“Böyük Vətən” müharibəsinə getməkdən imtina edən 18 Azərbaycan gənci orada güllələndi...
Ekskluziv
2644
08 Aug 2024 | 18:29

“Böyük Vətən” müharibəsinə getməkdən imtina edən 18 Azərbaycan gənci orada güllələndi...

“Burnundan qan açılıb ayağıma töküldü və o, huşunu itirdi. Bir qədərdən sonra özünə gələn Rəhmanova dedim ki, ayaqqabıma tökülən qanı yala.  Yalamadı və dedi: “Mən erməni gülləsi ilə ölərəm, ancaq erməni ayağı yalamaram”.

 

Bu gün bir sıra orta yaşlı və yaşlı nəsil nümayəndələri  SSRİ imperiyasının boyunduruğu altında yaşadığımız dövrü tərifləyir, hətta bəzi telekanallar və nəşrlər insanlarımızda o dövr üçün nostalji, həsrət hissləri yaşatmağa çalışılan verilişlər nümayiş etdirir, materillar dərc edir. Təəssüf ki, belə hisslərə qapılan müstəqil(!) Azərbaycan vətəndaşlarının çoxu həmin sovet dönəmində xalqımızın başına gətirilmiş faciələri ya xatırlamır, ya da bilərəkdən gözardı edirlər...
 
Məsələn, hələ də çoxları bilmir ki, sovet dövründə bir müddət Azərbaycanın rəhbəri, eləcə də daxili işlər naziri və s. aparıcı vəzifələrdə daşnak xislətli ermənilər olub və onlar xalqımızın, onun ziyalılarının başına hansı oyunları açıblar, onları necə şərlədib, həbs etditrib güllələdiblər...
 
Sovet dövründə Ermənistanda müxtəlif vəzifələrdə çalışmış, görkəmli ictimai-siyasi xadim Talıb Musayevin(sabiq deputat və ictimai xadim Maksim Musayevin atası) 2008-ci ildə nəşr edilmiş  “Ermənilər və faciələrimiz” kitabının “Azərbaycan Daxili İşlər Nazirliyində çalışan maskalanmış erməni generalları Azərbaycanda yüksək vəzifəli rəhbər işçiləri, məşhur ziyalıları məhv edir, öz qanlı əməllərini Ermənistanda davam etdirirdilər” başlıqlı bölməsində məhz bu mövzudan bəhs edir. Gələcəyimizi Rusiyada görən, qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla birgə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və onun əvəzində ölkəmizi işğal edən bolşevik-kommunistlərin şura hökumətinin qurulması üçün əlindən gələni edən  məşhur Azərbaycan qadın inqilabçısı Ayna Sultanovanın acı sonluğu da bölmənin başlıca və ibrətamiz epizodlarındandır...

Beləliklə, aktuallığını nəzərə alaraq sözügedən materialı dəyərli Moderator.az oxucularının müzakirəsinə buraxırıq:

 
(Əvvəli burada:)
 
Xoren divan tutduğu bir çox azərbaycanlıların adını çəkdi. Ancaq ikisinin adını xüsusilə qeyd etdi. Onlardan biri Əliheydər Qarayev idi. Deyirdi ki, Qarayev çox türkpərəst idi. Müsavatçılara başçılıq edirdi. Erməni uşaqlarını görməyə gözü yox idi. Bunlar barədə  müəyyən qədər material əldə edəndən sonra qərara aldım ki, onu həbs edim. O, Bakıda deyildi, Naxçıvanda idi. Özüm getdim Naxçıvana, elə oradaca həbs etdim və döyə-döyə gətirdim. Bakıda da çox döydürdüm. Yazmış olduğum günahlara imza atmadı, irəli sürülmüş  günahları, cinayətləri boynuna almadı. Başqalarından və döymək nəticəsində onun özündən əldə etdiyim dəlillər barədə Mircəfər Bağırova danışdım. O dedi: “Bu o qədər də  ciddi material deyil.  Ciddi məşğul olun, nəticəsini mənə deyin”. 
 
Getdim, Qarayevi yenə idarəyə çağırdım. Mən dediyim günahları boynuna almadı. Şişləri qızdırtdırıb belini dağladım. Yenə imza atmadı. Bir  yekə dəmir qızdırtdırıb gətirtdim. Şişlər də kürəyində idi. Qıpqırmızı odlu dəmiri ona göstərib soruşdum ki, indi yazdığıma qol çəkirsənmi? Dedi ki, yox. Yekə qızarmış dəmiri ona yaxınlaşanda çığırıb, ağlayıb qol çəkməsi üçün yalvardı: “Amandır, tez gətir”. Şiş kürəyində, dəmir qabağında o, öz ünvanına yazılmış olan günahlara imza qoydu. Səhəri apardım Bağırova göstərdim.  Dedi ki, indi bu əclafa ağır cəza vermək olar...  
Ayna Sultanova da belə yolla həbs edilib güllələndi. Bu müsavat itlərini biz belə tapıb cəzalandırdıq. Yazıçı Müşfiqin də boynuna günahları belə qoydum... Azərbaycanda olan “qaymaq müsavatist” adlandırdığım adamları belə tapıb cəzalandırmışam”, - deyə X.Qriqoryan sözünü yekunlaşdırdı. 
 
Belə söhbətləri Azərbaycanın daxili işlər nazirinin müavini Markaryandan da eşitmişdim. 1942-ci ilin payızında müharibə vaxtı çağırışa gəlməyib gizlənmiş olan adamlardan 18 nəfər 18-35 yaşlı  azərbaycanlı oğlan  günün günorta çağında Basarkeçər rayon mərkəzinin kolxoz bazarında rayonlardan çağırılmış nümayndələrin iştirakıyla qol-qola bağlanıb güllələndi. 20-25 nəfərin də yaxın günlərdə güllələnəcəyi barədə xəbərlər yayılırdı.  Bunu eşidən Azərbaycan hökumət rəhbərləri bu vəhşi aksiyanı dayandırıb, Gədəbəy rayonunda respublika daxili işlər naziri və bir neçə rayon daxili işlər şöbələrinin rəislərinin, həmçinin Ermənistanın Basarkeçər rayonunun 1-ci katibinin və Qarabağlar rayonunun 1-ci katibinin, yəni mənim  iştirakımızla müşavirə keçirdi. Müşavirədə daxili işlər nazirinin müavini Markaryan da iştirak edirdi. Müşavirədən sonra Basarkeçərin raykom katibi Alaxeryan iki respublikanın nazir və nazir müavinlərini qonaq apardı. Alaxeryanla bir yerdə işlədiyimizdən bir-birimizə yaxşı münasibətimiz var idi. Həm də o vaxt mənim işlədiyim Qarabağlar rayonu çox uzaqda idi. Alaxeryan əl çəkmədən məni də qonaq apardı...
 
Qonaqlıqda 15-dən çox yüksək vəzifəli şəxs iştirak edirdi. Söhbət dövrün tələblərinə uyğun hadisə və məsələlərdən gedirdi. Nazir və Azərbaycandan gələn nazir müavini dövrlərə uyğun apardıqları işlərdən, əvvəllər yüksək vəzifə tutub, sonralar bu və ya digər səbəblərdən həmin vəifələrindən çıxarılmalarından söhbət edirdilər. Onu da qeyd edim ki, məclisdə azərbaycanlı bircə mən idim. Azərbaycanın nümayəndəsi olan erməni Markaryanın danışdıqları məni çox maraqlandırırdı. O, 1937-1939-cu illərdə Azərbaycanda bir çox vəzifə, sənət adamlarını həbs edib cəzalandırmasından danışdı:
“O vaxt Azərbaycanda Xalq Komissarları Sovetinin sədri işləyən Hüseyn Rəhmanov ermənilərə dolanmaq üçün şərait yaratmırdı. Qarabağa pul, taxıl, sənaye mallarıyla nisbətən az kömək edirdi. Bunlar barədə erməni yoldaşlar mənə danışırdı. Əldə etdiyim bu və ya bu kimi materiallara əsaslanıb bizdə təsərrüfat müdiri işləyən bir ləzgi balasına tapşırıq verib göndərdim ki, N. Rəhmanovu tut gətir yanıma. Getdi, tutdu, döyə-döyə gətirdi mənim kabinetimə. Mən Rəhmanova bir neçə sual verdim. O, mənim suallarıma uyğun cavab vermədi. Ləzgiyə dedim ki, onu yıx yerə. O da o saat Rəhmanovu yıxdı yerə və yaxşıca döyüb əzişdirdi. Mən də başına bir-iki təpik vurdum. Burnundan qan açılıb ayağıma töküldü və o, huşunu itirdi. Bir qədərdən sonra özünə gələn Rəhmanova dedim ki, ayaqqabıma tökülən qanı yala.  Yalamadı və dedi: “Mən erməni gülləsi ilə ölərəm, ancaq erməni ayağı yalamaram”. Onu çox döyüb əzdikdən sonra barəsində tərtib olunmuş işi üçlüyə təqdim etdim. Onlar da Rəhmanova ölüm cəzası verməyi qərara aldılar. Amma qoymadım ki, onu rus və ya azərbaycanlı əsgər güllələsin, öz tapanşamla özüm güllələdim. Və Rəhmanova belə dedim: “Yadında saxla öz sözlərini, o dünyaya apar və orada de ki, erməni gülləsi ilə ölüb buraya gəlmişəm”...
 
Markaryan bundan başqa azərbaycanlılar haqda çox nalayiq sözlər də işlətdi... Buna dözə bilməyib pərt halda məni dəvət edən katibdən getməm barədə izn istədim...”
 
(Davamı var)
 
Təqdim etdi: 
 
Sultan Laçın                                                                                                               
 
Link kopyalandı!
Son xəbərlər