"İnsanlara nifrət edən, istənilən qaydalara həqarətlə yanaşanların taleyi həmişə belə olur..."
Ukraynanın Kursk vilayətində əməliyyatları sırf təhlükəsizlik, sərhədlərimizin rusiyalı hərbçilərdən azad edilməsi məsələsidir.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski avqustun 12-də axşam videomüraciətində bəyan edib. Məlumatı "gordonua.com" nəşri yayıb.
O, məlumat verib ki, Ukrayna Kursk vilayətinin 1000 kvadrat kilometrinə nəzarət edir, məhz buradan Rusiya Sumı vilayətimizi atəşlərə məruz qoyub.
Zelenski deyib ki, Ali Baş Komandanın yanında keçirilən müşavirədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırskinin "cəbhə və bütün əsas müdafiə istiqamətləri üzrə" məruzəsi dinlənilib.
"Həmçinin Kursk vilayəti üzrə general Sırski vilayətin 1000 kv. km ərazisinə nəzarət edildiyi barədə məruzə edib. Bu, o cümlədən Rusiya ordusunun bizim Sumı vilayətimizin ərazisini atəşlərə məruz qoyduğu rayonlardır. Ona görə də bizim əməliyyarlarımız Ukrayna üçün sırf təhlükəsizlik və sərhədlərimizin rusiyalı hərbçilərdən azad edilməsi məsələsidir", - Zelenski vurğulayıb.
O, həmçinin Ukrayna üçün mübadilə fondunu dolduran hərbçilərə minnətdarlığını bildirib. Prezident mübadilə ilə məşğul olan qurumlara (BKİ, UTŞ və DİN) ukraynalıların Rusiya əsirliyindən geri qaytarılmasının dəqiq strategiyasını təqdim etməyi tapşırıb.
"Biz prezident Vladimir Putinin zamanında Rusiyanın necə hərəkət etdiyini görürük. 24 il öncə "Kursk" fəlakəti baş verib, bu, onun hakimiyyətinin rəmzi başlanğıcı olub, bu gün onun üçün sonluğun necə olacağını görürük, bu, yenə də Kursk olacaq, onun müharibəsinin fəlakəti olacaq", - Zelenski qeyd edib.
"İnsanlara nifrət edən, istənilən qaydalara həqarətlə yanaşanların taleyi həmişə belə olur. Rusiya başqalarına savaş gətirib, indi bu savaş öz evinə dönür. Ukrayna həmişə yalnız sülh istəyib və biz sülhü mütləq təmin edəcəyik", - o, vurğulayıb.
Bu arada isə Ukrayna Silahll Qüvvələri Strateji Kommunikasiyalar İdarəsinin məlumatında deyilir ki, Ukraynanın bir həftə ərzində təcavüzkar ölkənin Kursk vilayətinin nəzarətə götürdüyü ərazisi Rusiyanın 2024-cü il ərzində işğal etdiyi əraziyə bərabərdir.
Bu, 238 Suca şəhərinin və ya Donetsk vilayətinin işğal edilmiş 20 Baxmut şəhərinin ərazisinə bərabərdir.