“Yazılanlara inansaq, məhkəmə iclasında “görünməmiş hadisə” baş vermişdi: o, beş dəqiqə artıq vaxt sərf etmişdi. 1938-ci il yanvarın 5-də 11:00- da başlayan məhkəmə 11:20-də qurtarmış və A.Məmmədovu ən ağır cəzaya, güllələnməyə məhkum etmişdir. Bundan başqa orada göstərilib ki, “Hökm qətidir...”
“Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir...
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...
Moderator.az aktuallığını və qarşıdan BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyinin gəlməsini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır. Materialın bu hissəsində kitabın “Repressiya olunmuş rektorlar və digər rəhbərlər” bölməsində 1935-1937-ci illərdə BDU-nun rektoru olmuş Balabəy Həsənbəyovun saxta ittihamlarla şərlənərək “əks-inqilabçı” kimi istintaqa cəlb edilməsi zamanı başına gətirilənlərdən və sonda güllələnməsi haqda istintaq materiallarının ən əsas və maraqlı hissələri ilə tanış ola biləcəksiniz.
"Repressiya olunmuş rektorlar və digər rəhbərlər...
Elmi kitabxananın müdiri: Ağamir Məmmədov
30-cu illər repressiyasının günahsız qurbanlarından biri də Bakı Dövlət Universitetinin müəllimi, elmi kitabxananın müdiri, eyni zamanda SSRİ EA-nın Azərbaycan filialında baş elmi işçi vəzifəsində çalışan, əslən Gəncədən olan tarixçi Məmmədov Ağamir Sadiq oğlu olmuşdur.
(Qeyd:
A.Məmmədov haqqında ilk məlumatı Z.Bünyadov ”Qırmızı Terror” kitabında versə də, biz istintaq materialları əsasında onun fəaliyyəti barədə dəqiqləşdirmələr aparmış, xeyli əhəmiyyətli məlumatları ilk dəfə elmi dövriyyəyə daxil etmişik- B.Ə.)
Həbs olunarkən o dövrün tələblərinə əsasən tərtib olunan anket məlumatlarından aydın olur ki, o 1900-cü ildə Gəncə şəhərində xırda tacir ailəsində anadan olmuş, ağqvardiyaçıların və Sovet hakimiyyətinə qarşı qiyam qaldıran ordunun sıralarında xidmət etməmişdir. Ailə tərkibi 70 yaşlı anası Kübra xanım və həyat yoldaşı Neyma Zolindən ibarət olmuşdur...
A.Məmmədov haqqında cinayət işi 11 oktyabr 1937-ci ildə başlamış, həmin ilin 01 dekabrında başa çatmışdır. Cinayət işində olan materialların təhlilindən aydın olur ki, əslində A.Məmmədov heç bir gizli təşkilatın üzvü olmamış, sovet işğal rejiminin əleyhinə fəaliyyət göstərməmişdir. Onu yalnız başqalarından istintaqda işgəncə yolu ilə alınmış ifadələr əsasında həbs edərək güllələmişdilər.
Arxiv sənədləri göstərir ki, XDİK-ı Ağamir müəllimin fəaliyyəti haqqında hələ onun həbsindən bir il əvvəldən sənədlər toplamağa başlayıb. Məsələn, bu idarə 19 noyabr 1936-cı ildə “gizli” dərkənarı ilə Tiflis Universitetınin rektoruna göndərdiyi məktubda xahiş edib ki, bu yaxınlarda orada dissertasiya müdafiə etmiş elmi işçi Ağamir Məmmədovun işi və məruzəsinin siyasi və metodoloji cəhətdən nə qədər etibarlı olması haqqında onlara məlumat göndərilsin. Bundan başqa, rektordan A.Məmmədovun dissertasiya müdafiəsi haqqında həmin universitetin verdiyi rəyi, müdafiənin bütün stenoqramının göndərilməsi də istənilmişdir.
Azərb. XDİK DTİ-nin IV şöbəsinin rəisi, DT-yi kapitanı Sinman A. Məmmədovun həbsinin zəruriliyi barədə yazdığı arayışda göstərib: “Bizim tərəfimizdən ifşa olunmuş Azərb. SSR-də əks-inqilabi gizli fəaliyyət göstərmiş təşkilatın üzvlərindən: Salamzadə Əbdüləziz Heydər oğlu, B.Həsənbəyov, B.Çobanzadə, V.Xuluflu, A.S.Bukşpan, B.N.Tixomirov, H.Biləndərli,Nikolaev və Çicikalov göstərdilər ki, Məmmədov Ağamir əit fəal üzvüdür.
Yuxarıda deyilənə əsasən, Məmmədov Ağamirin Azərb.SSR cinayət məcəlləsinin 72,73-cü maddələri ilə məsuliyyətə cəlb edilərək həbs edilməsini zəruri hesab edirəm. Bu barədə Azərb. XDİK DTİ-nin VIII şöbəsinə və XDİK-na nəzarət edən Prokurorluğa məlumat verilsin”.
Sinmanın bu təqdimatından sonra A.Məmmədov haqqında həbs qəti-imkan tədbiri seçilib və 1937-ci ilin oktyabrında həbs orderi imzalanıb. Bu qərar Azərb. SSR XDİK DTİ-nin III dərəcəli işçisi Sumbatov tərəfindən təsdiq edilmişdir. A.Məmmədovu qərarla 15 oktyabrda tanış edirlər. Bu barədəki qərarda onun imzası mövcuddur.
Beləliklə, A.Məmmədov haqqında cəza maşını işə salınmışdı və buna uyğun olaraq DTİ-nin IV şöbənin VII bölməsinin rəisi, DT leytenantı Qolubtsev işə baxaraq heç birm fakta söykənmədən, tamamilə əsasız olaraq belə bir qərara gəlmişdir ki, “Azərbaycan əim təşkilatın üzvü Məmmədov Ağamir Sadiq oğlu Sovet hakimiyyət orqanları, ÜK(b)P-yə qarşı mübarizədə fərdi terror tətbiq etmək mövqeyində dayanıb, eyni zamanda kapitalist dövlətlərinin nümayəndələri ilə əks-inqilabi əlaqə yaradıb. Bu əlaqələr vasitəsi ilə o, Azərb. SSR-də vəziyyət barədə onları informasiya ilə təchiz edib. Məmmədov Ağamirə əlavə olaraq Azərb. SSR cinayət məcəlləsinin 17/70 və 65-ci maddələri verilsin və bu barədə Azərb. SSR XDİK DTİ-ə nəzarət edən prokurora məlumat verilsin”.
Qərara Qolubtsevlə yanaşı, DTİ-nin IV şöbəsinin DT kapitanı milliyyətcə erməni olan Avenesyan da imza atmışdır…
(…)
7 oktyabr 1937-ci ildə keçirilən ilk istintaq müstəntiqin ənənəvi “Təsdiq edirsənmi ki, sən Azərbaycan əks-inqilabçı millətçi təşkilatın üzvü olmusan” sualı ilə başlayıb. Təqsirləndirilən bunu inkar edib. “Mən əksinqilabçı millətçi təşkilatın heç bir vaxt üzvü olmamışam və belə bir təşkilatın mövcud olması haqqında mənə heç nə məlum deyil” .
Müstəntiq A.Məmmədovdan istədiyi cavabı ala bilməyəcəyini başa düşdüyündən əvvəlcə hədə-qorxu, psixoloji basqı metoduna keçib ona “Təklif edirəm suallara doğru, səmimi cavab verəsən. Əks təqdirdə əim təşkilatın fəal üzvü kimi ifşa olunacaqsan” deyir.
A.Məmmədov cavabında bu iddiaları rədd edərək əlavə heç nə deyə bilməyəcəyini söyləyib. Belə olduqda müstəntiq Qubaydullinin istintaqa verdiyi ifadəsindən istifadə edib.
Qubaydullin əvvəlcə ifadəsində özünün əks-inqilabçı millətçi təşkilatdakı təsir dairəsində olan yeddi nəfərin adlarını çəkib:
“1. A. S. Bukşpan. 2. Abdulov. 3. Xuluflu. 4. Ağamir Məmmədov. 5. Ə. Salahzadə. 6. H. İmanov. 7. Möhsüm Salamov”.
Növbəti istintaqda əim təşkilatdakı adamların sayı doqquza çıxıb. Müstəntiq Qubaydullindən 3-5 mart 1937-ci ildəki istintaqda guya onun təsiri altında olan, keçmişdə hamısının Bakı Dövlət Universitetinin tələbəsi olmuş, həbs olunanda üçünün BDU-nun müəllimi, altısının isə müxtəlif elmi idarələrdə elmi işçi kimi fəaliyyət göstərən dördüncü qrupa aşağıdakıların daxil olduğunu bildirən ifadə alıb:
“1. Əziz Salamzadə - ADU-nun keçmiş tələbəsi, indi SSRİ EA Akademiyasının Leninqrad şöbəsinin assistenti.
2. Ağamir Məmmədov - ADU-nun keçmiş tələbəsi, indi SSRİ EA Azərbaycan filalının və ADU-nun işçisi.
3. A. Bukspan Azərb. K(b)P üzvü, ADU-nun keçmiş tələbəsi, indi ADU-nun professoru.
4. Məmməd Bayramov - Azərb. K(b) üzvü, ADU-nun keçmiş tələbəsi, indi Ali Pedaqoji İnstitutunun müəllimi.
5. Vəli Xuluflu - Azərb.K(b) P üzvü, ADU-nun keçmiş tələbəsi, indi SSRİ EA Azərbaycan filialının işçisi.
6. Həsən İmanov - ADU-nun keçmiş tələbəsi, indi SSRİ EA Azərbaycan filialının işçisi.
7. Ələsgər Ələkbərov - ADU-nun keçmiş tələbəsi, indi SSRİ EA Azərbaycan filialının işçisi.
8. Möhsüm Salamov - ADU-nun keçmiş tələbəsi, indi SSRİ EA Azərbaycan Dövlət Muzeyinin Direktoru.
9. Hüseynəli Biləndərli - ADU-nun keçmiş tələbəsi, indi ADU-nun müəllimi, Azərb. K(b)P üzvlüyünə namizəd.”.
Təqsirləndiriləndən özünə lazım olan cavabı könüllü şəkildə ala bilməyən müstəntiq həbs edilən digər elm adamlarında olduğu kimi, işgəncə yolu ilə, hətta çox zaman istintaq protokullarına da yazdığı kimi, 3 nömrəli metod tətbiq edildikdən sonra alınan ifadələrdən və bu ifadələrə əsaslanan üzləşmələrdən istifadə edib.
(Qeyd:
Bu metodun məzmunun konkret olaraq nədən ibarət olması, nə vaxtdan tətbiq edilməsi və s barədə arxivdə axtarışlarımız təəssüf ki, bir nəticə vermədi. Ancaq istintaq materiallarından aydın olur ki, bu metodun tətbiq edilməsindən dərhal sonra, elə ertəsi gün təqsirləndirilənlər “könüllü” olaraq hər şeyi boynuna alır, müstəntiqə lazım olan ifadələri verir. Bu baxımdan 3 nömrəli metodun dəhşətli işgəncələrdən ibarət olduğunu söyləmək olar- B.Ə.)
(…)
1 dekabr 1937-ci ildə müstəntiq A.Məmmədova ittiham irəli sürüb. Onun fikrincə “A.Məmmədov Azərbaycan əim təşkilatın üzvü olmuş, ÜİK(b)P və Sovet hökumətinə qarşı mübarizə metodlarından biri kimi fərdi terrorun tətbiq edilməsi mövqeyində dayanmış, həmçinin kapitalist dövlətlərinin nümayəndələri ilə əks-inqilabi əlaqələr saxlamış, onlara Azərbaycan SSR-dəki vəziyyətlə bağlı məlumat vermişdir”.
Nəhayət, müstəntiq Avanesyan 4 dekabr 1937-ci ildə istintaqın başa çatdığını, Məmmədovun əks-inqilabçı millətçi təşkilatda fəaliyyət göstərdiyinin “tam sübuta yetirildiyini” bildirən yekun akt tərtib edib.
Orada yazılmışdır:
1) A.S.Məmmədov Azərbaycanın SSRİ-dən zorla, silahlı yolla ayrılmasını, partiya və hökumət rəhbərlərinə qarşı terrorçu aktlar tətbiq etməyi qarşısına qoyan, əit terrorist mərkəz və sağların əks-inqilabi təşkilatları ilə əlaqədə olan Azərbaycan əim təşkilat blokunda fəaliyyət göstərən əks-inqilabçı terrorist-pantürkist təşkilatın üzvüdür.
2) Trotskiçi təşkilatla əks-inqilabi əlaqə saxlamış, partiya və hökumət rəhbərlərinə qarşı fərdi terrorun tətbiq edilməsi mövqeyində durmuşdu.
3) Praktik əks-inqilabi iş aparmışdır. Burada pantürkist təbliğat, elmi əsərlərində və mühazirələrində əim görüşlər geniş əksini tapmışdır. Eyni zamanda, Türkiyə konsulu ilə əlaqə saxlamış, onun vasitəsi ilə Azərbaycan SSR-də əks-inqilabi işin vəziyyəti haqqında xaricə məlumat vermişdir. Özünü günahkar hesab etməmişdir.”
Bu akt Azərb SSR XDİ komissarı, III dərəcəli Dövlət Komissarı Sumbatov-Topuridze və Azərb. SSR Prokurorunun Baş köməkçisi tərəfindən təsdiq edilib.
SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 1938-ci il yanvarın 4-də Nikitenkonun sədrliyi, İyevlev və İşenkonun üzvlüyü ilə hazırlıq iclası keçirilmişdir. İclasın protokolunda yazılıb: ”Ağamir Sadiq oğlu Məmmədov 1 dekabr 1934-cü il qanununa uyğun olaraq Azərb. SSR cm 73,70-ci maddələri üzrə məhkəməyə verilməli. İşə qapalı məhkəmə iclasında şahidlərsiz, ittihamçısız və müdafiəçisiz baxılmalı”.
1938-ci il yanvarın 5-də SSRİ Ali Məhkəməsi hərbi kollegiyasının qapalı məhkəmə iclasında A.Məmmədov bildirmişdir ki “... özünü günahkar hesab etmir, əks-inqilabi təşkilatın üzvü olmamışdır, nə üçün ona böhtan atdıqlarını izah edə bilməmişdir, heç kəslə pis münasibətdə olmamışdır. Müttəhim son sözündə xahiş etmişdi ki, ona böhtan atıldığına inansınlar”.
Yazılanlara inansaq, məhkəmə iclasında “görünməmiş hadisə” baş vermişdi: o, beş dəqiqə artıq vaxt sərf etmişdi. 1938-ci il yanvarın 5-də 11:00- da başlayan məhkəmə 11:20-də qurtarmış və A.Məmmədovu ən ağır cəzaya, güllələnməyə məhkum etmişdir. Bundan başqa orada göstərilib ki, “Hökm qətidir, o, 1 dekabr 1934-cü il qanununa əsasən dərhal yerinə yetirilməlidir”.
A.Məmmədovun qardaşı Kamal Məmmədov 1955-ci il aprelin 18-də dövlət orqanlarına qardaşının günahsız olması və bu səbəbdən onun işinə yenidən ədalətlə baxılması xahişi ilə müraciət edib.
Müvafiq dövlət orqanlarının uzun yazışmalarından, yaranmış şəraitlə əlaqədar yeni istintaq araşdırmasından sonra 1956-cı il iyunun 15-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası A.Məmmədovun haqqında 1938-ci ilin yanvar ayının 10-da çıxardığı hökmü ləğv etmiş və işin xətm edilməsi haqqında qərar qəbul olunub.
A.Məmmədovun həyat yoldaşı tanınmış yazıçı, pedaqoq Rəşid bəy Əfəndiyevin qızı, Neyma Rəşidqızı da xalq düşməninin ailə üzvü kimi 1938-ci il aprelin 10-da həbs edilmişdi. Onu 8 il müddətində azadlıqdan məhrum etmişdilər. Neyma Rəşid qızı da 1956-cı il noyabrın 17-də özünün və həyat yoldaşının günahsızlığını əsas götürüb onlara bəraət verilməsi xahişi ilə SSRİ Ali Sovetinin Rəyasət heyətinə və digər müvafiq orqanlara məktubla müraciət etmişdi. Bu müraciətdən sonra ona 1956-cı il noyabrın 21-də bəraət verilmişdi...
(Davamı var )
Təqdim etdi: Sultan Laçın