"İvanişvili Ukraynada Viktor Medvedçuk və "5-ci kolon"un digər nümayəndələrinin hərəkətlərini eynilə kopyalayır..."
"Gürcü xalqının qarşıdakı parlament seçkilərində öz sözünü deyəcəyinə inanıram..."
"Tezliklə, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. Deməli, Gürcüstanda səsləndirilən istənilən hay-küylü bəyanatları seçkiöncəki ritorika prizmasından qəbul etmək lazımdır".
Moderator.az xəbər verir ki, bu barədə "Ukrayna azərbaycanlılarının Birləşmiş diasporu" Ümumukrayna ictimai təşkilatının sədri Hikmət Cavadov "gordonua.com" nəşrindəki bloqunda yazıb.
"Bu ritorika, şübhəsiz, müxtəlif olmalıdır. Zənnimcə, ən başlıcası, bu bəyanatların Gürcüstanın və onun vətəndaşlarının rifahı naminə olmasıdır.
Bu mənada "Gürcü arzusu" hakim partiyasının təsisçisi Bidzina İvanişvilinin Qoridə seçkiöncəki kampaniya çərçivəsində keçirilən görüş zamanı səsləndirdiyi bəyanatını bu kateqoriyaya aid etmək olmaz.
O, bəyan edib ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili "kənardan göstərişlər nəticəsində 2008-ci ilin avqustunda avantürist hərəkətlərə yol verib, nəticədə müharibə baş verib".
Üstəlik, İvanişvilinin sözlərinə görə, "biz özümüzdə güc tapıb üzrxahlıq etməliyik". Bu zaman İvanişvili, əlbəttə ki, əsla Rusiyanın hərbi təcavüzü və bu gün də davam edən işğalını xatırlatmayıb. Və bu, ilk belə bəyanat deyil.
Gürcüstanın baş naziri İrakli Koxabidze avqustun 8-də bəyan edib ki, respublika hakimiyyəti 2008-ci il müharibəsinin şəraitinin aydınlaşdırılması üçün Prokurorluğa və Konstitusiya Məhkəməsinə müraciət edəcək və ya parlament komissiyası yaradacaq.
Bu dəfə İvanişvili əlavə edib: "Mən sizə söz verirəm ki, tezliklə gürcü Nürnberq prosesi ("Milli Hərəkat"a qarşı) baş tutacaq, bu da mütləq bizim barışığımıza zəmin olacaq".
Bu bəyanata istehza ilə yanaşmaq, Qaydayın "Qafqaz əsiri"ndəki məşhur ifadəsini dəyişərək "Məbədi də Saakaşvili dağıdıb?" demək olar. Lakin əslində mən əminəm ki, məsələ daha ciddidir.
Axı, İvanişvili və onun komandası "qanuni oğruların" çox güclü olduğu hesab edilən Gürcüstanı bütün dünyada heyranlıqla danışılan heyrətamiz islahatlar ölkəsinə çevirən Saakaşvilini nüfuzdan salmaq üçün məqsədyönlü şəkildə işləyir.
İvanişvili və onun komandası, şübhəsiz, hətta həbsxanada olan Saakaşvilidən ehtiyat edərək, bəxtiyar gürcü torpağına müharibə gətirən, Cəbubi Osetiya və Abxaziyada separatçılığa dəstək verən Rusiyanın nüfuzunun təmizə çıxarılması ilə məşğul olur.
Rusiya tankları Tbilisinin bir neçə km-də dayanmışdı, Rusiya çoxlu sayda dinv gürcülərin və öz Vətəninin müdafiəsi üzrə borcunu icra edən gürcü hərbi qulluqçuların ölümündə günahkardır.
Budur, biz görürük ki, gürcülərə ölkənin ərazi bütövlüyü və suverenliyinin tamamilə başqa cür təsfir etməyin mümkünlüyü təlqin edilir. Heç demə, separatçılardan üzr istəmək də olarmış! Biz görürük ki, keçmiş SSRİ məkanındakı bütün münaqişələrin arxasında dayanan Rusiyanı deyil, keçmiş gürcü hakimiyyətini ittiham etmək olarmış!
Mahiyyətcə, İvanişvili Ukraynanın bütün bəlalarında Rusiyanı deyil, bu və ya digər ukraynalı siyasətçiləri ittiham edən Viktor Medvedçuk və "5-ci kolon"un digər nümayəndələrinin hərəkətlərini eynilə kopyalayır.
Bəli, Rusiya təkcə Cənubi Osetiya və Abxaziyanı Gürcüstandan ayırmasına və təkcə Mixail Saakaşvilinin həbs edilməsinə nail olmasına deyil, həm də belə şokedici bəyanatlarla hakimiyyətin Saakaşvili və onun komandasını faktiki olaraq Nürnberq prosesində mühakimə olunan Hitler Almaniyasının nümayəndələri ilə müqayisə edən Bidzina İvanişvilinin əlində cəmləşdirməsinə sevinə bilər.
Bəli, Kremldə İvanişvilinin belə bəyanatları dəstəklənə bilər. Lakin, zənnimcə, gürcü xalqı qarşıdakı parlament seçkilərində öz sözünü deməlidir. Şəxsən mənim üçün Gürcüstan vətəndaşlarının əksəriyyətinin İvanişvilinin mövqeyini bölüşməsinə inanmaq çətindir".
Müəllif: Hikmət Cavadov