Məşhur “krıtı” yeni simada: Qobustan həbsxanasında nələr necə dəyişir?
Ekskluziv
2585
11 Sep 2024 | 14:26

Məşhur “krıtı” yeni simada: Qobustan həbsxanasında nələr necə dəyişir?

Ölkəmizdəki cəzaçəkmə müəssisələri arasında Qobustan həbsxanasının hər zaman xüsusi çəkiyə və populyarlığa malik olduğu kimsəyə sirr deyil. Uzun illərdir ki, qapalı cəzaçəkmə müəssisəsi kimi fəaliyyət göstərən Qobustan həbsxanası, bu həbsxanada dustaqlara yaradılan şərait zaman-zaman cəmiyyət və mediada müzakirə obyekti olmuş, bununla bağlı təzadlı və ziddiyyətli fikirlər səslənmişdir.

 

Bəs bu gün necə, məşhur “krıtı”da vəziyyət necədir? Ölkəmizdəki sürətli inkişaf, insan hüquqları ilə bağlı mövcud vəziyyət, dövlətimizin humanizm siaysəti Qobustan həbsxanasına da sirayət edibmi?

 

Bura artıq qapalı həbsxana deyil!

 

Hər şeydən öncə qeyd edək ki, Qobustan həbsxanasında rejim növü dəyişib və artıq bu cəzaçəkmə müəssisəsi ümumi rejimli cəzaçəkmə müəssisəsidir. Qobustandakı bütün ömürlük məhbuslar isə  müasir həbsxana olan Umbakuya köçürülüb. Bu qəbildən olan məhbusların Umbakuya köçürülməsi Qobustanda dustaqlar arasındakı sıxlığın azalmasına da müsbət təsir göstərib. Bununla yanaşı, hazırda həbsxanada dustaqların saxlanma şəraitinin daha da yaxşılaşması, bu şəraitin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ciddi addımlar atılır. Bu addımlardan biri isə həbsxana ərazisində yeni binaların inşa edilməsi, tikinti prosesinin genişləməsidir.

 

Həbsxanada aparılan tikinti işlərinin miqyası o qədər genişdir ki, gerçəkləşən islahatlar adıçəkilən cəzaçəkmə müəssisəsinin bütün simasını əsaslı şəkildə dəyişdirib. Bu gün ümumi rejimli həbsxana kimi fəaliyyət göstərən Qobustan cəzaçəkmə müəssisəsindəki tikinti işləri yekunlaşandan sonra, burada dustaqlar üçün ideal şərait formalaşacaq ki, bu da məhkumların daha rahat və sərbəst ortamda yaşamına imkan verəcək.

Dustaqların fiziki və psixoloji sağlamlığına töhfə

 

Həbsxananın yeni rejim qaydasına uyğunlaşdırılması, burada dustaqların yaşamı üçün daha əlverişli şəraitin yaradılması istiqamətində görülən işlər dustaqların fiziki və psixoloji sağlamlığına da müsbət təsir etməkdə, onlarda sabaha, gələcəyə daha optimal baxış formalaşdırmaqdadır. Dustaq sayının azaldılması, gigiyenik-sanitariya şəraitinin  yaxşılaşdırılması, məhkumlara özlərini, bilik və bacarıqlarını inkişaf edirmək üçün daha əlverişli şəraitin yaradılması, bütün infrastrukturun yenilənərək müasir standartlar səviyyəsinə çatdırılması dustaqlar tərəfindən məmnunluqla qarşılanmaqdadır. Yeni şərtlər köhnə infrastruktur və idarətetmə sistemindən qaynaqlanan çətinlik və gərginlikləri aradan qaldırıb ki, bu da fundamental yenilik deməkdir.

 

Hazırda tikinti posesinin vüsətlə davam etdiyini nəzərə alsaq, əminliklə söyləmək olar ki, bütün bu işlər yekunlaşandan sonra Qobustan həbsxanası ölkəmizdəki cəzaçəkmə müəssisələri arasında müasirliyi, beynəlxalq tələblərə uyğunluğu ilə ilk cərgədə qərarlaşacaq.

 

Qobustan həbsxanasında həyata keçirilən yeniliklər həm dustaqlar arasında, həm də dustaqlarla Penitensiar Xidmətin əməkdaşları arasında yeni, daha optimal münasibətlərin  formalaşmasına səbəb olub. Qarşılıqlı hörmət və ehtirama əsaslanan bu təmas, bütövlükdə  cəzaçəkmə müəssisəsi daxilində sağlam münasibətlər sisteminin formalaşmasını təmin edir. Bu ortam dustaqlara özünü daha dəyərli hiss etdirir ki, bu da onların gələcəyə olan inamını artırır. Azadlığa çıxandan sonra onların cəmiyyətə daha tez, daha asan inteqrasiyasına şərait yaradır.

 

Başqa sözlə desək, Qobustan həbsxanasındakı prinsipial islahatlar dustaqların sadəcə cəzaçəkmə müəssisəsi daxilindəki fiziki-mənəvi durumunu yaxşılaşdırmır. Bu islahatlar, həm də onları həyatın növbəti mərhələsinə hazırlayır, bugünkü dustaqlara sabahın azad adamları kimi formalaşmaqda, dövlətə və cəmiyyətə daha çox yararlı olmağa imkanı verir.

 

Kitab və emalatxana dünyası: Özünüifadə və özünüinkişafa açılan qapı...

 

Qobustan həbsxanasındakı yeniliklərdən biri də burada kitabxana və emalatxanaların fəaliyyətidir. Cəzaçəkmə müəssisəində dustaqların öz vaxtlarını daha səmərəli keçirməsi, özlərini inkişaf etdirməsi, insan və bəlli bir peşə sahibi kimi təkmilləşdirmələri üçün kitabxana və emalatxanalar fəaliyyət göstərəcək ki, bu da məhkumlar arasında məmnunluq doğuran yeniliklərdəndir. Bu yeniklər dustaqlara ən müxtəlif məsələlərlə bağlı öz bilik və bacarıqlarını inkişaf etdirməyə, müxtəlif peşələrə yiyələnməyə kömək edəcək.

 

Əmək fəaliyyəti ilə məşğulluq onların islah edilməsi prosesinə də töhfə verəcək, dustaqlarda müsbət vərdişlərin, sadə, zəhmətkeş həyata sevgi hissinin formalaşmasına kömək edəcək. Elm və sənətlə məşğulluq dustaqlara faydalı və işıqlı düşüncə bəxş edəcək ki, bu da  gələcəkdə onların öz həyatlarını düzgün şəkildə qurmasına, gələcəyə yönəlik sağlam addımlar atmasına səbəb olacaq.

 

Bir sözlə, Qobustan həbsxanasında özünüifadə və özünüinkaşa yaradılan şəraitdən dustaqların hansı dərəcədə istifadə edəcəyi onların özündən asılı olacaq.

“Penitensiar Xidmətin rəhbərliyindəki dəyişiklik özünü bütün cəzaçəkmə müəssisələrində göstərməkdədir”

 

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, peşəkar hüquqşünas Əliməmməd Nuriyev Penitensiar Xidmətin rəhbərliyindəki məlum dəyişəklikdən sonra bütün cəzaçəkmə müəssisələrində ciddi və müsbət yeniliklərin müşahidə edildiyini bildirib:

 

“Məlum olduğu kimi, hörmətli Mirsaleh Seyidov 2023-cü il iyul ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib. Bu təyinatdan sonra cəzaçəkmə müəssisələrində ciddi yeniliklər, əsaslı islahatlar müşahidə edilməyə başlayıb. Bunun ən bariz nümunəsi paytaxtın Umbaku qəsəbəsində inşa edilən qarışıq rejimli müqasir penitensiar kompleksdir. Bu kompleks beynəlxalq standartlara tam cavab verməkdədir. Sözügedən kompleks istifadəyə veriləndən sonra Qobustan həbsxanasındakı dustaqlar bura köçürüldü. Qobustan həbsxanasında isə sözün həqiqi mənasında fundamental təmir-tikinti işlərinə start verildi ki, proses bu gün də böyük bir vüsətlə davam etməkdədir”.

 

Korpusların kompleks təmiri, müasir tibb müəssisəsi və daha nələr...

 

Əliməmməd Nuriyev qeyd edib ki, hazırda Qobustan həbsxananasında korpusların əsaslı şəkildə təmir edilməsi və infrastukturun yenilənməsi prosesi aparılır:

 

“Qobustan həbsxanasında aparılan nəhəng təmir-bərpa işlərindən biri buradakı korpusların əsaslı şəkildə, yüksək səviyyədə təmin edilməsidir. Korpuslar kompleks şəkildə təmir edilib ki, bu da həbsxananın həm xarici, həm də daxili görünüşünün əsaslı şəkildə dəyişilməsinə səbəb olub.

Bundan başqa, həbsxanada müasir tibb müəssisəsi də inşa edilib. Hansı ki, bu tibb müəssisəsi səhhətində problem yaranan dustaqlara ən yüksək səviyyədə yardım göstərmək imkanına malikdir.

 

Qeyd edim ki, bundan öncə həbsxanda bu cür müasir tibb müəssisəsi yox idi. Burada korpusların daxilində tibb otqları fəaliyyət göstərirdi. Həbsxanada əsaslı infrastruktur dəyişiklikləri  əsnasında bu cür kiçik tibb otaqları ləğv edilərək onların əvəzində müasir tələblərə cavab verən ayrıca tibb müəssisəsi inşa edilib.

 

Bundan başqa, həbsxana ərazisində dustaqların idmanla məşğul olması üçün idman meydançası mövcuddur. Doğrudur, onun sahəsi elə də böyük deyil. Bu səbəbdən də onun genişləndirilməsi yolları axtarılır”.

Yenilənən kanalizasiya sistemi, etibarlı su təminatı...

 

Hüquqşünas bildiirb ki, həbsxanada görülən işlərədn biri də buradakı kanalizasiya sisteminin yenidən qurulmasıdır:

 

“Bundan öncə Qobustan həbsxanasıdna kanalizasiya sistemi ürəkaçan vəziyyətdə deyildi. Odur ki, həbsxanada təmir işləri başlayandan sonra kanalizasiya sistemi ilə bağlı da ciddi addımlar atıldı. Həbsxananın kanalizasiya sistemi yenidən quruldu. Bu gün Qobustan həbsxanasının kanalizasiya sistemi müasir tələblərə tam cavab verir.

 

Habelə, həbsxananın su təminatını daha da yaxşılaşdırmaq, bu təminatın etibarlılığını artırmaq üçün həbsxana ərazisində yeraltı su çənləri də inşa edilməkdədir. Bu çənlərin su tutumu olduqca böyükdür. Bu isə həbsxananı fasiləsiz şəkildə su ilə təmin etməyə imkan verir.

 

Həbsxananın kitab fondunun yaxşılaşdırılması istiqamətində də ciddi addımlar atılıb. Kitabxana fonduna xeyli sayda yeni kitablar əlavə edilib. Bununla da kitabxana yeni ədəbiyyatlarla zənginləşdirilib, dustaqların öz vaxtlarını səmərəli keçirməsi, öz bilik və bacarıqlarını artırması, yeni kitablarla tanış olması üçün əlverişli şərait yaradılıb”.


“Bundan sonra dustaqlar doğmalarına maddi dəstək verə biləcəklər”

 

Əliməmməd Nuriyev qeyd edib ki, Qobustan həbsxanasında gerçəkəşən yeniliklərdən biri də, burada yeni sex və emalatxanaların yaradılması ilə bağlıdır:

 

“Qobustan həbsxanası ilə bağlı mühüm yeniliklərdən biri də bundan ibarətdir ki, yenidənqurma işləri çərçivəsində cəzaçəkmə müəssisəsində yeni sexlər, emalatxanalar inşa edilib. Məqsəd dustaqların öz vaxtlarını səmərəli şəkildə keçirməsini təmin etmək, onların əmək prosesindən uzaqlaşmasının qarşısını almaqdır. Dustaqlar bu sex və emalatxanalarda çalışmaqla həm öz vaxtlarını daha səmərəli şəkildə dəyərləndirə biləcək, həm də əmək vərdişlərini qoruyub saxlayacaq, yeni əmək vərdişlərinə yiyələnəcəklər.

 

Sexlərdə çalışmaq dustaqlar üçün maddi baxımdan da sərfəli olacaq. Onlar öz əməkləri müqabilində müəyyən zəhmət haqqı əldə edəcəklər ki, bu da onlara öz ehtiyaclarını qarşılamağa imkan verəcək. Onlar bununla öz ailələrinə, doğmalarına da maddi abxımdan kömək etmək imkanı əldə edəcəklər. Bundan sonra dustaqlar doğmalarına maddi dəstək verə, onların sosial rifahının yaxşılaşmasına yardımçı ola biləcəklər”.

Yeni mühitin doğurduğu yeni münasibətlər sistemi...

 

Hüquqşünasın sözlərinə görə, yeni mühit və yeni şərtlər cəzaməkmə müəssisəsi daxilindəki münasibətlər sisteminə də müsbət təsir edəcək:

 

“Qobustan həbsxanasındakı yeniliklər, cəzaçəkmə müəssisəsinin beynəlxalq standartlar səviyyəsində qurulması həm dustaqların bir-birləri ilə münasibətlərinə, həm də onlarla Pentensiar Xidmətin əməkdaşları arasındakı münasibətlərə təsirsiz ötüşməyəcək. Məlum yeniliklər imkan verəcək ki, dustaqlarla cəzaçəkmə müəssisəsinin işçiləri arasında daha işgüzar və optimal münasibətlər qurulsun.

 

Yeni mühit özü ilə yeni münasibətlər sistemi gətirəcək ki, bu da dustaqların həyata, gələcəyə daha inamla baxmasını təmin edəcək.

 

Bir sözlə, Qobustan həbsxanasındakı yeniliklər unikal və təkrarsızdır. Burada həyata keçirilən təmir işlərinin miqyası o qədər böyükdür ki, bunu ancaq yeni həbsxananın inşası ilə müqayisə etmək olar.

 

Mən bütün bunlara görə Penitensiar Xidmətin rəhbərliyinə öz təşəkkürümü bildirirən. Əminəm ki, bu yeniliklər hər kəs tərəfindən məmnunluqla qarşılanacaq, ölkəmizin həbsxana sistemi tarixində yeni bir dönəmin başlanğıcı olacaq”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər