BDU-nun 5 rektoru, 100-dən çox müəllimi, 40-a yaxın tələbəsi repressiya qurbanı olub...
Ekskluziv
3193
31 Aug 2024 | 11:43

BDU-nun 5 rektoru, 100-dən çox müəllimi, 40-a yaxın tələbəsi repressiya qurbanı olub...

“Bu təhsil ocağında ən çox repressiyaya məruz qalan Tarix fakültəsi olmuşdur...”
 
“Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir... 
 
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
 
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...
Moderator.az aktuallığını nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli  epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır.
 
Beləliklə, “Ön söz”ə davam:
 
“Bəziləri səhv olaraq belə hesab edir ki, Azərbaycanda repressiya yalnız 1930-cu illərdə, xüsusən 1937-1938-ci illərdə olmuşdur. Aparılan araşdırmalar, üzə çıxarılan arxiv materialları bunun doğru olmadığını göstərir. Əslində Vətənimizdə sovet işğal rejiminin həyata keçirdiyi qəddar, amansız repressiya Cümhuriyyətin işğal edildiyi vaxtdan Stalinin vəfatına qədər davam etmişdir. Belə ki, təkcə 1920-ci ilin 28 aprelindən 1921-ci ilin avqustuna qədər işğalçılar 48 min həmvətənimizi istintaqsız, məhkəməsiz öldürmüşdülər (43,6). Bu səbəbdən repressiya illəri dedikdə biz 1920-1953-cü illəri nəzərdə tutmalıyıq.
 
İ.Stalinin vəfatından sonra Sovet rəhbərliyi günahsız yerə oldürülmüş və sürgün edilmiş yüz minlərlə insanın xatirəsini əbədi anmaq üçün bir ili simvol kimi götürmək qərarına gəlmişdi. SSRİ-də bu proses 1937-ci ildə özünün əhatə dairəsi və daha çox insanlara şamil edilməsi baxımdan digər illərdən fərqlənmişdir. Bu səbəbdən 1937-ci il simvolik olaraq Repressiya ili kimi qəbul edilmişdir. Arxiv məlumatına görə, 1 yanvar 1934-cü ildən 1 yanvar 1939-cu ilə qədər Azərbaycanda 27458 nəfər “əks-inqilabi” və “anti-sovet” fəaliyyətinə görə cəzalandırılmışdır... Keçən yüzilliyin 30-cu illərində Vətənimizdə ən çox cəzaya məruz qalanlar “trotskiçi”, “əks-inqilabçı millətçi”, “üsyançı” adı ilə həbs olunanlardır.
 
Ümumiyyətlə, repressiya illərində respublika ərazisindən 100 minə yaxın Azərbaycan ziyalısı, sovet və partiya işçisi, hərbçi, mədəniyyət və incəsənət xadimi, alim, yazıçı, müəllim, din xadimi, sadə əmək adamları repressiyaya məruz qalmış və Sibirə, Qazaxıstana və digər yerlərə sürgünə göndərilmişdir.
 
Əslində Azərbaycan cəmiyyətinin ağıllı, elmli, istedadlı, əməksevər, mənəviyyatlı təbəqəsinin çox böyük hissəsi məhv edilmişdir. Əhalinin hər min nəfərinə düşən repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet sosialist respublikaları - Özbəkistan, Ukrayna və RSFSR-lə birlikdə “ön” sıralarda olması da ürək ağrıdan bir faktdır...
Bakı Dövlət Universiteti (Bundan sonra BDU.Yarandığı dövrdə bu təhsil müəssisəsi belə adlandığına görə biz də istintaq materialları istisna olmaqla sovet dövrünə aid bütün məsələlərdə bu addan istifadə edəcəyik.B.Əziz) də belə repressiyalardan kənarda qalmamışdı. Apardığımız araşdırmaya görə, respublikanın bu qabaqcıl elm və təhsil müəssisəsindən 100-dən çox professor, dosent, elmi işçi və müəllim, 40-dək tələbə təqib və təzyiqə məruz qalmış, güllələnmiş, yaxud, uzunmüddətli həbs cəzasına məhkum edilmişdir.
 
Son arxiv çalışmalarımız nəticəsində müəyyən etmişik ki, o ağrılı-acılı zamanlarda müxtəlif illərdə BDU-ya rəhbərlik etmiş beş şəxsdən dördü - Tağı Abbas oğlu Şahbazi (1926-1929), Maqsud Məmməd oğlu Məmmədov (1929-1930), Məmmədkazım Ələkbər oğlu Ələkbərov (1934-1935), Balabəy Cabbar oğlu Həsənbəyov (1935-1937) həbs edilərək güllələnmiş, 1937-ci ildə cəmi bir neçə ay universitetin rektoru olmuş Hüseyn İsrafil oğlu Quliyev isə həbs edilərək beş il müddətinə sürgünə məhkum edilmişdir....
 
Repressiya təkcə universitetin rektoru olmuş şəxslərilə yekunlaşmamışdı. Bu təhsil müəssisəsinin digər rəhbər şəxsləri-prorektoru, elmi katibi, həmkarlar təşkilatının sədri, elmi kitabxananın müdiri, partiya təşkilatının katibi,fakültə dekanları, kafedra müdirləri də günahsız yerə cəzalandırılanlardan olmuşdur. Repressiya illərində universitetin iki - Şərq və Tarix fakültələrinin dekanları da repressiyaya məruz qalmışlar.
 
Elmi əsərlərinin dəyəri Azərbaycanın sərhədlərindən kənarda da kifayət qədər tanınıb qəbul edilən professorlar B.Çobanzadə və Ə.Qubaydullin kimi şəxslər müxtəlif zamanlarda BDU-nun Şərq fakültəsinə rəhbərlik etmişlər.
 
Onlar ölkədə bütöv bir şərqşünaslar nəslinin yetişməsində əvəzsiz xidmət göstərmişlər. 1930-cü ildə bağlanan BDU 1934-cü ildə dörd illik fasilədən
sonra yenidən təşkil olunub fəaliyyətə başlayanda Tarix fakültəsinin dekanı vəzifəsinə görkəmli tarixçi alim, professor B.N. Tixomirov təyin olunmuşdu. Təəssüf ki,o da digər dəyərli alimlərimiz kimi repressiyanın günahsız qurbanlarından birinə çevrilmişdi.
Qeyd edək ki, BDU-da ən çox repressiyaya məruz qalan tarix fakültəsi olmuşdur. Buranın dekanı, professor B.N.Tixomirovla yanaşı, dekan müavinləri dosent H.Biləndərli, dosent B.Əsgərov da günahsız yerə güllələnmişlər. Fakültənin əməkdaşlarından professorlar A.Bukşpan, Nikolayev, dosentlər Ə.Quliyev, A.Yusifov və başqalarının da bu sırada ömrü yarımçıq qırılmışdı.
 
1937-ci ildə BDU-nun rektoru, professor B.Həsənbəyov həbs edildikdən sonra onun başçılıq etdiyi “Siyasi iqtisad” kafedrasının da qara günləri başlamışdı.Bu kafedranın müəllimlərindən professorlar Çiçikalov, Safranoviç, dosent Əli  Məmmədbəyov, İsrafil Axundov və başqaları cəza maşınınınqurbanına çevrildilər...
 
Təəssüf ki, repressiya tələbələrdən də yan keçməmişdir. Həmin illərdə 40-a qədər tələbə istintaqa cəlb edilərək müxtəlif növ cəzaya, təqibə məruz qalmışdır. Onu da bildirim ki, 30-cu illərdə ən çox Tarix fakültəsinin, 40-cı illərdə isə Filologiya və Şərqşünaslıq fakültəsinin tələbələri təqib və təzyiqlə üzləşmiş, həbs cəzasına məhkum edilərək güllələnmiş və ya sürgünə göndərilmişdir (Bu barədə əsərin çapa hazırlanan II hissəsində geniş məlumat veriləcək-B.Əziz). Qeyd edək ki, bu tələbələrin və müəllimlərin bəzisi sonralar yüksək dövlət vəzifələrində çalışmış, tanınmış elm xadimi olmaqla hətta akademik titulunu qazanmışdılar...”
 
(Davamı var)
 
Təqdim etdi: Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər