Ekskluziv
2120
15 Sep 2024 | 18:11

"ABŞ prezidentliyinə namizədlər həyatın əleyhinədir" - Roma Papası

"Onların ikisi də-miqrantları qovan da, körpələri öldürən də həyata qarşıdır..."
 
Roma Papası Fransisk öz təyyarəsində keçirdiyi mətbuat konfransı zamanı ABŞ prezidentliyinə namizədləri tənqid edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
 
Pontifik namizədlərin miqrasiya və abortlar məsələlərində mövqelərinə istinad edərək onların siyasətinin "həyata qarşı" yönəldiyini qeyd edib və amerikalı katolikləri "daha az şərə" səs verməyə çağırış edib.
 
"Hər ikisi həyata qarşıdır, miqrantları qovan da, körpələri öldürən də", - Fransisk bəyan edib, bu zaman nə Donald Trampın, nə də Kamala Harrisin adlarını çəkməyib.
 
"Miqrantları qovmaq, onların inkişaf etməsinə, dolğun həyat yaşamasına imkan verməmək doğru deyil, qəddarlıqdır. Körpəni ana bətnindən kənar etmək qətldir. Biz bütün bunlar haqqında aydın şəkildə söyləməliyik", - Papa deyib, lakin nədən Vatikanın özünün miqrantları qəbul etmədiyinə aydınlıq gətirməyib.
 
Fransisk vurğulayıb ki, miqrasiya Müqəddəs Kitablarda təsbit edilmiş hüquqdur. Elmi məlumatlara istinad edərək Papa həmçinin qeyd edib ki, artıq birinci ayda körpənin orqanları formalaşır. O, abortu qətl adlandırıb.
 
Statistik məlumatlara görə, katoliklər ABŞ əhalisinin təxminən 21 faizini təşkil edir. Papanın prezidentliyə namizədlər haqqında bəyanatı "Ex cathedra" bəyanatının formatına uyğun deyil. Katolik ənənəsinə görə, bu o deməkdir ki, bu bəyanat qüsursuz deyil və inanclı insanlar tərəfindən icrası mütləq deyil.
 
"The New York Times" nəşri qeyd edir ki, Roma Papasının Amerikada seçkilərlə bağlı mövqeyi Birləşmiş Ştatlarda əvvəlki seçkilərdə olduğu kimi katolik seçicilər arasında parçalanmanı əks etdirir.
 
Jurnalistlərin belə namizədlərin olduğu seçkilərdə iştirak etməklə bağlı sualına cavabında Papa deyib ki, hər halda səs vermək lazımdır, bu zaman o, "hər kəsin düşünüb öz vicdanı ilə qərar verməyə" çağırış edib.
Link kopyalandı!
Son xəbərlər