"İsrail HƏMAS-la Qəzzada atəşkəs sazişinə nail olarsa, o zaman İran İsraildən qisasının miqyası və müddətlərinə yenidən baxa bilər..."
"Netanyahu saziş bağlamağa hazır olsa da, koalisiyada ifrat sağçı tərəfdaşları bunu təslimçilik adlandırır..."
Son günlər Misir və Qətər vasitəçiləri HƏMAS rəhbəri Yəhya Sinvarın İsrail ilə Qəzzada atəşkəslə bağlı saziş bağlamaq istədiyi barədə məlumat yayıb.
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı İsrail mənbəsinə istinadən məlumat verib.
Belə saziş girovların azad edilməsinə yol açar, bundan başqa, regionda tammiqyaslı müharibə riskini azalda bilər.
Binyamin Netanyahunun müttəfiqləri jurnalistlərə və hökumət məmurlarına məlumat verib ki, baş nazir hakim koalisiya üçün nəticələrindən asılı olmayaraq sövdələşmə bağlamağa hazırdır, məlumatda deyilir.
Lakin İsrailin güc strukturları əvvəlkitək Netanyahunun sövdələşməyə hazır olmasına onun koalisiyasında ifrat sağçı nazirlər tərəfindən şiddətli müqaviməti nəzərə almaqla çox skeptik yanaşır.
"Bibinin (Netanyahunun ayamasıdır-red.) nə istədiyini heç kim bilmir", - israilli mənbə CNN-ə deyib.
Eyni zamanda, ABŞ baş nazir Netanyahunun HƏMAS-la sövdələşməyə razı olması üçün İsrailə böyük təzyiq göstərir.
Mənbənin sözlərinə görə, amerikalı məmurlar öz israilli həmkarlarına aydın şəkildə anladıb ki, onların fikrincə, hazırda tammiqyaslı regional müharibədən yan keçmək üçün sazişə nail olmağın zamanıdır.
Bu, ötən həftə girovlar və itkin düşənlərin ailələrinin Forumunda da tələb edilib.
"Saziş bağlanılması bütün girovların evlərinə dönməsi üçün yeganə yoldur. Zaman keçir. Saziş elə indi imzalanmalıdır!" - Forumda bəyan edilib.
Eyni zamanda, ifrat sağçı tərəfdaşları Netanyahunu İsrailin HƏMAS-la saziş bağlayacağı təqdirdə koalisiyadan çıxmaqla təhdid edir.
İsrail maliyyə naziri Betsalel Smotriç cümə günü atəşkəs haqqında təklif edilən sazişi "təslim olmaq sazişi" adlandırıb.
O, özünün "X" sosial şəbəkəsində yazıb: "Mən baş naziri bu tələyə düşməməyə və onun bu yaxınlaradək müəyyən etdiyi və həm də problematik olan qırmızı xətlərdən hətta azacıq da olsa geri çəkilməməyə çağırıram".
Ağ Evin milli təhlükəsizlik üzrə nümayəndəsi Con Kirbi Smotriçin şərhini pisləyib və bəyan edib ki, "onun dəlilləri tamamilə yanlışdır".
Lakin Netanyahynun siyasi gələcəyi bir çox cəhətdən onun koalisiya üzrə tərəfdaşlarından asılıdır, bəziləri onun sazişə razı olacağı təqdirdə hölkuməti tərk edib koalisiyanı dağıdacaqları ilə təhdid edib.
Bu addımı hazırda Knessetin yay tətilinə çıxması ləngidə və çətinləşdirə bilər. İsrail mənbələri CNN-ə məlumat verib ki, sövdələşmənin baş tutacağı halda Netanyahu növbədənkənar seçkilərin keçirilməsini elan edə bilər, bu halda o, seçkilərin keçirilməsi müddətlərinə nəzarət edə biləcək.
Vasitəçilər avqustun 15-də Qahirə və ya Dohada İsrail və HƏMAS-ın danışıqlar qrupları ilə görüşmək niyyətindədir. Lakin ilkin danışıqlar artıq aparılır, texniki nümayəndə heyətləri görüşdən öncə bütün sutkanı əsas detallar üzərində işləyir, israilli mənbə məlumat verib.
Danışıqlar Yaxın Şərqdə son dərəcə gərgin dövrə təsadüf edir. Beyrutda Fuad Şükürün və Tehranda İsmayıl Haniyənin qətllərindən sonra "Hizbullah" və İran İsraili cavab zərbəsi ilə təhdid edir, bu da daha miqyaslı münaqişəyə səbəb ola bilər.
Əgər İsrail HƏMAS-la Qəzzada atəşkəs sazişinə nail olarsa, o zaman İranın İsraildən qisasının miqyası və müddətlərinə yenidən baxa biləcəyinin əlamətləri var, CNN məlumat verir.