BDU-nun 60 yaşlı bu prorektoru İran kəşfiyyatı ilə əlaqədə şərlənərək sürgün edildi və...
Ekskluziv
1916
16 Sep 2024 | 13:31

BDU-nun 60 yaşlı bu prorektoru İran kəşfiyyatı ilə əlaqədə şərlənərək sürgün edildi və...

“Cümhuriyyət hökumətində müxtəlif məsul vəzifələrdə çalışmış 60 yaşlı bu dəyərli dövlət xadiminə, elm, təhsil işçisinə qarşı 1938-ci ilin yanvarından başlayan işgəncə və əzablarla dolu olan istintaq aprel ayının 26-na qədər davam etmişdi...”
 
“Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir... 
 
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
 
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...
Moderator.az aktuallığını və qarşıdan BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyinin gəlməsini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli  epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır. Materialın bu hissəsində kitabın “Repressiya olunmuş rektorlar və digər rəhbərlər” bölməsində  1935-1937-ci illərdə BDU-nun rektoru olmuş Balabəy Həsənbəyovun saxta ittihamlarla şərlənərək “əks-inqilabçı” kimi istintaqa cəlb edilməsi zamanı başına gətirilənlərdən və sonda güllələnməsi haqda istintaq materiallarının ən əsas və maraqlı hissələri ilə tanış ola biləcəksiniz.
 
"Repressiya olunmuş rektorlar və digər rəhbərlər...
(Əvvəli burada:)
 
“Prorektor: Həmid bəy Şahtaxtinski
 
BDU-da günahsız yerə həbs olunanlardan biri də 1920-1930-cu illərdə Universitetdə müəllim kimi çalışmış Həmid bəy Şahtaxtinski olmuşdur.
 
H.Şahtaxtinski 1923-1925-ci illərdə BDU-nun prorektoru işləmiş, universitetin on illiyi ilə əlaqədar professor fəxri adı almışdır. Bu tanınmış ictimai siyasi xadim 1940-cı il yanvar ayının 5-də Azərb. SSR XDİK-in əməkdaşı, DT mayoru, Markaryanın təsdiq etdiyi qərara və ZHD HP-nun sanksiyasına əsasən həbs edilmişdir. Bu qərarı əsas götürən XDİK DTİ-nin III şöbəsinin I bölməsinin rəisi, baş leytenant Martirosov yanvar ayının 6-da Bakı şəhəri, Karqanov küçəsi 24 ünvanda yaşayan H.Şahtaxtinskinin İran kəşfiyyatı ilə əlaqə saxlamaqda, bu ölkənin xeyrinə çalışmaqda günahkar sayaraq həbsə almağı və məsuliyyətə almağı lazım bilmişdir.
 
Cümhuriyyət hökumətində müxtəlif məsul vəzifələrdə çalışmış 60 yaşlı bu dəyərli dövlət xadiminə, elm, təhsil işçisinə qarşı 1938-ci ilin yanvarından başlayan işgəncə və əzablarla dolu olan istintaq aprel ayının 26-na qədər davam etmişdi.
 
H.Şahtaxtinskinin işinə SSRİ XDİK yanında xüsusi müşavirə 11 iyun 1940-cı ildə baxmış və o anti-sovet millətçi təşkilatda fəaliyyətinə görə 8 il müddətinə həbs cəzasına məhkum edilmişdir.
“Humanist sovet məhkəməsi” həbsinin başlanğıcını 1940-cı il yanvar ayının 6-dan hesablamışdır. H.Şahtaxtinski 1943-cü il fevralın 3-də Arxanqelsk vilayətindəki həbsxanada 63 yaşında vəfat etmişdir. 1956-cı ildə məlum hadisələrdən sonra ona da günahsız olduğu üçün bəraət verilmişdir.
 
(Davamı var)
 
Təqdim etdi:
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər