“Hansısa bir qrup dövlətlərlə iqtisadi əlaqələri gücləndirib, digər qrup dövlətlərlə əlaqə saxlamamaq iqtisadiyyyatın dayanıqlığını poza bilər...”
“Hər hansı bir ölkənin iqtisadi durumu elədir ki, onu yalnız bir regiondan, yaxud sahədən asılı vəziyyətə gətirmək bohranlarla nəticələnə bilər. Əslində iqtisadiyyat şaxələndirilmiş olmalıdır. İqtisadiyyatın konkret bir istiqamət və fəaliyyətə yönəltməklə tənzimlənməsi adətən real görünmür. Ölkənin həm iqtisadiyyatının özü struktur baxımından, həm də müxtəlif ölkələrlə əlaqələr baxımından da şaxələndirilmiş olmalıdır. Yəni hansısa bir qrup dövlətlərlə iqtisadi əlaqələri gücləndirib, digər qrup dövlətlərlə əlaqə saxlamamaq iqtisadiyyyatın dayanıqlığını poza bilər. Ona görə də Türkiyənin də həm Qərb, həm Şərq, həm Yaxın Şərq ölkələri ilə iqtisadi əlaqələrin, xüsusən də yaxın ölkələrlə ticarət əlaqələrinin qurulması və genişləndirilməsi ölkənin iqtisadiyyatını gücləndirən amillərdəndir”.
Bu fikirləri Moderator.az-a açıqlamasında AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov “Türkiyənin iqtisadiyyatı əsasən hansı ölkələrin iqtisadiyyatıyla bağlıdır, əlaqəlidir; Qərbin, yoxsa Rusiyanın, yaxud “qlobal Cənub” deyilən ölkələrin Çinin, Hindistanın və s...?” sualını cavablandırarkən səsləndirib.
“Türkiyə iqtisadiyyatı Avropadan maliyyə dəstəyi almaqla müəyyən inkişaf səviyyəsinə gəlib çatıb. Amma nəzərə alaq ki, bu ölkənin iqtisadiyyatı Rusiya və İranın, Yaxın Şərqin və eyni zamanda Azərbaycanın neft və yanacaq məhsullarından asılıdır. Yəni birtərəfli olaraq Qərblə iqtisadi əlaqələri gücləndirib, məsələn, yaxın çevrədəki qonşu ölkələrlə əlaqələri pozmaq iqtisadiyyata mənfi təsir göstərən amillərdəndir. Rusiya Türkiyənin əsas ticarət partnyorlarından biridir. Məsələn, həmin ölkəyə böyük həcmdə meyvə-tərəvəz ixrac edilir. Rusiya ilə münasibətlərin korlanması və həmin bazarın itirilməsi yaxın və uzaq perspektivdə Türkiyə iqtisadiyyatına böyük mənfi təsir göstərə bilər. Ona görə də Rusiya ilə əlaqələrin qorunub-saxlanılması vacibdir. Eyni zamanda Qərb ölkələri ilə də əlaqələr elə istiqamətdə qurulmalıdır ki, onlardan alınan maliyyə yardımları, uzunmüddətli kreditlər, bank əməliyyatlarının həyata keçirilməsi ölkə iqtisadiyyatına müsbət təsir göstərsin”.
“Belə çıxmırmı ki, Türkiyə iqtisadiyyatı hazırkı durumda real olaraq əsasən Qərb, Avropa, Amerika iqtisadiyyatından asılıdır?” sualına isə alim belə cavab verib:
“Türkiyə real olaraq, dediyim kimi, çalışır ki, qonşu dövlətlərlə də ticarət əlaqələrini genişləndirsin. Məsələn, son vaxtlar İranın da ticarət əlaqələrinin artırılması istiqamətində müqavilələr bağlanıb. Azərbaycanla ticari əlaqələrin daha da gücləndirilməsi istiqamətində işlər görülür. Yaxın Şərqin neftlə zəngin ölkələri, o cümlədən Qətərlə də iqtisadi və ticari əlaqələr var ki, onların maliyyəsinin Türkiyə iqtisadiyyatına cəlb edilməsi ilə bağlı işlər aparılır. Yanacaq-energetika sahəsində ölkənin əsas partyorlarından olan Rusiya ilə də, qeyd etdiyimiz kimi, böyük ticarət əlaqələri var. Oraya məhsulların göndərilməsi oradan da neft-qaz məhsullarının alınması ölkə iqtisadiyyatına müsbət təsir göstərir. Avropa ölkələri ilə də xeyli sahələrdə ənənəvi ticarət əlaqələri mövcuddur və onlar davam etdirilir. Ancaq Türkiyə Avropa İttifaqı dövləti olmadığından bəzi istiqamətlərdə müəyyən çətinliklərlə qarşılaşır. Gələcəkdə həmin ittifaqın tamhüquqlu üzvü olarsa, üzv ölkələrə yüngül və yeyinti sənayesi məhsullarının geniş həcmdə göndərilməsi, özü də bu ticarətin aşağı qiymətdə gömrüklə, yaxud İttifaqın üzvü kimi gömrük ödəmədən tənzimlənməsinin ölkə iqtisadiyyatına önəmli təsir göstərməsi mümkündür. Türkiyə bu istiqamətdə uzun müddət fəaliyyət göstərib. Lakin 2000-ci illərin əvvəlindən bəri Avropa İttifaqına tamhüquqlu üzvlük məsələsində problemlərin həllinin gecikməsi bu fəaliyyətə əngəllər yaradır. Təbii ki, həmin problemlər gələcəkdə həllini taparsa, bunlar Türkiyə iqtisadiyyatında böyük inkişafa gətirib çıxara bilər...”
Sultan Laçın