin gücünü, qüdrətini göstərir.
Mən dövlətimizin, ordumzun çətin günlərini görən, xatırlayan biriyəm. Vaxt var idi ki, biz bir gülləyə möhtac idik. Gülləni belə başqa ölkələrdən almaq məcburiyyətində idik. Ancaq indi Azərbaycan onlarla, yüzlərlə adda müxtəlif hərbi məhsullar istehsal etməkdədir. Bu gün Azərbaycanın istehsal etdiyi silah-sursat, müdafiə vasitələri yalnız daxili tələbatın təmin edilməsinə yönəlmir. Bu məhsullar həm də digər ölkələrə ixrac edilir. Milli məhsullarımız beynəlxalq rəqabətə uğurla davam gətirir, böyük maraqla qarşılanır.
Hesab edirəm ki, hərbi sənayemizin uğurları Ermənistan və onun himayədarlarına mesajdır.
Əminəm ki, yaxın gələcəkdə hərbi sənayemiz öz gücünü, qüdrətini daha da artıracaq, yeni-yeni hərbi məhsulların istehsalını həyata keçirməklə, dünya silah abazarıdna öz mövqeyini daha da gücəndirəcək”.
Seymur ƏLİYEV