Ekskluziv
1587
09 Aug 2024 | 17:33

"İran İsrailə hücum edəcəyi təqdirdə ciddi nəticələrlə üz-üzə qalacaq" - Ağ Evin nümayəndəsi

 
"İranın İsrailə hücumu Qəzza bölgəsində atəşkəs barədə danışıqları təhlükə altına atacaq və İran iqtisadiyyatına ciddi təsir göstərən nəticələrə səbəb olacaq..."
 
İran İsrailə hücum etməyə qərar verərsə, onu ciddi nəticələr gözləyəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi jurnalistlər üçün xüsusi onlayn-brifinqdə bəyan edib. Məlumatı "cursorinfo.co.il" nəşri yayıb.
 
Onun sözlərinə görə, Birləşmiş Ştatlar Tehran tərəfindən yəhudi dövlətinə qarşı istənilən hərəkətlərə hazırdır, İranın mümkün təcavüzü isə hər şeydən öncə Qəzza bölgəsində atəşkəs haqqında danışıqları təhlükə altına atacaq və İranın iqtisadiyyatına ciddi təsir edəcək nəticələrə gətirib çıxaracaq.
 
"Əgər onlar Yaxın Şərqdə digər qruplaşmalarla əlaqəli şəkildə İsrailə miqyaslı hücum etməklə böyük müharibəyə başlayarsa, bu, heç şübhəsiz, Qəzza bölgəsində atəşkəsə olan istənilən ümidi əhəmiyyətli dərəcədə sarsıdacaq, çünki bizim diqqətimiz başqa tərəfə yönələcək", - o, bəyan edib.
 
Amerika administrasiyasının nümayəndəsi əmin edib ki, Qətər şeyxi, Misir prezidenti və ABŞ prezidentinin bölgədə atəşkəs haqqında danışıqların avqustun 15-də bərpa edilməsinə birgə çağırışı İranın hücum təhlükəsi və bütövlükdə regionda vəziyyətlə "heç bir əlaqəsi yoxdur".
 
O, xəbərdarlıq edib ki, danışıqların bərpası o demək deyil ki, İsrail ilə Fələstinin radikal HƏMAS hərəkatı arasında sazişə dərhal nail olunacaq.
 
"Hələ görüləsi işlər çoxdur", - məmur vurğulayıb və danışıqların səmərəli olacağına ümid etdiyini ifadə edib. 
 
Ağ Ev nümayəndəsi həmçinin qeyd edib ki, Tehranın hücum etmək üçün heç bir legitim əsasları yoxdur.
 
"İranın İsrailə hələ də təhdid etməkdə davam etdiyi hərbi hücum etməsinin qətiyyən heç bir qanuni əsasları yoxdur. Kimsə İranın İsrailə hərbi hücum etməyə haqqı olduğunu düşünə bilər, amma biz bu məntiqi tamamilə rədd edirik. Bilin ki, biz istənilən gözlənilməz şəraitə hazır olacağıq", - spiker deyib.
 
O, xatırladıb ki, ABŞ İsrailə mümkün zərbə ilə bağlı Yaxın Şərqdə hərbi mövcudluğunu xeyli artırıb.
 
"Biz regiona çox böyük sayda hərbi qüvvələr, o cümlədən F-22 təyyarələri göndərmişik. Ona görə də  biz istənilən gözlənilməz şəraitə hazır olacağıq".
 
Nəhayət, Ağ Ev nümayəndəsi birbaşa bəyan edib ki, Vaşinqtonun fikrincə, İsrailə zərbə İran üçün ciddi nəticələr törədəcək.
 
"Düşünürəm ki, belə birbaşa hücumun nəticələri o cümlədən İran, onun iqtisadiyyatı üçün ciddi ola bilər", - o, qeyd edib və əlavə edib ki, ABŞ İranı təcavüzdən çəkindirmək üçün mümkün olan hər şeyi edir.
Link kopyalandı!
Son xəbərlər