Boşanma zamanı əmlak bölgüsü necə həyata keçirilir?- ALDANMAYIN!
Ekskluziv
2211
07 Sep 2024 | 10:34

Boşanma zamanı əmlak bölgüsü necə həyata keçirilir?- ALDANMAYIN!

Nikahda ola-ola ər-arvadın birgə əldə etdikləri əmlakı bölmək olarmı? Bu proses hansı qanunla tənzimlənir və onun  nikahın ləğvindən sonra bölünmədən nə fərqi var?
   
Bununla bağlı vəkil İlhamə Həsənovanın təqdimatında Moderator.az-ın  "Vəkil məsləhəti" rubrikası təqdim edir: 
Tez-tez məsləhətləşmə zamanı məndən soruşurlar ki, nikahda ola- ola əmlak bölgüsü mümkündürmü və bu bölgü necə baş verir. Bu cür suallar tamamilə başa düşüləndir, çünki çoxları hesab edir ki, nikah pozulmayana qədər əmlak bölünə bilməz.
 
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsi ər-arvadın ümumi əmlakının bölünməsinin həm nikah dövründə, həm də ər-arvadın hər hansı birinin tələbi ilə boşandıqdan sonra həyata keçirilə biləcəyini açıq şəkildə göstərir. Həmin maddənin tələbinə əsasən ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər.
   
Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
 
Beləliklə, nikah zamanı birgə əldə edilmiş əmlakın bölünməsi mümkündür. Bu, Azərbaycan Respublikası  Ailə Məcəlləsinin normaları ilə tənzimlənir. Üstəlik, qeyd etmək lazımdır ki, kreditor ər-arvadın birgə əmlakının bölünməsinə dair iddia qaldıra bilər. 
 
Tərəflər  nikahda ola-ola  əmlakın bölünməsi prosedurunun tərəflər boşandıqdan sonra bölünmə prosedurundan heç bir fərqi yoxdur - və bu  ya razılaşma yolu ilə, ya da məhkəmədə baş verə bilər.
     
Əmlak məhkəmədə bölünürsə, bu zaman oxşar iddialar qaldırılır, əmlakın dəyərinin eyni qiymətləndirilməsi aparılır və ər-arvad ailə  qanunvericiliyi ilə nəzərdə tutulmuş eyni hüquqlara malik olurlar. İddia ərizəsinə boşanma şəhadətnaməsi əvəzinə nikah şəhadətnaməsi əlavə edilir. Əgər siz nikahı da  pozmaq istəyirsinizsə, iki tələbi bir  iddiada birləşdirib nikahın ləğvi  və ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı iddia ərizəsi verə bilərsiniz.Lakin bu işlərə bir icraatda baxılması təcrübi baxımdan  məsləhət deyil.Bu barədə aşağıda danışacağıq.
 
ƏMLAK BÖLGÜSÜNÜN  NƏTİCƏLƏRİ NƏDİR?
 
Əmlakın bölünməsi faktiki və qanuni boşanma olmadan həyata keçirilə bilən ayrıca prosessual hərəkətdir. Birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi  həm ər-arvadın barışmasında müvəqqəti həll yolu ,həm də boşanma prosesi başlamazdan əvvəl keçid mərhələsi ola bilər.
 
Nikahın ləğvi  qərarında əmlakın bölünməsi cəlbedici görünə bilər,  sanki bir daşla iki quş vurursan,  lakin təcrübədə  nisbətən nadir hallarda istifadə olunur ,çünki bir  sıra narahatlıqlar yaradır. Nukahın ləğvi prosesində əmlakın bölünməsi məhkəmə prosesində gecikmələrə səbəb ola bilər. Təcrübə göstərir ki, məhkəmə əmlakın bölünməsi ilə bağlı bütün məsələləri həll etməyincə boşanma haqqında qərar qəbul etməyəcək.Buna görə də, boşanmağı planlaşdıran ər-arvad bu prosesə başlamazdan əvvəl əmlakı nə vaxt bölmək istədikləri sualını  həll etməlidirlər .Hazırda boşanan cütlüklər nikahın ləğvi ilə əmlak bölgüsü tələblərinə dair iddiaları məhkəmələrdə eyni vaxtda,ancaq ayrı-ayrı ictaatlarda qaldırırlar ki,əmlak bölgüsü məsələləri nikahın ləğvi prosesini yubatmasın.
 
Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
 
Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.
 
Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.Bu o deməkdir ki,bu cür iddia nikah pozulduqdan,yəni nikahın ləğvinə dair məhkəmə qərarı qanuni qüvvəsini aldığı gündən 3 il müddətində qaldırılmasa,iddia müddəti keçdiyinə görə məhkəmə bu iddianı rədd edə bilər.Yəni belə bir tələbiniz varsa,nikah ləğv olduqdan 3 il müddətində bu tələbi qaldırın.Əks halda bu tələblə bağlı işi uduza bilərsiniz.
Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesaba edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır.
 
Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.
 
Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər.
 
Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir.
Link kopyalandı!
Son xəbərlər