Ekskluziv
2134
17 Sep 2024 | 12:15

"Qərblə Rusiya arasında bir centlemensayağı anlaşma da var...  Putin xahiş edib ki...”

“Baydenin Ukraynaya ABŞ silahlarıyla Rusiyanın dərinliklərindəki hərbi və energetika obyektləri vurmağa icazə verməməsi Qərbindən Putindən qorxması demək deyil...”
 
“Öncə onu deyim ki, ABŞ prezidenti Co Baydenin Böyük Britaniyanın baş naziri Kir Starmerlə Vaşinqtondakı görüşündən əvvəl Putinin yenidən Qərbin Ukraynaya öz silahlarıyla Rusiya ərazisini vurmağa icazə verəcəyi təqdirdə bunun NATO-nun Rusiya ilə birbaşa savaşa başlaması anlamına gəlməsi haqdakı bəyanatına münasibət bildirərkən özünün heç Putinin dediklərinə fikir vermədiyini bildirmişdi. İkincisi isə, mənim diqqətimi daha çox cəlb edən ayın əvvəlində Böyük Britaniyanın “Mİ 6” kəşfiyyat xidmətinin rəhbəri Riçard Murla ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnsün Londondakı görüşü oldu. Həmin görüşdən sonra iki qüdrətli dövlətin kəşfiyyat rəhbərləri maraqlı bəyanatla çıxış etdilər. Və daha maraqlısı odur ki, o görüşdən bir həftə sonra “Mİ-6” Bakıya gəldi, ADA Universitetində mühazirə oxudu. Bir sözlə, bu çox diqqətçəkən səfər oldu”.
 
Bu fikirləri Moderator.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə analitik Teymur Qasımlı  “ABŞ prezidenti Co Baydenin Böyük Britaniyanın baş naziri Kir Starmerlə Vaşinqtondakı görüşündən sonra Ukraynaya  Amerika silahlarıyla Rusiyanın dərinliklərindəki hərbi və energetika obyektləri vurmağa icazə verməməsini bəziləri Qərbindən Putindən qorxması kimi dəyərləndirir. Siz buna necə baxırsız?” sualını cavablandırarkən ifadə edib.
 
“Konkret Rusiya-Ukrayna savaşına gəldikdə, əvvəla, ABŞ və Böyük Britaniya kəşfiyyat rəhbərlərinin bəhs edilən görüşlərindən sonra verdikləri bəyanatda Ukrayna ordusunun Kursk əməliyyatının uğur olduğunu bildirdilər  və Qərb ölkələrini Putinlə savaşda Ukraynanı tək qoymamağa, ona dəstək verməyə çağırdılar.  Və ikincisi də, hesab edirəm ki, ABŞ rəhbərliyinin Ukraynaya öz silahları ilə Rusiya ərazisini vurmağa icazə verməməsinə səbəb Putindən qorxmaq deyil. Onsuz da görürük ki, Moskvanın, Sankt-Peterburqun belə, özü və ətraflarındakı hərbi və energetika obyektləri Ukrayna dronları vasitəsilə vurulur, Ukrayna ordusunun Kursk vilayətinin bir hissəsini nəzarətə götürməsinə də Qərb xeyir-dua verib.  Sadəcə ABŞ və digər Qərb dövlətləri ehtiyat edir ki, Rusiyanın Amerika raketləri ilə vurulmasına cavab olaraq Putin Avropa ölkələrinə,  məsələn, Polşaya, Rumıniyaya adekvat zərbələr endirməyə çalışar və bununla Avropa insanları zərər görər. Digər tərəfdən, belə nəticəyə gəlirəm ki, Qərblə Rusiya arasında bir centlemensayağı anlaşma da var.  Putin Qərbdən xahiş edib ki, Ukraynaya dəstək verirsənsə də, heç olmasa, onun mənim ərazimi öz güclü silahlarıyla hədəfə almasına icazə vermə” –deyə şərhçi əlavə edib.
 
Ümumiyyətlə, Kursk əməliyyatından sonra Ukrayna cəbhəsində hadisələrin inkişafını necə proqnozlaşdırmaq olar?” sualına isə analitik belə cavab verib:
 
“Kursk əməliyyatını mən Ukraynanın böyük uğuru sayıram. Bu, Ukrayna xalqının ruh yüksəkliyini bərpa etmək üçün böyük bir təkan vermiş oldu. İndi bundan sonra əsas həmin əraziləri əldə saxlamağa davam etməkdir. Ancaq bununla arxayınlaşmaq olmaz. Ağır proseslər hələ qabaqdadır. Çünki Rusiya hələ çökməyib. Odur ki, Ukrayna bundan sonra da yeni-yeni uğurlu əməliyyatlara imza atmağa çalışmalıdır. Uğurlu əməliyyatlar çoxaldıqdca Rusiya imperiyasının çöküşü tezləşəcək...” 
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər