Ekskluziv
2242
11 Sep 2024 | 21:41

"Tarixən fürsət düşən kimi Rusiya İrana, İran da Rusiyaya buynuzunu göstərib...”

“İran burada daha çox Rusiya tərəfindən sərhədlə yanaşı, gələcəkdə Zəngəzur yoluna da nəzarət edilməsindən narahatdır və ümumiyyətlə, Moskvanın Cənubi Qafqazda hansısa bir mövqe sahibi olmasını istəmir...”
 
Azərbaycan Respublikasının İrandakı sabiq səfiri Abbasəli Həsənovla Moderator.az üçün budəfəki söhbətimizdə əsasən İran dövlətinin Zəngəzur dəhlinzinin açılmasıyla bağlı Rusiya və Azərbaycanın Ermənistandan tələblərinə münasibətindən bəhs etdik.
 
-Abbasəli müəllim, İranın Rusiya və Azərbaycanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın tələblərinə uyğun olaraq Ermənistandan Zəngəzur dəhlizini açmasını tələb etməsinə sərt reaksiyasına sizin münasibətiniz necədir?
 
-Gəlin məsələyə dar bir çərçivədə yox, bir az qlobal yanaşaq. Əvvəla, nəzərə almaq lazımdır ki, hər bir dövlətin öz siyasəti var. Hər bir dövlət hansısa bir məsələ ətrafında siyasət aparır. Və sonda həmin siyasətin o dövlətə, ölkəyə nə dərəcədə xeyir, nə dərəcədə zərər gətirə biləcəyini hesablamaq gərəkdir. Bu baxımdan İranın Zəngəzur yoluyla, dəhlizi ilə bağlı məlum mövqeyinin bu dövlət üçün gələcəkdə hansısa siyasi divident və ya iqtisadi mənfəət baxımından o qədər də faydalı olacağını düşünmürəm. Düzdü, bu mövqenin arxasında bəzi məqamlar var. Amma yenə də deyirəm, Zəngəzur yoluyla bağlı mövcud yanaşmasının gələcək perspektivdə İran üşün ciddi bir faydası görünmür. Lakin təəssüflər olsun ki, hazırkı durum belədir. Yəqin ki, gec-tez İranda da daha rasional, daha praqmatik bir mövqe sərgilənəcəkdir...
 
-Ola bilərmi ki, İran daha çox  bilavasitə Ermənistanla sərhədi boyu keçəcək  Zəngəzur yolunun da Rusiyanın nəzarətində olmasından narahat olur? Düzdür, onsuz da Ermənistan-Rusiya sərhədində Rusiya “FSB”-sinin sərhəd qoşunları var... Amma bəlkə Tehran, qeyd etdiyiniz kimi, başqa amilləri də nəzərə alır?
 
-Sizin fikrinizlə razılaşa bilərəm. Ona görə ki, İran burada daha çox Rusiya tərəfindən sərhədlə yanaşı, gələcəkdə Zəngəzur yoluna da nəzarət edilməsindən narahatdır və ümumiyyətlə, Moskvanın Cənubi Qafqazda hansısa bir mövqe sahibi olmasını istəmir. Hamı belə düşünür ki, Rusiya və İran müttəfiqdirlər. Əslində isə belə deyil, onlar ən yaxşı halda rəqibdirlər. Rusiya ilə İran arasında heç də hansısa strateji əməkdaşlıq düşüncəsi yoxdur. Bəzi hallarda bu zahirən belə görünə bilər. Amma elə deyil, Rusiya daim öz mövqeyini, maraqlarını, İran da daim öz mövqeyini, maraqlarını düşünür.  Buna tarixdə də misallar var. Bir çox hallarda fürsət düşən kimi Rusiya İrana, İran da Rusiyaya, belə deyək, buynuzunu, yumruğunu göstərib. Və bir-birinin əleyhinə zərərli mövqe sərgiləyiblər...
 
-Xüsusən də Güney Qafqaz və Azərbaycan uğrunda mübarizədə bu ilki ölkənin rəqabəti özünü daim göstərib...
 
-Bəli, bu dəqiqə açıq-aydın Cənubi Qafqaz uğrunda mübarizə gedir. Yalnız Rusiya və İran tərəfindən deyil, dünyadakı digər güc sahibləri tərəfindən də... Amma kim nəyə nail olacaq? Kim bu regionda üstün mövqe tutacaq- onu vaxt, zaman göstərəcək...
 
-Yəni baş verənlərdən belə nəticəyə gəlmək olarmı ki, İranın Zəngəzur yoluyla bağlı yanaşması sırf Azərbaycana qarşı yönəlməyib, elə Rusiyaya qarşı yönəlib? Düzdü,  Naxçıvana yolumuzu qısaldacaq bu dəhliz açılacağı təqdirdə İran həm də Azərbaycana təsir-təzyiq vasitələrindən birini itirir. Amma o da var ki, İran XİN izahat üçün Azərbaycanın həmin ölkədəki səfirini yox, Rusiya səfirini dəvət edib...
 
