"Rusiya liderinin Türkiyəyə səfəri nə təhlükəsizlik mülahizələrinə görə, nə də iki ölkə arasında soyuq münasibətlər səbəbindən heç vəchlə baş tuta bilməz..."
Bəzi səbəblərə görə Putinin Türkiyəyə səfəri heç vəchlə baş tutmur.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Medya Günlügü" nəşri yazıb.
Birincisi, Türkiyə hələ də NATO-nun üzvüdür, orada Amerikanın bazaları və kəşfiyyat şəbəkəsi var.
İkincisi, Türkiyə tərəfindən "Azov" döyüşçülərinin Kiyevə verilməsindən sonra etimad sarsılıb. Lakin görüş BRIKS sammitində baş tutacaq!
Rusiya prezidenti Vladimir Putinin çoxdan gözlənilən səfəri heç vəchlə baş tutmur və bunun arxasında maraqlı səbəblər dayanır.
Bununla əlaqədar olaraq Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov nəşrin suallarına cavabında qeyd edib ki, Rusiya lideri Türkiyəyə getmək istəyir.
"Putinin Türkiyəyə gəlişilə gündəlikdə danışılası bir çox vacib mövzular olacaq. Ankara və Moskva həm regional, həm də beynəlxalq problemlərə dair ciddi məsələləri müzakirə etməlidir. Lakin prezident bir neçə amillə bağlı Türkiyəni ziyarət edə bilmir", - ekspert deyib.
Markov ilk növbədə təhlükəsizlik amilinə diqqət çəkərək qeyd edib: "Türkiyə NATO-nun üzvüdür. Burada Alyansla bağlı sistem var. Türkiyə də bu sistem çərçivəsində hərəkət edir. Həm də 15 iyul 2016-cı ildə dövlət çevrilişi cəhdini unutmaq lazım deyil. Biz bu hadisənin arxasında hansı qüvvələrin dayandığını bilirik. Türkiyə prezidenti Ərdoğan bu qüvvələri hələ də açıqlamayıb. Ona görə də həm də Putin üçün təhlükə mövcuddur".
Politoloq həmçinin vurğulayıb ki, Putin Ərdoğanın sözlərinə daha etimad göstərmir və bu nöqteyi-nəzərini belə izah edib:
"Ötən il "Azov" terrorçu təşkilatı yaraqlılarının Kiyevə təhvil verilməsi Ərdoğana olan etimadı sarsıdıb. Diqqət edin, bu hadisədən sonra Putin Ərdoğana nə qədər etibar etməyin mümkün olması barədə daha heç nə deməyib. Bütün bunlar asan məsələ deyil. "Azov" Rusiyada terrorçu təşkilat hesab edilən milliyyətçi hərəkatdır. Bu, rusofobiyanı öz ideologiyasına çevirən qanlı radikal təşkilatdır!Ərdoğan Moskvaya verdiyi sözünü tutmalı idi!".
Rusiya ilə Türkiyə arasında "Azov" komandirlərinin Ukraynada münaqişənin sonunadək Türkiyədə qalacağı barədə razılaşma olub. Lakin Ukrayna prezidenti Vladimir Zelenskinin ötən ilin iyul ayında İstanbula səfərindən sonra Türkiyədən bu komandirlərlə gedib və özünün "X" sosial şəbəkəsində onlarla birlikdə təyyarədə çəkdiyi şəkilləri paylaşıb. Bu da Moskvanın qızğın reaksiyasına səbəb olub.
ABŞ və Böyük Britaniya kəşfiyyatlarının planlarından danışarkən, Markov davam edib:
"Putin bu iki xüsusi xidmət orqanlarının hədəfindədir. Rusiya kəşfiyyatı ABŞ və Böyük Britaniyanın planlarını nəzərə alır. Əvvəldə dediyim kimi,Türkiyə NATO-nun üzvüdür. Türkiyədə Amerikanın bazaları və kəşfiyyat şəbəkəsi var. Ona görə də bu, riskli vəziyyətdir".
Markovun sözlərindən belə nəticəyə gəlmək olar ki, Rusiya liderinin Türkiyəyə səfəri nə təhlükəsizlik mülahizələrinə görə, nə də iki ölkə arasında çoxdan mövcud olan soyuq münasibətlər səbəbindən heç vəchlə baş tuta bilməz.
Bu arada Londonun "Middle East Eye" saytı sentyabrın 11-də məlumat verib ki, Putin Türkiyəyə Rusiya qırıcılarının müşayiətilə uçmaq istəyir, bu da səfəriin baş tutmasını çətinləşdirir. Lakin bu xəbər böyük etimad doğurmayıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Putinin Türkiyəyə səfərini çoxdan gözləyirlər və bununla bağlı fəal şəkildə hazırlıq işləri aparılır. Putinin ilin sonunadək Türkiyəyə gəlişinin gözlənildiyi barədə suala cavabında Kremlin rəsmi nümayəndəsi deyib:
"Biz hazırlıq işlərinin başa çatmasından dərhal sonra səfərin baş tutacağına ümid edirik". Digər tərəfdən, Rusiya və Türkiyə liderləri Rusiyanın Kazan şəhərində oktyabrın 22-24-də keçiriləcək BRIKS-in XVI sammitində görüşəcək.
Müəllif: Fuad Səfərov