"ABŞ və Ukrayna arasında artıq tarixi dəyişikliklər baş verib, biz güclü müttəfiq və tərəfdaşıq..."
ABŞ-da seçkilər Amerika xalqının işidir. Lakin Ukrayna üçün hər iki ştatın, prezidentliyə hər iki namizədin və onların ətrafında olan insanların Ukraynada nə baş verdiyini dəqiq anlaması çox vacibdir.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Ofisinin rəhbəri Andrey Yermak "Yevropeyskaya pravda" nəşrinə müsahibəsində deyib.
O, qeyd edib ki, "hər iki namizədin Ukraynanın qələbəsi planı və məhz qələbə strategiyasının olması" çox vacibdir.
Yermak prezident Zelenskinin Trampla söhbəti zamanı onun Rusiya diktatoru Putinə güzəştə getməyə hazır olması barədə bəyanatlara fikir verməməyi məsləhət gördüyünü təsdiq edib.
"Bəli, o, bunu deyib, bu barədə feyk-xəbərlərə əhəmiyyət verməməyi məsləhət görüb. Deyib ki, bu müharibənin nə demək olduğunu yaxşı anlayır, Amerika Ukraynaya dəstək verib və dəstək verəcək. Və bu, çox vacibdir", - o, əlavə edib.
Eyni zamanda Yermak qeyd edib ki, Tramp Ukraynanı ziyarət etməyə dəvət edilsə də, seçki kampaniyası zamanı belə səfər "çox çətindir".
Lakin onun qalib gələcəyi təqdirdə hələ andiçmədən öncə Ukraynaya gəlişinin mümkün olması barədə suala cavabında Yermak deyib ki, "burada daha çox şans var".
"Bu, qalib gələcək istənilən namizədə aiddir. Mənə elə gəlir ki, bunun üçün dəlillər də var, çünki Ukraynaya dəstək son illərdə Amerikanın ən uğurlu investisiyasıdır", - o, deyib.
Vitse-prezidentliyə namizəd Tim Uolza (demokrat Kamala Harrisin namizədi) və Cey Di Vensə (respublikaçı Donald Trampın namizədi) gəldikdə, Ukrayna anlayır ki, "bunlar müxtəlif adamlardır, lakin biz işləməli və bu mövqeni dəyişməliyik".
"Mənim mediada son günlər gördüklərim onu sübut edir ki, hətta Cey Di Vensin də ritorikası dəyişir. Mən, düzünü desəm, nə zamansa Birləşmiş Ştatlarda Rusiyanın nə demək olduğunu anlamayan, ideoloji səviyyədə Ukraynaya dəstək vermək ovqatında olmayan prezidentin olacağına inanmıram.
Hazırda ABŞ və Ukrayna arasında artıq tarixi dəyişikliklər baş verib. Biz tərəfdaş olmuşuq, həqiqətən də bizim güclü müttəfiqlik münasibətlərimiz var. Mən Birləşmiş Ştatların növbəti prezidentinin başqa ovqatda olacağına inanmıram", - Andrey Yermak deyib.
ABŞ-da seçkilər və Ukrayna
Demokratlar Partiyasından Kamala Harrisin seçdiyi vitse-prezidentliyə namizəd Tim Uolz Rusiyanın tammiqyaslı hərbi müdaxiləsinin ilk günlərindən Ukraynaya dəstək verib.
O, Ukrayna ilə bağlı görüşlər keçirib, 2024-cü ildə Ukraynanın Vaşinqtondakı səfirliyini ziyarət edib, səfir Oksana Markarova ilə görüşüb, Minnesota ştatı ilə Çerniqov vilayəti arasında aqrar sahədə əməkdaşlıq üzrə qarşılıqlı anlaşma haqqında sənəd imzalayıb.
Öz növbəsində Respublikaçılar Partiyasından vitse-prezidetliyə namizəd Cey Di Vens Ukraynaya yardımın əleyhinə çıxıb. O, deyib ki, Birləşmiş Ştatlar Ukraynanın qələbəsi üçün zəruri olan silahları kifayət qədər istehsal etmək qabiliyyəti yoxdur.
Bundan öncə "Time" nəşri Zelenskinin seçkilərdə qalib gələcəyi təqdirdə Kamala Harrislə mümkün alyansından nə gözləməli olduğunu təhlil edib. Qeyd edilib ki, onların münasibətləri "heç vaxt xüsusi istiliyi ilə fərqlənməyib".