“Biz nəyə görə, hansı əsasla Rusiyanı özümüzə meyar seçməliyik?..”
Ekskluziv
2320
23 Aug 2024 | 16:03

“Biz nəyə görə, hansı əsasla Rusiyanı özümüzə meyar seçməliyik?..”

“Bu ölkə istənilən halda çökəcək. Bunun üçün Rusiyanın hansısa naliyyətlərini axtarmaq lazım deyil.  Yalnız Rusiya əhalisinin real yaşayışına nəzarət yetirmək kifayətdir...”
 
“Niyə son vaxtlar Azərbaycanda məqsədli şəkildə Türkiyə ilə əməkdaşlıq məsələsi gündəmdən çıxarılır, konflikt yaradılır?..”
 
“Nə qədər ki, həmin şəbəkə zərərsizləşdirilməyib, biz, Rusiyanı, Qərbi bir yana qoyaq, biz normal dövlət, cəmiyyət qura bilməyəcəyik. Rusiya hara gedirsə, oraya bəla aparır...”
 
Bu gün bir sıra yerli və xarici şərhçilər Rusiyanın Kursk vilayətinin xeyli hissəsini itirməsindən artıq tezliklə Ukraynaya məğlub olacağından və bir imperiya, dövlət kimi çökəcəyindən danışır,  Kreml təbliğatçıları və xarici ölkələrdə, xüsusən postsovet məkanında onlara dəstək verənlər isə əksinə, bu ölkənin hələ də iqtisadi uğurlara malik olduğunu və Moskvanın nəinki Ukraynaya, hətta NATO-ya da qalib gələcəyini iddia edir. Bəs bu proqnozlar nə dərəcədə realdır?..
 
Moderator.az olaraq mövzu ilə bağlı dəyərli oxuculara iki baxış təqdim edəcəyik. Hər kəs özü nəticə çıxarsın...(Siyasi analitik Tahir Cəfərlinin mövzu ilə  bağlı açıqlaması burada:.) 
 
Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu mövzu ilə bağlı bunları söyləyib:
 
“Rusiyanın modeli artıq  çoxdan həyati model olmadığını göstərib. Və bu ölkə istənilən halda çökəcək. Bunun üçün Rusiyanın hansısa naliyyətlərini axtarmaq lazım deyil.  Yalnız Rusiya əhalisinin real yaşayışına nəzarət yetirmək kifayətdir. O boyda resursları olan ölkə əgər belə iqtisadi-sosial depressiya içərisindədirsə, onun yanında olmaq, onun modelini öz ölkəmizdə tətbiq etmək bizə nə verə bilər ki? Bu gün Azərbaycanda da, demək olar ki, eyni iqtisadi-sosial model tətbiq olunur. Məgər Azərbaycan yaxşı gündədir? Heç bir resursları  olmayan Gürcüstan Saakaşvili dönəmində Qərb modelinin yalnız müəyyən elementlərini tətbiq etməklə qısa müddətdə nə dərəcədə dəyişdi? Gözümüzün qabağında Ermənistan heç bir resursu olmadan Qərb modelinə keçməklə adambaşına iqtisadi göstəricilərdə istər ümumi daxili məhsul, istərsə də maaş səviyyəsində Azərbaycandan irəlidədir... 
 
Və qəribədir ki, biz niyə özümüzdəki bu problemləri görmürük, əvəzində Qərb yaxşıdırmı, Rusiya yaxşıdırmı məsələsini müzakirə edirik. Bizdən onu soruşan yoxdur.  Heç rəyimizi də nəzərə alan yoxdur. Biz özümüz öz başımıza çarə qılmalıyıq. Biz optimal model axtarmalıyıq.  Bu gün hətta Rusiyanın satelliti, əlaltısı  olan Belarus, Mərkəzin Asiya ölkələri Moskvadan məsafələşirsə, nəyə görə, hansı əsasla biz Rusiyanı özümüzə meyar seçməliyik. Nəhayət, Qərb harda nə cinayət törətdi, Rusiya harda nə cinayət törətdi, kimə yaxşılıq elədi, kimə pislik etdi - biz niyə bunları axtarırıq. Rusiyanın cinayətkar “5-ci kalon”u Tərtər kimi ağır cinaəyət törədib.  Rusiya 1920-ci ildə Azərbaycanı müstəqillikdən məhrum edib, Rusiya 1993-cü ildə Azərbaycanda dövlət çevrilişi həyata  keçirib. Rusiya Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalının birbaşa səbəbkarı və təşkilatçısı olub.  Bəs nədi bu Rusiya sevgisi? Amma əslində Azərbaycanda Rusiya sevgisi yoxdur. Azərbaycanda Rusiyanın “5-ci kalonu”, casus şəbəkəsi var. Və belə fikirləri yayan həmin casus şəbəkəsi zərərsizləşdirilməlidir. Nə qədər ki, həmin şəbəkə zərərsizləşdirilməyib, biz, Rusiyanı, Qərbi bir yana qoyaq, biz normal dövlət, cəmiyyət qura bilməyəcəyik. Rusiya hara gedirsə, oraya bəla aparır.  Hələ Rusiyanın özünün taleyi bəlli deyil.  Dünənədək deyirdilər ki, ay Rusiya Ukraynanı işğal elədi, məğlub elədi. Halbuki Rusiyanın 2 il yarım müddətində işğal edə bildiyi ərazini, Ukrayna iki həftədə nəzarətə götürüb. Bu, kifayət etmirmi ki, belə bir dövlətdən kənarda durasan? Hansı üzlə Rusiyanın qüdrətindən danışırlar? Bir dövlət ki, İrandan, Şimali Koreyadan adi top mərmiləri almağa möhtacdır. Söhbət nədən gedir? Yaxşı, Qərbi istəmirik, Rusiyanı istəmirik - Türkiyə var.  Niyə son vaxtlar Azərbaycanda məqsədli şəkildə Türkiyə ilə əməkdaşlıq məsələsi gündəmdən çıxarılır, konflikt yaradılır? Bax, bu da var e... Ona görə deyirəm ki, bütün bunlar hamısı Rusiya “5-ci kalonu”nun, Rusiya casus şəbəkəsinin tör-töküntlərinin fəaliyyətinin nəticəsidir ki, Azərbaycanı belə mənasız və səmərəsiz diskussiyalara çəkirlər. Rusiya nəinki Azərbaycan üçün, heç kim üçün müttəfiq deyil, tərəfdaş deyil. Rusiya tərəfdaş olsaydı, elə bu gün Belarus onun yanında qalardı, Qazaxıstan onun yanında qalardı. Azərbaycan üçün isə bu, ümumiyyətlə, bu, müzakirə mövzusu olmamalıdır. Mən belə düşünürəm...”
 
Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər