"Ukraynaya dəstək verən müttəfiqlərin gələcək qələbə üçün ümumi strategiyaya malik olması çox vacibdir..."
Böyük Britaniya və İtaliya liderləri Britaniyanın "Storm Shadow" qanadlı raketlərindən Ukraynanın istifadə edilməsi təklifini müzakirə edəcək.
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
Məlumatda deyilir ki, Böyük Britaniya və İtaliya Ukraynanı müdafiə etmək vədinə sadiqdir. Britaniya baş naziri Britaniyanın uzaqvuran silahından istifadə etmək üçün Kiyevə icazə vermək təklifinə dəstək almaq məqsədilə Romaya yola düşür.
Starmer və Meloninin bu gün gözlənilən görüşündə Britaniyanın "Storm Shadow" uzaqvuran qanadlı raketlərindən Ukraynanın Rusiya ərazisində istifadə edilməsi təklifi müzakirə ediləcək.
Hər iki liderin Rusiyanın Avropa üçün təhlükə törədən hibrid təhlükələrinin daha geniş müzakirəsi və onların Ukraynanın bərpasına dəstək göstərilməsini təsdiq edəcəkləri gözlənilir.
Starmerin Romaya səfəri onun ABŞ prezidenti Co Baydenlə Vaşinqtondakı görüşündən bir neçə gün sonra baş tutacaq.
Onlar Ukraynaya ABŞ-ın naviqasiya məlumatları ilə idarə edilən "Storm Shadow" uzaqvuran raketlərilə Rusiyaya zərbələr endirilməsinə icazə verilməsi məsələsini müzakirə edib.
Hərçənd, Bayden indiyədək bunun müharibənin eskalasiyasına gətirib çıxara biləcəyi ilə bağlı ehtiyat etdiyindən belə addıma qarşı olub.
Britaniyanın rəsmi şəxsləri bununla bağlı həmçinin fransız və alman həmkarları ilə yaxın günlərdə danışıqlar aparacaq.
ABŞ və digər müttəfiqlərlə bu təkliflə bağlı danışıqlar davam edir, bunu Böyük Britaniya XİN rəhbəri Devid Lemmi bəyan edib və əlavə edib ki, bu ay BMT-də müttəfiqlərlə Ukrayna prezidenti Vladimir Zelenski arasında müzakirələr davam etdiriləcək.
"Ukraynaya dəstək verən müttəfiqlərin gələcək qələbə üçün ümumi strategiyaya malik olması çox vacibdir", - Lemmi deyib.
Bazar ertəsi Starmer və Meloni həmçinin miqrasiya ilə mübarzə planlarını, habelə iki ölkə arasında əlaqələrin bundan sonra da möhkəmləndirilməsi üzrə səylərini müzakirə edəcək.