O, İrəvandakı partiya iclasında soydaşlarımızın Ermənistandan köçürülməsi haqda Stalinin qərarının əleyhinə çıxış etdi?..
2389
14 Sep 2024 | 17:35

O, İrəvandakı partiya iclasında soydaşlarımızın Ermənistandan köçürülməsi haqda Stalinin qərarının əleyhinə çıxış etdi?..

“...Əgər MK məsləhət bilərsə, Şuşa şəhəri istisna olmaq şərti ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə razılıq vermək olar, o şərtlə ki, əvvəllər Azərbaycan torpağı olmuş, indi də əksəriyyəti azərbaycanlılar yaşayan, dil və mədəniyyətindən daha şox məhrum olan,  Azərbaycanla bilavasitə sərhəddə yerləşən Basarkeçər, Vedibasar, Qafan rayonları da Azərbaycanın tərkibinə verilsin”...
 
Sovet dövründə Ermənistanda müxtəlif vəzifələrdə çalışmış, görkəmli ictimai-siyasi xadim Talıb Musayevin 2008-ci ildə nəşr edilmiş  “Ermənilər və faciələrimiz” kitabının  sizlərə təqdim edəcəyimiz “Azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistandan deportasiya edilməsi nə vaxt, kimlərin köməyi ilə hazırlandı, həyata keçirildi və necə oldu ki, o, yarı yolda qaldı” başlıqlı bölməsində Rusiya imperiyasının xalqımıza qarşı apardığı bu amansız prosesin ilginc detalları açıqlanır. Müəllif Ermənistanda özünün iştirakçısı və şahidi olduğu bir sıra olayları nəql edir. 
Beləliklə, aktuallığını nəzərə alaraq sözügedən materialı dəyərli  Moderator.az oxucularının müzakirəsinə buraxırıq:
 
“1945-ci il noyabrın 28-də Ermənistanın sovetləşməsinin 25 illiyi münasibəti ilə İrəvanda - Mərkəzi Komitədə respublikanın rəhbər partiya-sovet orqanları rəhbərlərinin iştirakıyla geniş iclas keçirildi.  Həmin geniş iclasda bu 25 ildə sovet Ermənistanının nə kimi böyük müvəffəqiyyətlərə nail olması qeyd olunmaqla qarşıda duran vəzifələrin necə yerinə yetiriləcəyi barədə Stalinə məktub da qəbul olunub göndərilməsi qərara alındı. Bununla əlaqədar Stalinə ayrı-ayrı məktublar qəbul olundu. Bu məktubların əsas mənasını erməni-azərbaycanlı münasibətləri, yeni ərazilərin əldə edilməsi və s. təşkil edirdi Məsələn, Naxçıvanın və Qarabağın Ermənistana birləşdirilməsi və s.
 
İclasda ermənilərin məşhur yazıçısı Hraç Köçəryan çıxış etdi. Sonra Ermənistanın sovetləşməsi münasibəti ilə Stalinin təbrik teleqramı oxundu. Burada Naxçıvan haqqında da qeyd vardı. Bundan istifadə edən ermənilər Stalinə məktub yazdılar ki, “yoldaş Stalin, Sizin tapşırıqlarınız hamısı qanun kimi yerinə yetirilir və həmişə də yetirilmişdir. Ancaq bizim zəif münasibətimiz və məsuliyyətsizliyimizin nəticəsində Naxçıvanın Ermənistanın tərkibinə verilməsi haqqındakı təklifiniz hələ də yerinə yetirilməmiş qalır. Xahiş edirik, sizin təbrik teleqramınızda işarə olunduğu kimi, Naxçıvanın Ermənistanın tərkibinə verilməsi barədə sərəncam verəsiniz. Yerli əhali də bunu tələb edir, istəyir”... 
 
Bundan başqa, MK-nın katibi Arutyunovun imzasıyla Qarabağın Ermənistanın tərkibinə verilməsi barədə də Stalinə məktub yazıldı. Stalin məktub və teleqramı alandan sonra  cavab vermişdi ki,  “Naxçıvan məsələsi beynəlxalq qanunlara uyğun olaraq Lenin tərəfindən həll edilmişdir.  Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir.  Qarabağ haqqında olan məktub isə(yəni Arutyunovun məktubu) rəy üçün Azərbaycana göndərilmişdir”. 
Arutyunovun məktubunda yazılırdı:
 
“Qarabağda 132 min erməni yaşayır. Onların milli dildə öz ədəbiyyatını inkişaf etdirmək imkanı yoxdur. Onların bu və bu kimi tələblərini ödəmək üçün əvvəllər Ermənistanın dağlıq hissəsi olmuş, indi Azərbaycanın Dağlıq Qarabağı adlanan vilayətin Ermənistana verilməsi barədə sərəncam verməyinizi xahiş edirəm”.
 
Məktub Azərbaycan tərəfindən alınan kimi Bağırov cavab yazmışdı:
 
“Birincisi, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. İkincisi, bir halda ki, ermənilər mədəniyyət, ədəbiyyat məsələsini irəi sürürlər, əgər MK məsləhət bilərsə, Şuşa şəhəri istisna olmaq şərti ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə razılıq vermək olar, o şərtlə ki, əvvəllər Azərbaycan torpağı olmuş, indi də əksəriyyəti azərbaycanlılar yaşayan, dil və mədəniyyətindən daha şox məhrum olan,  Azərbaycanla bilavasitə sərhəddə yerləşən Basarkeçər, Vedibasar, Qafan rayonları da Azərbaycanın tərkibinə verilsin”...
 
(Davamı var)
 
Təqdim etdi: Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər