Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
7287
26 Aug 2024 | 09:08

“Görəsən, mən hansı cinayəti törətmişəm?.. -Dələduz, ya narkobaron deyiləm ki?..”

“Bir yandan sevinirsən, öz polisinlə, təhlükəsizlik qurumlarınla, prokurorluğunla, məhkəmələrinlə fəxr edirsən ki, cinayətkarlara, oğrulara, dələduzlara, narkomanlara, korrupsionerlərə göz açmağa imkan vermir, onların hər biri haqqında məlumat alan kimi, qısa müddətdə, operativ şəkildə və iş başında həbs edərək cəzalarına çatdırırlar... Digər yandan da, heyrətlənir və təəssüflənirsən ki, Azərbaycanda cinayətlərin sayı niyə bu qədər artıb, soydaşlarımız nədən bu qədər aqressivləşib, ölkə niyə bu qədər kriminallaşıb...”
 
"Axşamlar parkda-filanda gəzib hava alanda az qalıram təsadüfən rast gəldiyim, tanımadığım bir adamı saxlayıb soruşum ki, qardaş və ya xanım, bağışlayın, yanınızdan keçəndə sizə kəsici alətlə zərbə endirmədim ki,  yaxud mən haçansa sizi şantaj-zad edib pul-filan tələb eləməmişəm ki, və ya  hansısa vəzifəyə qoydurmaq adıyla sizdən pul almamışam ki..."
 
“Odur ki,  dövlətimin, xalqımın rəhbərlərindən, başbilənlərindən, ziyalılarından xahiş və təvəqqe edirəm: bir gün yığışın, təşkil edin, geniş bir ümumxalq yığıncağında müzakirə edək ki, ölkəmiz, Vətənimiz nədən bu qədər kriminallaşıb, cürbəcür cinayətlər məkanına dönüb...”
 
“Ya Allah, boynumuz dövlətimiz, xalqımız, torpağımız, Vətənimiz qarşısında qıldan incədir, onların qarşısında cüzi bir xəta da törətmişiksə, hər cəzanı çəkməyə hazırız, ancaq  ən ədalətli Hakim də, ən layiqli Cəza Verən də Sənsən, xətalarımıza, günahlarımıza, cinayətlərimizə görə dərhal cəzamızı Özün ver ki, dünyadan bu xalqın, bu dövlətin, bu Vətənin qarşısında üzüqara köçməyək...”
 
-FİKİR SAVAŞI...-
 
Son illər, xüsusən də son aylar adam telekanal və ya saytlarda xəbərləri izləyəndə qeyri-iradi dəhşətə gəlir: İlahi, məmləkət nə dərəcədə aqressivləşib, kriminallaşıb?! Ölkə  əhalisi başdan-ayağa cinayətkardır ki?..  Görəsən, türmələrimizdə boş yer qalıb?.. Hələ, təəssüf ki, cinayətləri sübut olunmadığından evində rahat oturan, küçələrimizdə gəzib hələ də dövlətimizə, xalqımıza, müdafiəmizə, təhlükəsizliyimizə təhlükə saçmaqda davam edən neçə-neçə “akula” cinayətkarları saymırıq...
 
Demək olar ki, hər gün oxuyursan, eşidirsən: DİN reyd keçirdi; Bakıda 50 nəfər, Sumqayıtda 40 nəfər, Gəncədə 30 nəfər, Lənkərənda 25 nəfər, Şəkidə 15 nəfər, Bərdədə 10 nəfər narkotik alveri,  yaxud qanunsuz silah saxlamağa görə yaxalandı, Balaxanıda, Suraxanıda, yaxud Nardaranda, Maştağada İrana casusluq edənlər ifşa olundu, filan başçının,  yaxud digər vəzifəli məmurun ofisində axtarış aparıldı, rüşvət və korrupsiyada şübhəli bilinərək həbs edildi, filan jurnalist, yaxud hüquq müdafiəçisi, politoloq, hətta diplomat kiməsə qarşı dələduzluq, saxtakarlıq etdiyinə və ya qonşusunu, tanışını bıçaqladığına görə yaxalandı... Hətta eyni ailə üzvləri, qohum-əqrəba arasında da cinayətlərin sayı həddindən artıq çoxalıb: ər arvadını, arvad ərini öldürdü, qardaş, qardaşı, ata oğulu, oğul atanı, oğul ananı qətlə yetirdi və s... Adam öz evində də suyu üfürə-üfürə içməyə, milçəyini qorumağa məcburdur... 
 
Bir yandan sevinirsən, öz polisinlə, təhlükəsizlik  qurumlarınla, prokurorluğunla, məhkəmələrinlə fəxr edirsən ki, cinayətkarlara, oğrulara, dələduzlara, narkomanlara, korrupsionerlərə göz açmağa imkan vermir, onların hər biri haqqında məlumat alan kimi, qısa müddətdə, operativ şəkildə və iş başında dərhal həbs edərək cəzalarına çatdırırlar... Digər yandan da, dediyim kimi, heyrətlənir və təəssüflənirsən ki, Azərbaycanda cinayətlərin sayı niyə bu qədər artıb, soydaşlarımız nədən bu qədər aqressivləşib, ölkə niyə bu qədər kriminallaşıb. Hətta xalqın, millətin qaymağı hesab edilməli olan ziyalılar, alimlər, professorlar, jurnalistlər, yazarlar, şairlər, politoloqlar, diplomatlar da müxtəlif cinayətlər törədib: biri dələduzluq edir, kimisə şantaj edərək pul qopardır və ya qoparmağa çalışır, o biri sənədlərin saxtalaşdırılmasıyla məşğul olur, digəri evində və ya ofisində saxta manat, yaxud dollar, avro kəsir, o birisi xarici mənbələrdən para alıb Azərbaycan əleyhinə iş görür, başqa biri ermənilərlə yazışaraq dövlətə xəyanət edir, o birisinin evindən, cibindən, yaxud avtomobilindən narkotik və ya silah çıxır...
 
Bunların hamısını fikirləşəndə istər-istəməz xoflanırsan ki, bəlkə, Allah eləməmiş, mən də hansısa cinayət törətmişəm, xəbərim yoxdur... Və belə şeyləri düşünəndə az qala hər səhər, hər axşam özümün, övladlarımın, kürəkənimin, evlərinə getdiyim yaxın qoumlarımın ciblərini, həyat yoldaşımın çantasını, 17-18 kvadrat metrlik yataqxana otağımın hər küncünü-bucağını yoxlayıram ki, birdən narkotik-filan olar, üzərində həm yemək yediyim, həm işlədiyim, yazılarımı yazdığım masamdan da, yatdığım çarpayıdan da, yastığımdan da, kitab şkafımdan da şübhələnirəm ki, bəlkə onların altında, içərisində saxta pul, valyuta, yaxud saxta pul kəsən dəzgah-filan var. Gecə yatanda da, səhər oyananda da dərhal “Facebook”dakı mesencerimi, email-dəki poçtumu yoxlayıram ki, görəsən, Köçəryandan, Sərkisyandan, Paşinyandan, yaxud Makrondan  mənə mesaj, məktub-filan gəlməyib ki... Axşamlar parkda-filanda gəzib hava alanda az qalıram təsadüfən rast gəldiyim, tanımadığım bir adamı saxlayıb soruşum ki, qardaş və ya xanım, bağışlayın, yanınızdan keçəndə sizə kəsici alətlə zərbə endirmədim ki,  yaxud mən haçansa sizi şantaj-zad edib pul-filan tələb eləməmişəm ki, və ya  hansısa vəzifəyə qoydurmaq adıyla sizdən pul almamışam ki...  Hətta əlimdəki qələmdən də, ayağımdakı ayaqqabıdan da ehtiyatlanıram ki, birdən bunları kimdənsə, hansı evdənsə oğurlamış olaram... Dünya xəritəsinə baxanda da xoflanıram: deyirəm, görən, mən hansı xarici kəşfiyyat qurumunun agentiyəm...
 
Agent demişkən, son illər o qədər namaz qılan, iman əhli hesab edilən vətəndaşımız İranın-filanın agenti kimi tutulub ki, inanırsız, Allahın qarşısında namaza duranda da Şeytanın vəsvəsəsi beynimə dolur və mənə sual verdirir ki, görən, mən haranın agentiyəm: İranın, yoxsa Səudiyyə Ərəbistanının... Və Yaradanımızın önündə başımı yerə qoyub səcdəyə gedəndə dua edirəm ki, Ya Rəbbi, Sən Özün xalqımı, dövlətimi, soydaşlarımı, dindaşlarımı, qohum-əqrəbamı, doğmalarımı, övladlarımı Şeytanın və Şeytan xislətli kəslərin və qurumların şər-şəbədəsindən qoru,  Sən bizləri nəinki hansısa günah, cinayətdən, hətta onları törətmək haqda düşünməkdən belə, qoru, Ya Allah, boynumuz dövlətimiz, xalqımız qarşısında qıldan incədir, onların qarşısında cüzi bir xəta da törətmişiksə, hər cəzanı çəkməyə hazırız, ancaq  ən ədalətli Hakim də, ən layiqli Cəza Verən də Sənsən, xətalarımıza, günahlarımıza, cinayətlərimizə görə dərhal cəzamızı Özün ver ki, dünyadan bu xalqın, bu dövlətin, bu Vətənin qarşısında üzüqara köçməyək... Və yalnız onda rahatlanıram...
 
Bilirəm ki, bu fikirlərimi oxuyan yazılarımdan heç xoşlanmayan, hətta imkanları olsa, küçədə-filanda başıma güllə çaxmağa da hazır olan bəzi korrupsioner və saxtakarlar, xüsusən də mütəmadi hədəfə aldığım düşmən ölkələrin müxtəlif qurumlardakı “5-ci kalon” nümayəndələri ürəklərində və ya bir-birinə deyəcəklər ki, darıxma, sənin üçün də bir neçə cinayət maddəsi hazırlayıb torbanı tikərik...
 
Və bəlkə də kimlərsə dediklərimi qeyri-ciddi yanaşma, zarafat, lağ-lağı kimi anlayar... Yox, tamamilə ciddi sözümdür. Axı mən də bu ölkənin vətəndaşıyam. Əgər gündə xəbərləri izləyib dörd bir yanımda cinayət törədildiyini və həmin cinayətləri törədənlərin mənimlə bir ölkədə, bir şəhərdə yaşadığını görürəmsə, “atı atın yanına bağlasan, həmrəng olmasa da, həm xasiyyət olar” məntiqi ilə bu gün, ya sabah özümün, yaxud doğmalarımın da hansısa cinayətə bulaşacağından və ya bulaşdırılacağından ehtiyat edir və ümumiyyətlə, xalqımın, ölkəmin gələcəyindən çox narahat oluram...
 
Odur ki,  dövlətimin, xalqımın rəhbərlərindən, başbilənlərindən, ziyalılarından xahiş və təvəqqe edirəm: bir gün yığışın, təşkil edin, geniş bir ümumxalq yığıncağında müzakirə edək ki, ölkəmiz, Vətənimiz nədən bu qədər kriminallaşıb, cürbəcür cinayətlər məkanına dönüb. Və elə bir şərait yaratmağa çalışaq ki, yaxalanan cinayətkarların sayı ilə,  dərhal cəzalandırılmasıyla yox, cinayətlərin profilaktikasıyla onların qarşısının alınmasıyla fəxr edək, jurnalistimizin, alimimizin, professorumuzun, iqtisadçımızın, hüquqşünasımızın, diplomatımızın, yazarımızın, şairimizin cinayətlərindən danışmayaq, onların ölkəmizdə və dünya səviyyəsində əldə etdiyi uğurlarından danışaq və xalqımızın, dövlətimizin böyüklüyü, qüdrəti ilə qürurlanaq...
 
Allah Özü köməyimiz olsun!..
 
Allah amanında qalın...
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər