“Ermənistanla hərbi əməkdaşlıq edən ölkələrlə normal münasibətlər qurmağa çalışmalıyıq ki...”
Ekskluziv
1902
10 Aug 2024 | 15:01

“Ermənistanla hərbi əməkdaşlıq edən ölkələrlə normal münasibətlər qurmağa çalışmalıyıq ki...”

“ABŞ-nin Ermənistanla tərəfdaşlığını Amerika silahlarının bizə qarşı tuşlanması kimi yozmaq doğru deyil...”
 
“İctimai rəydə belə bir yanlış stereotip formalaşıb; Qərb pisdirsə, demək, Rusiya yaxşıdır, Rusiya pisdirsə, demək, Qərb yaxşıdır...”
 
“Unutmaq olmaz ki, ABŞ-nin Azərbaycanla da hərbi əməkdaşlığı olub və onun həcmi yüz milyonlarla dollarla ölçülürdü. Məgər onda Ermənistan deyirdi ki, Amerikanın silahları bizə tuşlanıb? Xeyr...”
 
Görəsən, son vaxtlar yayılan məlumatlar nə dərəcədə doğrudur:  “Rusiya sərhədçiləri Ermənistandan çıxan kimi silah-sursat dolu ABŞ təyyarələri İrəvana enib, Amerika ordusu artıq Zəngəzura girib, Amerika silahları Azərbaycana doğru tuşlanıb” və s... Bütün bunların ölkəmiz üçün hansısa gerçək təhlükəsi varmı?..
Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bunları söyləyib:
 
“Bu məsələyə iki tərəfdən baxış var. Bir tərəfdən, əlbəttə ki, sülh müqaviləsinin gecikməsi onun müxtəlif bəhanələrlə uzadılması Ermənistana imkan yaratdı ki, o, silahlanmaq, ordusunu bərpa etmək üçün şans əldə etsin. Və nəticədə bunu etdi. Gördüyümüz kimi, buna davam edir də... Digər tərəfdən, Ermənistana dəstək olmaqda, Ermənistan  ordusunu silahlandırmaqda iştirak edən ölkələrin, məsələn, Fransanın, Hindistanın, ABŞ-nin, elə İranın özünün də bu məsələdə, şübhəsiz ki, regional və qlobal maraqları var.  Yəni əvvəllərdə qeyd etdiyim kimi, 2020-ci ilin 44 günlük savaşı zamanı biz gördük ki, dünyanın əsas həlledici gücləri, istər Rusiya olsun, istər ABŞ, Böyük Britaniya Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə kifayət qədər loyal yanaşdılar.  Buna səbəb nə idi? Çünki hər kəs burada öz maraqlarını güdürdü; Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək, bununla da Cənubi Qafqazda paritet bərpa olunacaq, ərazi bütövlüyü və ərazi iddialarıyla bağlı mübahisələr gündəmdən çıxacaq və böyük güclər öz planlarını həyata keçirəcəklər.  Dediyim kimi, bu məsələdə də bütün tərəflər maraqlı idi. Biz nə ABŞ, nə Böyük Britaniya, nə Rusiya, nə də digər dövlətlər tərəfindən Azərbaycana qarşı sərt mövqe görmədik. Sözdə müəyyən tənqidlər, çağırışlar olsa da, amma hansısa real addımlar atılmadı. Əlbəttə, müəyyən qədər Fransanın mövqeyində neqativ yanaşma var idi, hələ o zaman... Lakin müharibənin son günü Rusiya qoşununun Azərbaycan ərazisinə daxil olması bu planları dəyişdirdi. Zaman keçdikcə Rusiyaya rəqib olan güclər, - və unutmayaq ki, onların Kremllə  münasibətləri Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra kəskinləşdi, açıq müstəviyə keçdi və dünyada qütbləşmə baş verdi. Bu minvalla Qərbdəki böyük güclər Azərbaycandan əllərini üzdülər və yeni partnyor axtarışına başladılar. Və Gürcüstan hakimiyyətinin də Rusiyaya yaxınlığını nəzərə alaraq öz siyasətlərini Ermənistana dəstək verməyə, onu Avroatlantik məkana inteqrasiya etməyə yönəltdilər. Ermənistanın silahlandırılmasının başlıca səbəbi budur, bu ölkəni Azərbaycana qarşı qoymaq deyil.  Ermənistan sadəcə bir vasitədir. Yəni öncə dediyim kimi, Azərbaycandan tərəfdaş, vasitə kimi istifadə etməyə çalışırdılar, indi isə Ermənistandan tərəfdaş, vasitə kimi istifadə edirlər. Bunu Azərbaycan auditoriyasına Azərbaycana qarşı silah tuşlamaq, silah yönəltmək və ya ölkəmizə qarşı fəaliyyət həyata keçirmək kimi qiymətləndirmək yanlışdır. Azərbaycan mediasındakı bu tendensiyalar, təəssüf ki, daha çox təbliğat xarakteri daşıyır. Və Rusiya ilə Azərbaycanın yaxınlığına bəraət qazandırmağa yönəlib. Çünki ictimai rəydə belə bir yanlış stereotip formalaşıb; Qərb pisdirsə, demək, Rusiya yaxşıdır, Rusiya pisdirsə, demək, Qərb yaxşıdır. Və bu, şüurlu şəkildə aparılan təbliğatdır.  Bu, Rusiyanın təsiri altında Azərbaycanda xeyli müddətdir aparılır. Əlbəttə, nə qədər ki, sülh müqaviləsi imzalanmayıbdır, Ermənistanın silahlandırılması müəyyən mənada Azərbaycan üçün təhdiddir... 
 
Amma son vaxtlar biz sülh müqaviləsinin imzalanmasına doğru müəyyən pozitiv addımlar atıldığını da görürük.  Məsələn,  Azərbaycan dövlət başçısının xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirdi ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsində artıq kommunikasiyalar məsələsi nəzərdə tutulmur. Yəni indiyədək biz tərəfdən Zəngəzur dəhlizinin hərbi güc yoluyla açılması, 10 noyabr sazişinə görə Rusiya “FSB”-sinin həmin yola mütləq nəzarət etməsi və s. kimi bəyanatlar vermək mövzusu bitdi. Artıq rəsmi səviyyədə etiraf olundu ki, heç, sülh müqaviləsinin yeni redaksiyasında da Zəngəzur dəhlizi məsələsi yoxdur. Düşünürəm ki, vəziyyəti bu həddə çatdırmaq lazım deyildi və vəziyyətin bu həddə çatdırılmasının əsas səbəblərindən biri sülh müqaviləsinin imzalanmasının uzun müddət müxtəlif bəhanələrlə gecikdirilməsidir. Təbii ki, indi Ermənistan tamamilə başqa dillə danışacaq, çünki onun arxasında ABŞ, Fransa, NATO, Avropa Birliyi və s. dayanır. Etiraf etmək lazımdır ki, bu gün Ermənistanın tərəfdaşı daha çoxdur, nəinki Azərbaycanın. Vəziyyətin bu həddə çatmasında da günahlar, yanlışlıqlar yetərincədir. Bu minvalla Rusiyanın tələbləri çərçivəsində siyasət yürütmək cəhdi uğursuzluğa düçar oldu. Və dediyim kimi, bunun da artıq rəsmi etirafı var... Halbuki,  vaxtında Ermənistan “sülh müqaviləsini imzalamağa hazırıq” deyə bəyanat verəndə Azərbaycan bu sözdən tutub həmin müqavilənin imzalanmasına getməliydi. Amma çox təəssüf ki, Azərbaycan Ermənistanın üzərinə getdi, rəsmi Bakı müxtəlif sərt bəyanatlar  verdi, tələbləri artdı, Ermənistana tamamilə kapitulyasiya etmiş bir dövlət kimi yanaşma ortalığa qoyuldu və bu, yanlış idi. Mən o zaman da demişdim ki, bu düzgün deyil. Çünki bununla Ermənistana şans, imkan, zaman verildi ki, o, dediyim kimi, öz xarici siyasətini dəyişsin, yeni tərəfdaşlar əldə etsin. İndi bunu arxa plana keçirmək üçün belə təbliğata güc verilibdir ki, ay ABŞ Ermənistana silah verdi, Amerika silahları bizə tuşlanıb... Unutmaq olmaz ki, ABŞ-nin Azərbaycanla da hərbi əməkdaşlığı olub və onun həcmi yüz milyonlarla dollarla ölçülürdü. Məgər onda Ermənistan deyirdi ki, Amerikanın silahları bizə tuşlanıb? Xeyr. Ermənilər o mövzuda daha ağıllı təbliğat aparırdılar. Bizdə isə bu təbliğat ona yönəlibdir ki, sülh müqaviləsinin imzalanmasının uzanmasının bugünkü mərhələyə, bügünkü nəticələrə gətirib çıxarmasının səbəbləri arxa plana keçirilsin. Əsas səbəbi isə dedim...  
 
Qaldı Ermənistana silahların gətirilməsi, onların Azərbaycana tuşlanması – dediyim kimi, bunlar hamısı təbliğatdır. Bəli, Ermənistanla ABŞ arasında müəyyən hərbi əməkdaşlıq var və birgə hərbi təlimlər də keçirilir.  ABŞ-nin İrəvandakı səfiri də bu haqda məlumat verdi və dedi ki, təlim üçün gələn bütün qoşunlar çıxıbdır. Zəngəzurda Amerika hərbçiləri varmı? Mümkündür ki, orada müəyyən sayda hərbi məsləhətçilər, mütəxəssislər olsun. Amma söhbət axı qoşundan getmir. Qoşun tamam başqa bir şeydir. İkinci bir tərəfdən, əgər təlimlər üçün hansısa sayda ABŞ hərbçiləri gəlibsə, onlar Ermənistanda niyə qalmalıdırlar ki? Onların öz funksiyaları və dislokasiya yerləri var... 
 
Ermənistanda ABŞ-nin dünyada ikinci böyük səfirliyi yerləşir. Birincisi, səhv etmirəmsə, İraq paytaxtı Bağdaddadır.  Və İrəvandakı səfirliyin mühafizəsində 400-dən 600-dək Amerika dəniz piyadası iştirak edir. Elə bunun özü kifayət qədər ciddi bir gücdür. Lazım olarsa, o dəniz piyadalarını bir saat ərzində həmin Zəngəzur dəhlizinə atarlar... 
 
Bir sözlə, əgər Ermənistan müxtəlif ölkələrdən silah-sursat, texnika alırsa, bu, bizə əsas vermir ki, biz həmin ölkələrə diş qıcıyaq və onları öz düşmənimizə çevirək. O ölkələrin bizə qarşı qəzəbini artıraq. Bu, çox yanlış yanaşmadır. Həmin məntiqlə onda Ermənistan da Azərbaycana silah verən ölkələrlə düşmənçilik etməlidir. Lakin Ermənistan bunu etmir. Eləyib nə edəsidir? Və guya biz bunu etməklə nə əldə edəsiyik? Əksinə, həmin ölkələri daha da özümüzlə üzbəüz qoyacağıq. Ona görə də mən bunu ziyanlı bir təbliğat hesab edirəm. Və hesab edirəm ki, əksinə, onların Ermənistana təsirini zəiflədək. Digər tərəfdən isə Azərbaycan mövcud reallığa uyğun öz hərbi doktrinasını qurmalıdır. Ancaq bütün bunlardan əvvəl ilk növbədə Ermənistanla sülh sazişinin imzalanması sürətləndirilməlidir. Bu müqavilə imzalanandan sonra  isə kimin  hansı orduya, hansı silaha malik olması elə də həlledici məsələ olmayacaqdır. Mən belə düşünürəm. Orada ABŞ hərbçiləri var, yoxsa yoxdu, Fransanın, yaxud başqa ölkənin silahları var - bunlar hamısı ikinci dərəcəli məsələlərdir...”
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər