Ukraynanın Kursk uğuru müvəqqətidir, əbədi olan isə bir həqiqət var...
Ekskluziv
1777
09 Aug 2024 | 09:05

Ukraynanın Kursk uğuru müvəqqətidir, əbədi olan isə bir həqiqət var...

Heç kim toxunulmaz deyil, hətta Rusiya belə!

Ukrayna ordusunun Rusiyanın Kursk vilayətinə hücum edərək bir neçə yaşayış məntəqəsini nəzarətə götürməsi son günlərin ən maraqlı hərbi olaylarından biri kimi dəyərləndirilir.

 

Doğrudan da, Rusiyanın  Ukraynanın dərinliklərinə doğru yavaş, fəqət əmin addımlarla irəlilədiyi bir zamanda Ukraynanın Rusiya ərazisinə hücum etməsi, bu hücumu uğurla nəticələndirməsi olduqca ciddi hadisədir. Bu, Ukrayanının hərbi əməliyyatları həm də Rusiya ərazisinə keçirmək, Kremlin diqqətini özünümüdafiəyə yönəltmək niyyətindən xəbər verir.

 

Şübhəsiz, Rusiya ən qısa zamanda Kursk istiqamətində əks-hücum təşkil etməklə Ukrayna ordusunu bu ərazidən çıxaracaq, öz sərhədlərinin toxunulmazlığını təmin edəcək. Rusiyanın nəhəng insan resursu və hərb maşını buna imkan verir.

 

Onu da  unutmaq olmaz ki, Ukrayna ordusunun Kurskdan çıxarılması Rusiya üçün şərəf və özünütəsdiq məsələsidir və Moskva bu məqsəd uğrunda istənilən qədər itki verməyə hazırdır. Ukrayna ordusunun Kursk istiqamətindəki uğurlu həmlələri müvəqqətidir və bu, müharibənin gedişatına heç bir təsir göstərməyəcək.

 

Lakin Ukrayna ordusunun Kurska hücumu mühüm bir həqiqəti bir daha təsdiqləmiş oldu. Bu hücum göstərdi ki, hərbi gücündən, iqtsiadi qüdrətindən asılı olmayaraq, heç bir dövlət toxunulmaz deyil, hətta Rusiya belə!

 

Odur ki, ən güclü dövlətlərin belə qonşu ölkələrə hörmət və ehtiramla davranması, işğal və ilhaq siyasətindən imtina etməsi hər şeydən öncə onların öz maraqları baxımından arzuediləndir. Əks təqdirdə, eyniylə Rusiyanın timsalında olduğu kimi – özündən zəif dövlətlərin taxta qapısını döyən hər bir güclü dövlət, bir gün döyülən dəmir qapısının səsinə oyanmalı olacaq!

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər