General Nəcməddin Sadıkova
Ekskluziv
3114
13 Aug 2024 | 18:31

General Nəcməddin Sadıkova "Zəhmət çək, Azərbaycan dilini öyrən!” deyən polkovnik...

“Mən Müdafiə nazirinin müavini, o isə  Baş Qərargah rəisi və 1-ci müavin  vəzifəsində olarkən bir dəfə hansısa xidməti məsələ ilə bağlı məni kabinetinə dəvət etdi və nəsə soruşanda mən ona Azərbaycan dilində cavab verdim...”
 
"Kimin necə düşündüyündən, bildiyindən asılı olmayaraq bu sətirlərin müəllifi qısa müddətdə rəhmətlik Mehman Səlimovu yetərincə vətənpərvər bir insan və xalqa, dövlətçiliyə sadiq bir hərbçi kimi tanıyıb..."
 
Dünən – 12 avqust müdafiə nazirinin sabiq müavini, polkovnik Mehman Səlimovun doğum günü idi. Rəhmətlik yaşasaydı,  69 yaşı tamam olacaqdı...
Mərhum polkovniklə bir müsahib kimi şəxsən 2021-ci ilin payızından tanış idik. Ömrünün son günlərinədək mütəmadi əlaqə saxlayırdıq. Mehman Səlimov həmin 2 ildən çox müddətdə Moderator.az-a silsilə müsahibələrində 1988-ci ildə Gümrüdəki sovet tank alayının komandir müavini kimi xidmət edərkən Ermənistanda Azərbaycan türklərinin kompakt yaşadığı ərazilərdə baş verən hadisələr, 1991-ci ildə Azərbaycanda Milli Ordunun bünövrəsinin qoyulması üçün gördüyü işlər,  birinci Qarabağ müharibəsi zamanı bir sıra əməliyyatların təfərrüatından danışır, həmin dövrdə bir çox müəmmalı olaylar, o cümlədən Rusiya kəşfiyyatının əməliyyatlara müdaxiləsindən və s. bəhs edir, eyni zamanda gündəmdə olan hərbi-siyasi hadisələr haqda açıqlamalar verirdi. Təəssüf ki, gözləmədiyimiz bir vaxtda dünyasını dəyişdi və nəzərdə tutduğumuz bir sıra mövzulardakı söhbətlərimiz yarımçıq qaldı...
Kimin necə düşündüyündən, bildiyindən asılı olmayaraq bu sətirlərin müəllifi qısa müddətdə rəhmətlik Mehman Səlimovu yetərincə vətənpərvər bir insan və xalqa, dövlətçiliyə sadiq bir hərbçi kimi tanıyıb...
 
İndi onun adı gələndə ilk xatırladığım Moderator.az üçün müsahibələrimizdən birində adı bir çox hərbi əməliyyatların uğursuzluğunda, eyni zamanda korrupsiya cinayətlərində hallanan, “QRU”(“Rusiya Ordusunda Baş Kəşfiyyat İdarəsi) ilə əməkdaşlıqda şübhəli bilinən, keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkov, onunla münasibətləri haqda cəsarətli fikirləridir...
 
Təqdim edəcəyimiz epizod rəhmətlik eyni zamanda Mehman müəllimin vətənpərvərliyinin, xalqına, dövlətinə və dilinə həqsiz məhəbbətinin sübutudur...
 
“-Mehman müəllim Mərhum Elçibəy də, İsgəndər Həmidov da, Rəhim Qazıyev də türkçü, millətçi kimi tanınırdılar. Bəs onlar Nəcməddin Sadıkova irad tutmurdular ki, Azərbaycan dilində öyrən?.. Düzdü, o vaxt müharibə gedirdi. Amma yenə də...
 
- Yox, mən görməmişdim bunu... Bilmirəm, bəlkə də nə vaxtsa deyiblər ona belə bir şey...  Amma təxminən 1995-ci, yaxud 1996-cı ildə  mən Müdafiə nazirinin müavini, o isə  Baş Qərargah rəisi və 1-ci müavin  vəzifəsində olarkən bir dəfə hansısa xidməti məsələ ilə bağlı məni kabinetinə dəvət etdi və nəsə soruşanda mən ona Azərbaycan dilində cavab verdim. Onda Nəcməddin amiranə şəkildə dedi ki, rus dilində danış. Cavabında mən ona söylədim ki, zəhmət çək, sən özün Azərbaycanın dövlət dilini öyrən, niyə öyrənmirsən. O isə hiddətlə rus dilində cavab verdi ki,  “ya nenaviju vas”, mən sizə nifrət edirəm və Azərbaycan dilində də danışmayacağam... Bir sözlə, o prinsipial olaraq dilimizi öyrənmirdi... Amma maraqlıdır ki, bizimkilər bunu bilə-bilə onu Baş Qərargah rəisi kimi strateji bir vəzifədə saxlayırdı və onun üçün ayrıca tərcüməçilər ştatı ayrılmışdı. Görəsən, Rusiyada, ya İranda, yaxud ABŞ-da həmin ölkələrin dövlət dilini bilməyəni belə strateji vəzifəyə qoyarlar?.. Bu adam dəfələrlə olub ki, rus dilini bilməyən zabitimizi hər hansı bir məsələ ilə bağlı haqlı-haqsız danlayırdı, söyürdü. O danışıb qurtarandan sonra həmin zabit həmkarlarından soruşurdu ki, bu, nə dedi...”
 
Sonda mərhum polkovnikin ömür yoluna bir daha qısaca nəzər salaq::
Mehman Əmirxan oğlu Səlimov 1955-ci il avqustun 12-də Gürcüstan SSR-in Dmanisi rayonunun Qızıl-Kilsə kəndində anadan olub.
 
1962-73-ci illərdə Dmanisi 1 saylı rus məktəbində tam orta, 1974-78-ci illərdə isə Donetsk Ali Siyasi Hərbi Məktəbində ali təhsil alıb.
 
1978-ci ildən 1984-cü ilədək Kiyev Hərbi Dairəsinin hərbi hissələrində komandirin siyasi məsələlər üzrə müavini vəzifəsində xidmət etmişdir.
 
1984-cü ildə V.İ.Lenin adına Hərbi-Siyasi Akademiyaya daxil olmuş və 1987-ci ildə akademiyanı bitirmişdir.
 
1987-ci ildən Zaqafqaziya Hərbi Dairəsində Ermənistan SSR-in o vaxtkı Leninakan, indiki Gümrü şəhərində 120-ci tank alay komandirinin siyasi məsələlər üzrə müavini vəzifəsində xidmət etmişdir. 1989-1990-cı illərdə Gəncədə 130-cu tank alayı komandirinin siyasi məsələlər üzrə müavini işləyib. 1990-1991-ci illərdə Zaqafqaziya Hərbi Dairəsinin Bakıdakı 295-ci motoatıcı diviziyası komandirinin müavini-siyasi şöbənin rəisi vəzifəsində çalışmışdır.
 
1991-ci ilin yayından başlayaraq gizli və açıq şəkildə Azərbaycanda Milli Ordu quruculuğuna, Müdafiə Nazirliyi strukturunun formalaşmasına dəstək verməyə başlayıb.
 
Mehman Səlimov 1992-ci ildə artıq Rusiyanın Zaqafqaziya Hərbi Dairəsindəki xidmətindən ayrılıb Azərbaycan Silahlı Qüvvələrinə könüllü daxil olmuşdur. 1992-ci ilin 26 yanvarından sentyabr ayına qədər müdafiə nazirinin köməkçisi - Şəxsi Heyətlə İş İdarəsinin rəisi vəzifəsində xidmət etmişdir. 15 sentyabr 1992-ci ildən 1993-cü ilin mart ayına qədər döyüş zonasına ezam olmuş və hərbi hissəyə komandanlıq edərək Ağdərə-Ağdam istiqamətində döyüş əməliyyatlarına rəhbərlik etmişdir. 1993-cü ilin mart ayından 1993-cü ilin noyabr ayına qədər Azərbaycan Prezident Aparatında hərbi quruculuq məsələləri üzrə şöbə müdirinin müavini vəzifəsində işləmişdir. 1994-cü ilin yanvar ayından 172 saylı hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini vəzifəsinə təyin olunmuş, Füzuli-Kəlbəcər rayonları uğrunda döyüşlərdə iştirak etmişdir.
 
1995-ci ildə 22 martdan 26 aprelə qədər MN-in Şəxsi Heyətlə İş İdarəsinin rəis müavini olmuşdur. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə 1995-ci il iyun ayında Müdafiə nazirinin müavini, Hərbi-siyasi İdarəsinin rəisi təyin edilmişdir. 1999-cu ilin iyul ayında həmin vəzifənin ixtisarı ilə əlaqədar Azərbaycan Ordusundan tərxis olunmuşdur...
 
1994-cü ildə Azərbaycan Respublikasının 3-cü Prezidenti Heydər Əliyevin fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
 
Mehman müəllim əsil hərbçi xarakterli, mərd, səmimi, təvazökar, bir sözlə gözəl insan idi... Torpaqlarımızın işğaldan azad edilməsi onu çox sevindirirdi... Xidmətdə, müharibədə, döyüş əməliyyatlarında, o cümlədən xəbislərin şərləmələri ucbatından həsdə olduğu olduğu müddətdə çəkdiyi çətinlik, əzab-əziyyət və məhrumiyyətlər sağlamlığını sarsıtmışdı...  Bir neçə gün xəstə yatdıqdan sonra dekabrın 18-dən 19-da keçən gecə vəziyyəti ağırlaşıb və... səhər saatlarında haqq dünyasına qovuşub... 
Allah rəhmət eləsin!.. Ruhu şad olsun!..
 
Sultan Laçın
 
 
Link kopyalandı!
Son xəbərlər