Bu şəxslərə həbs TƏTBİQ OLUNACAQ- EKSPERT AÇIQLADI 
1981
16 Sep 2024 | 17:34

Bu şəxslərə həbs TƏTBİQ OLUNACAQ- EKSPERT AÇIQLADI 

Son zamanlar teatr, kino və bir çox mədəniyyət ocaqlarında onlayn konsertlərdə saxta bilet satışları həyata keçirilir. Dələduzlar tərəfindən həyata keçirilən bu prosesdə vətəndaş onlayn bilet almaq istədikcə dələduzlarla üzləşir, nəticədə isə həm pulu gedir, həm də aldadılır.  Bəs görəsən belə olduğu halda vətəndaşı aldadan dələduzları hansı cərimə gözləyir?
 
 
 Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Moderator.az-a danışdı. Bildirdi ki, əgər vətəndaşlara qarşı hər hansı formada dələduzlq əməli baş veribsə, hüquq-mühafizə orqanları müvafiq araşdırma ilə dəymiş zərərin məbləğinə uyğun olaraq əməli torətmiş şəxsin məsuliyyətə cəlb edilməsini təmin edir:
 "Belə ki, dələduzluq - yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə həm inzibati, həm də cinayət məsuliyyətinə səbəb olur. Əgər ələ keçirilən məbləğ 500 manatdan azdırsa, bu, inzibati xəta hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 
Ələ keçirilən əmlak 500 manatdan yuxarı olduqda, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda isə bu əməl Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. 
Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə və ya xeyli miqdarda , yəni 5000 manatadək ziyan vurmaqla törədildikdə CM-nin 178.2-ci maddəsi ilə məsuliyyətə səbəb olur və dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Yuxarıda qeyd edilən əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda (50 min manatdan 500 min manatadək) ziyan vurmaqla törədildikdə, əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə CM-nin 178.3-cü maddəsinə əsasən əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Bu əməllər xüsusilə külli miqdarda, yəni 500 min manatdan yuxarı ziyan vurmaqla törədildikdə  isə CM-nin 178.4-cü maddəyə əsasən on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edək ki, CM-nin 178.1 maddəsində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.
CM-nin 178.2-ci maddədə nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir.
CM-nin 178.3, 178.4, maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər".
 
Link kopyalandı!
Son xəbərlər