Ekskluziv
1654
08 Aug 2024 | 12:17

"Ukraynanın rusiyalı hərbi müxbirə qəddarcasına hücumu sui-qəsd və növbəti terror aktıdır..."

 
Kursk vilayətində rusiyalı hərbi müxbir dron zərbəsi nəticəsində güclü yanıqlar və başından travma alıb,  Moskva BMT-dən münasibət gözləyir
 
Dünən Kursk vilayətindən reportaj yayımlayan kremlyönlü televiziyanın hərbi müxbiri Yevgeni Poddubnı pilotsuz uçuş aparatının partlayışı nəticəsində ağır yaralanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "rbc.ru" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, rusiyalı jurnalistin olduğu avtomobilə zərbə endirilib, lakin dronun avtomobilə çırpıldığı və ya bunun PUA-dan atılan bomba olduğu aydın deyil.
 
Partlayışdan dərhal sonra Rusiyanın bir çox KİV-ləri Poddubnının həlak olduğu barədə məlumat yayıb.
 
Sonradan bəlli olub ki, hərbi müxbir ağır vəziyyətdə vilayət xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra onun huşunun bərpa edildiyi barədə məlumat verilib.
 
Bu gecə kremlyönlü "Komsomolskaya pravda" qəzetinin hərbi müxbiri Aleksandr Kots Telegram-kanalında yazıb ki, Poddubnı sağdır və "zarafat edir".
 
Bununla birlikdə müfəssəl məlumatın və fotoşəkillərin olmadığını nəzərə alaraq, telemüxbirin vəziyyətini təsəlliverici hesab etmək olmaz.
 
Müxtəlif məlumatlara görə, müxbir güclü yanıqlar və başından travma alıb.
 
Ukraynada isə sosial şəbəkələrdə Rusiyanın çəkiliş qrupuna uğurlu zərbə, ümumiyyətlə, son iki sutka ərzində Kursk vilayətində baş verən hadisələr sevinc və nikbinlik yaradıb.
 
Rusiyanın BMT-dəki nümayəndəliyi beynəlxalq birlikdən "Kiyev rejiminin mətbuat nümayəndələrinə qarşı vəhşiliklərini" dərhal və qətiyyətlə pisləməyə çağırış edib.
 
"BMT Ukrayna dronunun Rusiya dövlət televiziyasının hərbi müxbiri Yevgeni Poddubnının yaralanması ilə nəticələnən hücumunu dərhal və qətiyyətlə pisləməlidir", - Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin bəyanatında deyilir.
 
"Biz ümid edirik ki, bu dəfə BMT-nin ixtisaslaşdırılmış orqanları Kiyev rejiminin mətbuat nümayəndələrinə qarşı yeni mümkün vəhşiliklərinin qarşısının alınması üçün lazımi sözlər tapacaq, ən yaxşısı isə tədbirlər görəcək", - məlumatda deyilir.
 
Rusiya nümayəndəliyi Poddubnı ilə bağlı baş verənləri Ukrayna tərəfindən "qəddar hücum", sui-qəsd və növbəti terror aktı adlandırıb.
 
BMT hərbi müxbirin yaralanmasından narahatlıq keçirib və onun tezliklə sağalmasını arzu edib.
Link kopyalandı!
Son xəbərlər