-Tamamilə doğrudur. İranın yanaşması yalnız Rusiyaya deyil, başqalarına da qarşı yönəlib. Amma bunun məhz Azərbaycana qarşı yönəldiyini hesab etmək düzgün deyil. Əvvəla, Zəngəzur yoluyla bağlı son qərarı Ermənistan qəbul etməlidir. Elə deyilmi?
 
-Bəli...
 
-Eyni zamanda Ermənistan da düşünməlidir ki, o da qonşu ölkələrlə normal, perspektivli mədəni, siyasi, iqtisadi əlaqələr qurmalıdır. Bu əlaqələr, münasibətlər ölkələrin, xalqların mehriban, dinc yanaşı yaşamasına şərait yaratmalıdır. Yəni Cənubi Qafqazda bir sülh, sabitlik, əməkdaşlıq mühiti yaradılmalıdır. Azərbaycan dövləti bunun üçün həmişə çalışır, addımlar atır. Regiondakı böyük layihələrdə məhz bu məqsəd güdülür və transmilli şirkətlərin  fəaliyyəti bu istiqamətə yönləndirilir... Zəngəzur dəhlizi ilə bağlı məsələdə isə, dediyim kimi son qərarı Ermənistan verməlidir...
 
-Neçə ildir, Ermənistan hökumətinin bəyanatlarından görünür ki, o, nəinki Zəngəzur yolunun,  sovet dövründə ərazisindən keçən digər kommunikasiyaların da açılmasının tərəfdarıdır. Sadəcə, həmin kommunikasiyaların  bu halda konkret olaraq Zəngəzur yolunun Rusiyanın nəzarətində olmasına qarşıdır....
 
-Bəli, Ermənistan istəmir, başqaları da bunu istəmir. Amma hesab edirəm ki, biz bunu özümüzə qarşı mənfi bir amal kimi qəbul etməməliyik...
 
-Ancaq son günlər bir sıra siyasətçi və siyasi qurumlar Azərbaycan hökumətini İranla münasibətlərə yenidən baxmağa, İranı dost olmayan, başqa sözlə düşmən dövlət elan etməyə çağırırlar... Sizcə, bu nə dərəcədə doğrudur?
 
-Zənnimcə, Rusiya Federasiyasının Zəngəzur dəhlizinin açılmasının zəruriliyi barədə Ermənistana öz beynəlxalq öhdəliklərini xatırlatmasına İran İslam Respublikasının kəskin reaksiyasına görə bəzi siyasi qurumların və siyasətçilərin Azərbaycan hökumətini İranla münasibətlərə yenidən baxmağa, İranı dost olmayan dövlət elan etməyə çağırması real siyasətə düzgün yanaşma deyil.  Əgər bu günədək, o cümlədən torpaqlarımızın işğal altında olduğu dövrdə İran Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın əlaqəsinə imkan verməsəydi, o halda bu davranışa yanaşma tamam başqa cür olmalıydı. Əvvəllər avtomobillərimiz, sərnişin avtobusları Astara və ya Biləsuvardan İran ərazindən boyük bir məsafə keçərək Naxçıvana gedib çıxırdı. Ancaq torpaqlarımızın azad edilməsindən sonra Naxçıvana yolumuz qısaldı və İran öz ərazisindən buna da şərait yaratdı, yol, körpü çəkildi. Və s. və i.a. Bu infrastrukturu yaratmağa İran razılığını bildirdi və artıq həmin proyekt həyata keçirilir. Ermənistana gəldikdə, bizim Naxçıvanla birləşməyimizi şərait yaradacaq, lap yaxşı. Yaratmayacaqsa, özü bilsin. Azərbaycan o halda da bir şey uduzmur, uduzan yenə Ermənistan olacaq. Özünü bir çox imkanlardan, mümkün olan beynəlxalq layihələrdən təcrid edəcək. Yəni bütün hallarda Zəngəzur yolunun açılmasıyla bağlı son qərarı həmin ərazinin faktiki sahibi kimi Ermənistan verəcək. Və belə bir vəziyyətdə Azərbaycan tərəfdən İrana qarşı bu cür fikirlər söyləmək o qədər də əsaslı deyil. Əhalisinin 52 faizi, soydaşlarımız, yəni Azərbaycan türkləri, azərbaycanlılar olan ölkəni düşmən elan etmək doğru olarmı? Bu gün təxminən 47 milyon azərbaycanlı yaşayır İranda... Bu, nə dərəcədə ağıllı fikir ola bilər? Hər şeyin kökünə daha dərin baxmalıyıq...
 
Sultan Laçın
 
 
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “azərbaycançılıq ideyasının təbliği” mövzusunda hazırlanıb.
 
 
Link kopyalandı!
Son xəbərlər