Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyadaLı çıxışında sülh müqaviləsi ilə bağlı maraqlı fikirlər səsləndirib. Dövlət başçısı qeyd edib ki, artıq sülh müqaviləsinin təqribən 80%-i Ermənistanla razılaşdırılıb.
Maraqlıdır, proseslər bu şəkildə davam edərsə, cari ilin sonuna kimi Azərbaycanla Ermənistan arasında slüh müqaviləsi imzalana bilərmi?
Moderator.az-a açıqlama verən politoloq Azər Qasımov bu ehtimalın elə də böyük olmadığını bildirib:
“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi məsələsinin 80%-i hazır olduğu deyilsə də, prinsipial məsələlərin qalması səbəbindən uzana bilər. Qarşılıqlı konstitutsiya dəyişiklikləri iddiaları, Ermənistana qarşı reparasiya-təzminat məsələsi, Zəngəzur dəhlizinin sonraya saxlanıldığı qeyd edilsə də, arxa planda bunun konturlarının dəqiqləşdirilməsi kimi vacib məsələlər hələ açıq qalır.
Vacib məsələ sülh müqaviləsinin birbaşa bağlanması, yoxsa sülh müqaviləsi öncəsi niyyət protokolunun imzalanmasıdır. Göründüyü qədərilə Azərbaycan birbaşa sülh müqaviləsinin imzalanmasına israrlıdır. Bu da doğru qərardır. Ermənistanla hər-hansı sülh müqaviləsi öncəsi müqavilə Azərbaycanın maraqlarına ziddir. Ermənistan bununla rahatlamaq üçün imkan əldə edə bilər. Sonrakı dövrdə bunu rahat şəkildə silahlanma və ya revanşist ideyaların yerinə yetirməsi üçün sərf edə bilər.
Məsələ ondadır ki, indi Ermənistan "10 noyabr" müqaviləsinin təzyiqi altındadır. Yeni müqavilə həmin müqavilənin hökmünü itirir. Bu da Ermənistana sərf edir. Ermənistan əgər real şəkildə sülhə gəlməsə, Azərbaycanın "10 noyabr" müqaviləsi ilə Ermənistandan tələb edəcəyi 9-cu bəndin icrası şərti vardır. Bu bənd Azərbaycana Naxçıvanla maneəsiz gediş-gəlişin təmin edilməsini özündə ehtiva edir. Ermənistan yolunu azdıqda Azərbaycan üçün bu bəndin hər an yerinə yetirilməsi üçün şanslar yaradır.
Cari ilin sonuna kimi sülh müqaviləsi imzalanması indiki məqamda mümkünsüz görünür. Əvvəla buna ABŞ-da baş tutacaq seçkilərdən sonra hakimiyyətə kimin gələcəyinin böyük təsiri olacaq. Tramp hakimiyyətə gələrsə, sülh müqaviləsi imzalanması ehtimalı böyük ölçüdə artacaq. Amma bir daha qeyd etmək lazımdır ki, sülh üçün Ermənistan konstitusiyasındakı Azərbaycan və Türkiyəyə qarşı olan torpaq iddiaları ləğv edilməlidir. Bunsuz bağlanan hər hansı sülhün gələcəyi qaranlıq olacaq”.
Seymur ƏLİYEV