“Amma mənə elə gəlir ki, yaxın bir-iki həftə ərzində, uzaqbaşı, bir ay ərzində bütün bu məsələlərə aydınlıq gətiriləcək...”
“ “Telegram” yaradıcısı Pavel Durovun Fransada həbs edilməsi və bunun ətrafında baş verənlər, ondan əvvəl baş verənlər, yəni Durovun iki dəfə - iyul və avqust aylarında Bakıya gəlməsi, ikinci gəlişinin Putinin də Azərbaycan paytaxtına səfəri ilə üst-üstə düşməsi – bunlar, əlbəttə, çox müəmmalı məsələlərdir. Eyni zamanda, yəqin ki, bilirsiz, sonrakı araşdırmalardan bəlli oldu ki, Durov 2018-2023-cü illərdə Rusiyanın özünə 50 dəfə səfər edib və əlbəttə ki, “Telegram” qurucusu daim Rusiya dövləti ilə əməkdaşlıqda olub – bu, başqa cür mümkün deyil”.
Bunu Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu “Pavel Durov macərasının axırını necə görürsüz? O doğrudanmı həbs olunacağını bilə-bilə Bakıdan Parisə uçub və Fransa xüsusi xidməti ilə əməkdaşlığa razılıq verib?” sualını cavablandırarkən söyləyib.
“ “Telegram”ın əsas proqram təminatıyla məşğul olan şəxs, yəni Pavel Durovun qardaşı Nikolay Durov indiyədək Sankt-Peterburqda yaşayıb. Və o da aydındır ki, “Telegram”la bağlı bütün əməliyyatlar, onun şifrələnməsi, proqram təminatı və s. birmənalı olaraq Rusiya ərazisində tərtib edilir. Odur ki, Kremlin Nikolay Durova təsiri olmadığını düşünmək bir qədər sadəlohvlük olardı. Amma məsələ o qədər mürəkkəbdir ki, burada tam aydın mənzərə hələ alınmır. Məqsəd nə idi? Durovun məqsədi nə idi Parisə uçmaqda? Hər halda o bilməmiş deyildi ki, onu Fransada müəyyən fəsadlar gözləyir. O zaman nədən Bakıdan birbaşa Parisə uçdu? Onun Bakıda Putinlə görüşü olubmu- olmayıbmı? Belə bir görüş olubsa, bəs onda niyə bunun ardınca Parisə uçdu? Halbuki Durovu Parisə bağlayan ciddi bir şey yoxdur, yalnız formal olaraq Fransa vətəndaşlığı var. Lakin onun “Telegram” resursunun baş qərargahı Birləşmiş Ərəb Əmirliklərində yerləşir, həm də özü orada yaşayır. Yəni hələlik cavabı olmayan, aydın olmayan çox-çox suallar var. Ona görə də bu məsələ ətrafında ən müxtəlif ehtimallar dolaşmaqdadır. Amma mənə elə gəlir ki, yaxın bir-iki həftə ərzində, uzaqbaşı, bir ay ərzində bütün bu məsələlərə aydınlıq gətiriləcək”, -deyə davamında analitik bildirib.
“Artıq “Telegram” bəzi funksiyalarına dəyişiklik edib və bu barədə də məlumat verilib. Artıq Rusiya rəsmilərinə, məmurlarına xüsusən iş prosesində “Telegram”dan istifadə qadağan olunub və orada əvvəllər yazılmış məlumat və yazışmaları silmək tapşırılıbdır. Hər bir halda görünən odur ki, Pavel Durov, obrazlı desək, iki cəbhəyə işləyirdi. Bu da başqa cür mümkün deyil. Əslində “Telegram” Qərb ölkələrində o qədər də populyar platforma deyildi. “Telegram”ın əsas əhatə dairəsi, Avrasiya və bir sıra Afrika ölkələri və özəlliklə postsovet məkanıdır. Ancaq burada başqa bir ehtimal da var ki, “Telegram” son 4-5 ildə israrla özünün kriptovalyutasını yaratmağa çalışırdı və nəticədə yaratdı. Hətta əvvəlcə bir kriptovalyuta yaradıb, ona lisenziya vermədiklərindən ikincini, yəni həmin “Ton Gram” kriptovalyutasını yaradıbdır. Hesab edirəm ki, məsələlər məhz bu kriptovalyuta mövzusu ətrafında cərəyan edir. Bunun da, dinamikasını, dediyim kimi, yəqin ki, yaxın zamanda görəcəyik. Hələlik məsələ tam aydın deyil”, -deyə ekspert yelunlaşdırıb.
Sultan Laçın